“İşim düz gətirməyəndə oturub kod yazıram”- Müsahibə

08-07-2016 / 11:00

“İKT-də bacarıq görülən işlə isbat olunur”

Xeberler.az olaraq oxucularımızı xarici ölkələrdə  İKT üzrə təhsil alıb, hazırda da fəaliyyətini xaricdə davam etdirən uğurlu gənclərimizlə tanış etməyə davam edirik.

Bu dəfə hazırda İngiltərədə Haybrooke Associates  şirkətində proqramçı vəzifəsində çalışan xanım həmyerlimiz Nərgiz Qasımova ilə  fəaliyyəti barədə ətraflı  söhbət etdik.

Nərgiz Qasımova bakalavr təhsilini Türkiyədə alıb, Azərbaycanda bir müddət  İKT üzrə  tanınmış SİNAM şirkətində çalışıb. Hazırda isə  İngiltərinin Lester şəhərində Haybrooke Associates  şirkətində software developer olaraq çalışır.

Nərgiz Qasımova müsahibəni təqdim edirik:

-Nərgiz xanım, İKT sahəsinə marağınız nə vaxtdan yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər.

-Elə mən də onlardan ilhamlanmışam (gülür).  Atam elektrik-elektronika mühəndisi olmaqla bərabər,  həm də EHM (Elektron Hesablama Maşınları) ilə maraqlanırdı. Uşaqlıqdan evimizdə həmişə kompüterimiz, onlara aid kitab rəfi olduğuna görə mənə yad sahə deyildi. Hələ əlifbanı bilmədən kağızda yazılan kodları klaviaturada yığıb, tetris oyununu işə salırdım. Belə maraq və həvəs nəticəsində məktəb vaxtı artıq HTML, PHP, Pascal-da kiçik proqramlar yazmağı öyrənmişdim. Ona görə ixtisas seçimində tərəddüd etmədən elə İT səhəsini seçdim.

-İKT üzrə təhsilinizi haralarda alıbsınız?

-2006-cı ildə TCS (Türk Cümhuriyyətləri və Akraba Toplulukları Sınavı) xətti ilə Türkiyədə Qazi Universitetinin Kompüter mühəndislik ixtisasına qəbul oldum. Bakalavr təhsilimi Ankarada aldım. Bakı Anadolu Türk Liseyi məzunu olduğuma görə türk dili və Türkiyə haqqında yetərincə məlumatım var idi. Buna baxmayaraq, adətən başqa ölkədə ilk dəfə yaşamağa başlayanlar insanlarda olduğu kimi bir az  culture shok ( mədəniyyət şoku) kimi bir hal yaşadım. Amma başımı dərslər necə qatdısa  bir də baxdım ki, universitet artıq bitib ( gülür).

- Deyirlər ki, İKT üzrə təhsil alan tələbələr ünsiyyətcil olmur. Siz necə? Tələbəlik illərində qrup yoldaşlarınızla münasibət qura bilirdinizmi?

-Mən stereotiplərə qarşıyam, amma bu mövzuda mən də dediyiniz ünsiyyətcil olmayan insanlar sırasındayam ( gülür). Məncə, ünsiyyətcil olmamaq ünsiyyət yaratmağa maneə olmur. Tələbə yoldaşlarımla əsasən dərslərdən, kodlardan danışırdıq. Müəyyən dərslərdə 2-3 nəfərdən ibarət komanda ilə layihə etmək lazım olurdu, dərslərdən kənar “Microsoft İmagine Cup”a  hazırlaşarkən də yenə komanda mühitində layihənin idarə olunması, üzvlərin güclü tərəflərinin ön plana çıxardılaraq birlikdə işləmək sahəsində  təcrübə topladım. İş elə maraqlı idi ki, hər kəs müzakirə ilə öz töhvəsini verməyə çalışırdı. Yəni, iş prosesində ünsiyyətcil olmamağım mənə əngəl yaratmayıb. Proqramlaşdırmanı nə qədər çox sevsəm də,  uzun müddət ondan danışanda sıxılıram (gülür). Sıx ünsiyyətdə olduğum insanlar əsasən qeyri İT sahəsindən-tələbə yataqxanasındakı dostlarım, liseydən tanıdığım uşaqlar idi. Qaldığım Atatürk yataqxanasında kifayət qədər həmyerlimiz, xarici və türk tələbələri var idi. Bundan əlavə , bir çox tələbə kimi mən də universitetdə fəaliyyət göstərən sosial tədbirlərə qoşulurdum. Tennis, üzgüçülük, alpinizm kimi idman növləri ilə maraqlandığım vaxt da yaxşı insanlarla tanış oldum.

