İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

20-04-2016 / 22:11

 Prezident İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. 

Xeberler.az məlumatına görə, fərmanda bildirilir ki, dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar bir sıra mühüm qərarlar qəbul edilib.

Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir.

Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (bundan sonra – Mərkəz) 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir, Mərkəzin icra orqanının funksiyalarını Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir.

Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə - nizamnamənin və maliyyə hesabatlarının təsdiq edilməsi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkil və ləğv edilməsi.

Nazirlər Kabinetinə - təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Mərkəzə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Vergilər Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Xeberler.az

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.