- Bu sahədə irəliləməyinizə kimlər sizə dəstək olub?

-Əlbəttə ki, ailəmin dəstəyi mənim üçün çox önəmli olub və bundan sonra da elə  olacaq. Eyni zamanda universitet müəllimlərinin dəstəyi, biliyi, tövsiyələri mənə güclü baza qurmağa yardımçı olub. Daha sonra isə 3 ildən artıq SINAM şirkətində işlədiyim müddətdə GoMap kollektivinin güvəni, həvəsi və iş prinsipi özümü inkişaf etdirməyimə kömək oldu. Qısacası, olduğum hər mühitdə çox sağ olunsunlar ki, bir çox adam dəstək olub.

-Məlumatımıza görə, hazırda İngiltərədə yaşayırsınız, təhsiliniz də orada alıbsınız? Necə oldu ki, İngiltərəyə getmək qərarına gəldiniz?

-Bakalavrdan sonra universitet təhsilinə qayıda bilməmişəm. Bizim sahə elədir ki, işləy- işləyə lazım olduğu qədər oxuyub,  öyrənirik. Britaniyaya ilk olaraq AİESEC xətti ilə 1 illik təcrübə proqramı ilə gəldim. Bakıdakı AİESEC tələbələrə, yeni məzun olanlara Global Talents proqramı çərçivəsində iş bazasına daxil olmaq imkanı verir. Beləcə,  öz CV-nizi AİESEC bazasına yükləyib orda olan işlərə müraciət edə bilərsiniz. Orda bir çox ölkədən şirkətlər var idi. Əsasən Şimali Avropa, Şimali Amerika, Avstraliya və Yaponiya ilə maraqlanırdım. Bakıda işim hər nə qədər maraqlı və perspektivli olsa da, yeni yerlərdə özümü sınamaq istəyirdim. Elə oldu ki, İngiltərənin Haybrooke şirkətindən praktik tapşırıq, texniki müsahibədən keçdikdən sonra Lester şəhərinə gələsi oldum.  Bir illik təcrübə müddəti bitdikdən sonra şirkət işçi vizasına müraciət edib daha uzun müddət işləməyim üçün şərait yaratdı.

-Hazırda hanşı şirkətdə çalışırsınız? Vəzifəniz tam olaraq nədir?

-Lester şəhərində Haybrooke Associates adlanan kiçik şirkətə çalışıram. Bu şirkət  böyük ölçüdə çap işləri görən şirkətlərə B2B (şirkətlər arası marketinq və ya satış tətbiqləri) həllər təklif edir. Mənim vəzifəm software developer  olaraq tələblərə uyğun həllərin düzəldilməsidir.

-Bu sahədə praktik təcrübələri  haralarda toplayıbsınız?

 

-İşlədiyim yerdən asılı olmayaraq praktik təcrübəmi bir çox proqramçı kimi Google və StackOverflow-dan əldə edirəm (gülür).

-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub? 

-Vəzifəm həmişə software developer olub. İlk başlarda junior developer olaraq işə başlamışam. Sonra böyüdüm (gülür).  2 aylıq təcrübə müddətini də  iş olaraq saysaq , onda deyə bilərəm ki,  2009-cu ilin yayında Silverkey Azerbaijanda çalışdım. Əsas işimə isə universiteti bitirdikdən sonra,  2010-cu ildə SİNAM şirkətində başladım.

-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?

-Məni gecələr narahat edən və uzun müddət düşünməyə vadar edən çətinliklər proqram yazanda olan “bug”lar və alqoritmlər olub . Onlar da maşallah karyeranın başında, ortasında hər yerində var  gülür).  Onlardan başqa, ilk aylarda bəlkə özünə inamın az olması olub. Belə bir deyim var idi ki, universitetdə dərslərini yaxşı oxuyanlar real işə gələndə işləyə bilmir və s. Mən də oxuyan uşaq olduğuma görə deyirdim görəsən mən də beləyəm?  Bir iki aya verilən tapşırıqları yerinə yetirdikdən sonra əmin oldum ki, bu, mənə aid olmayan stereotipdir.

-Hansı proqramlaşdırma dilini öyrənibsiniz? 

-Əsas təcrübəm və sertifikatlarım .NET sahəsindədir. Proqramlaşdırma dilləri oxşarlıqlarına görə qruplaşdıqlarına görə bir çox dil mənə yaxın gəlir. Layihədən asılı olaraq Pascal, Verilog, C, C#, Java, Javascript-i  lazım olanda oxuyub öyrənmişəm və hələ də öyrənirəm.

- Xaricdə İT sahəsində işləmək bir xanım üçün çətindir? Ümumiyyətlə, İKT sektorunda qadın olmaq çətindir?

-Günümün əsas hissəsini proqramçı olaraq kompüter arxasında keçirdiyimə görə əsas ünsiyyət obyektim -kompüter mənim xanım olduğuma görə heç bir problem yaratmır (gülür).  Amma kompüterdən ayrılıb, kənara çıxanda  iclaslar, konfranslar, tədbirlərdə bəli,  kişilərin çoxluğu xanımlara biraz diskomfort hissi yaşadır. Proqramçılar əsasən eyni komandada uzun müddət işlədiklərinə görə bu problem də zamanla aradan qalxır. Sözün düzü,  bu məsələdə o qədər də ciddi çətinliklə qarşılaşmamışam.

- Ailəniz, yaxınlarınız xaricdə işləməyinizə necə yanaşır? Sizə görə narahat olurlarımı? Ətraf fikirlər sizin qərarlara,  seçimlərə təsir göstərib, sizi ruhdan sala bilirmi?

-Ailəm Bakıda, xaricdə həmişə mənə dəstək olub, ruhlandırıblar. Yəqin Bakıda tapmadığım imkanların arxasınca xaricə getdiyimə görə onlar da bunu anlayır, mənim üçün yaxşı olanını istəyir. Narahat olmağa gəldikdə isə anam elə dərsdən evə gələndə də narahat olurdu ki, nəsə gec gəldim, yollar bağlı idi və s. Yəqin bu anaların ortaq cəhətidir. Ailəmdən kənar şəxslərin fikirlərinə hörmətlə yanaşsam da, mənə təsiri olmayıb.

- Azərbaycandakı Nərgiz xanım və İngiltərəyə gedəndən sonrakı Nərgiz xanım.  Özünüzdə iş və ümumi dünyaya baxışla bağlı hansı dəyişiklikləri , inkişafı müşahidə edirsiniz?  

-İlk olaraq Britaniya haqqında fikirlərim dəyişdi. Gəlməmişdən əvvəl onları daha milləyyətçi bilirdim. Sonra dövlətin yaratdığı bərabərliyi gördükdə sevindim. Sonra anladım ki, bunların çoxu görünən tərəfdir. Bir çoxu daxildə milliyətçiliyini saxlayır və sonuncu Avropa birliyini tərk etməklə bağlı referendum bir çoxunun daxili mahiyyətini  göstərdi. Eyni zamanda dövlətin tolerantlığı, bərabərliyi dəskətləməsi sevindirici haldır. Özümdə dəyişikliklərə gəldikdə isə bura gəldikdən sonra daha yaxşı yemək bişirməyi öyrəndim (gülür). Burada restoran və  kafelərdə qiymətlər baha, keyfiyyət isə ürəkaçan deyil. Dadlı yeməyi sevən bir çox xarici Britaniyaya gəldikdən sonra özünün yemək bişirməsinin nə qədər vacib olduğunu anlayır (gülür). 

-Ümumiyyətlə,  çalışdığınız İT sahəsində  işçi və rəhbərlik münasibətləri necə -təşkil edilib? İş şəraitindən razısınız?

-Kiçik şirkət olduğuna görə hər birimizin rəhbərliklə birbaşa əlaqəsi var. Narahatlıq, problem yaşadıqda iş ortamını yaxşılaşdırmaq, məhsuldarlığı artırmaq adı ilə rəhbərliyə  bu haqda müraciət etmək  olur. İş prinsipimiz Agile Scrum ilə qurulub və 2 həftəlik dövrlərlə işimizi planlayıb nəticələri dəyərləndiririk. Problemi qeyd etməklə bərabər onun gələcəkdə baş verməməsi üçün tövsiyələrimizi də veririk. Rəhbərlikdə daha effektiv işləmək adına tənqidə hörmətlə yanaşır.

-Həfətinin neçə günü işləyirsiniz? İş saatı neçəyə qədərdir?

-Həftənin 5 günü , saat 10:00-dan 16:00-a ( 8 saat)  qədər işləyirəm. 

-Azərbaycanla bağlı İT üzrə də fəaliyyətləriniz olurmu?

-İşim tam iş günü olduğuna görə əlavə iş götürmürəm. Boş zamanlarımda dostlarımınla birlikdə həmtəsisçi kimi müəyyən layihələrlə müəyyən ideyaları test edirik. Uzun müddət  Fərahim Əlilli ilə  Iwanna layihəsi üzərində   çalışdıq. O, Amerikaya köçəndə daha da ilhamlanmışdıq. Sonra məhsulu tutdura bilmədik, həvəsimizi də itirdik. Hazırda YolYoldaşı  layihəsinin texniki tərəfini reallaşdırıram. Yenə dostlardan reklam, təkliflər sahəsində fikirlərini test edirik. Bu dəfə xəritə, naviqasiya üzrə ixtisaslaşan GoMap komandası ilə də əməkdaşlıq edirik. YolYoldaşı bir veb həll olsa da,  ümumilikdə məhsul yaratma prosesində Henri Fordun fikrini çox bəyənirəm. O deyirdi ki, əgər siz insanların həyatını yaxşılaşdıran məhsul yaratsanız,  siz necəsə gəlir əldə edə biləcəksiniz. Günümüzdə istifadə etdiyimiz məhsullara baxdıqda çoxu bizim işimizi rahatlaşdırdığı üçün məişətimiz bir parçasına çevrilib və artıq bizim vərdişlərimizlə sıx şəkildə bağlıdır. Bu düşüncə tərzi ilə məhsul yaratmaq mənə daha da zövq verir. Ona görə asudə vaxtımda bu mövzuda araşdırmalar edirəm. Proqramlaşdırma bacağırım ideyaları sınaqdan keçirməyimə kömək edir.

- Əlavə hansısa bacarıqlarınız, yaxud biznesiniz varmı? Bu gün startaplar dünyada trend halına gəlib, sizin də də startap  layihəniz varmı və yaxud da bu istiqamətdə düşünürsünüzmü?

-Mənim üzərində çalışdığım ideyaların heç biri gəlir əldə etmədiyinə görə özümə uğurlu startapçı deyə bilmərəm (gülür).

-Britaniyada  startap sahəsi necə inkişaf edir? Bu inkişafın əsas səbələri  Azərbaycanla müqayisədə nələrdir? 

-Britaniyada alıcı kütləsi pul xərcləyən olduğuna görə servis sahəsində layihələr çətinlik çəkmir. Burada çoxlu servis təqdim edən kiçik bizneslər mövcuddur. Qanunvericiliklə bəzilərinin gəliri az olduğuna görə vergi vermir, bəziləri çox az verir. İngilis dilli olmaları avropa və amerikaya böyüməyə imkan verir. Bizim ölkəmiz də dil və yerləşmə baxımından post sovet məkanını hədəf götürə bilər. Biznes ideyaları test eləmək üçün “startup weekend “ tərzli tədbirlər keçirilir. Mən özüm də Lesterdə təşkil olunan birinə qatılıb Lean metedologiya ilə sürətli məhsul hazırlamasını öyrəndim. Beləcə, çox az vəsait sərf etməməklə kiçik bazarda öz biznes ideyanı test edirsən və məhsulu formalaşdırırsan. Uğurlu bir məhsulla yeni məkanları fəth eləmək daha asan olur.  Bundan başqa universitetlərdə bir çox yerdən gəlmiş ambisiyalı tələbələr maraqlı fikirlər irəli sürür. Elm, texniki problemlərin həllində müxtəlif alqoritmlər üzərində çalışırlar. Həm öz araşdırma diplom işini yazır, həm də startap kimi məhsul yaratmağa çalışırlar.

Bütün bunlarla bərabər Britaniya startaplarının əsas problemi ölkənin bahalı olmasıdır. Kirayə, proqramçı maaşları yüksək olduğuna görə ilk başlarda çox maliyəyə ehtiyac olur. Ona görədə genişlənən britaniya şirkətləri əsasən Şərqi Avropa, Hindistanda outsource ofislər açırlar.

-Ümumiyyətlə, Britaniyada İT ilə bağlı, startapla bağlı tədbirlərdə, konfranslarda tez-tez iştirak edirsinizmi? Diqqətinizi əsasən nələr çəkir?

-Lester şəhərinin öz biznes inkubatorunda demək olar ki, hər həftə kimsə çıxış edir. Orda maraqlı mövzu olanda qatılıram, tədbirdən sonra və əvvəl networking olduğuna görə sən də öz ideyanı səsləndirib başqalarının fikrini ala bilirsən. Çoxlu tədbirə qatılmaq mənim üçün vaxt itkisi olduğuna görə vaxtımı daha çox araşdırma və məhsul yaratmağa ayırmağa çalışıram.

-Britaniyada proqramçıların gəliri necə? Yüksəkdir? Şirkətdə çalışan proqramçılar adətən nə qədər maaş alırlar?  İT sahəsi gəlirli sahədir deyirlər.  Gəlirləriniz sizi qane  edirmi?

-Britaniya yüksək maaşların və bahalı həyatı ilə məşhurdur. Buna görə də normal yaşamaq üçün yaxşı maaş verməli olurlar. Xaricilərə viza almaları üçün minimal maaş olaraq Tier 5 (təcrübə proqramı) üçün illik 18000 funtdur, Tier 2 (işçi vizası) üçün isə 24 min  funt idi. Belə isə yaşadıqları şəhərdən asılı olaraq Londonda proqramçıların maaşları 40-50 min, ətraf şəhərlərdə isə 30-35 min funt arası dəyişir. Böyük şirkətlərə gəldikdə isə 50-60  min funt və  daha çox təklif edənlər də var. Yerli şirkətlər xariciləri daha az maaşa işlədiklərinə görə dəvət edir. Ümimilikdə maaşların çox olması ilə bağlı bir çox şirkət development işini Şərqi Avropa və ya Hindistana outsource edir.

-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?

-İnkişafda qadın və kişilərin rolu eyni dərəcədə əhəmiyyətlidir. Bu fikir Con Greyin “Kişilər marsdan, qadınlar veneradandır” kitabının biznes üçün olan nəşrində nümunələrlə çox gözəl izah olunub. Onun bir çox fikir ilə razı olduğuma görə uğurlu işin təşkil olunmasında kişi və qadınların balansının çox vacibdir. İKT kimi beyin gücünə dayanan bir sahədə qadınların da əməyi inkişafı, rəngarəngliyi artıracağına inanıram.

-Sizə kişilərlə işləmək asandı yoxsa qadınlarla?

-Baxır adamına (gülür).  Xatırlayıram ki, işlədiyim qadın menecer detallara verdiyi önəm, nizam intizama görə seçilirdi. Planlama işində onunla eyni komandada olmaq mənə rahatlıq yaratmışdı. Ancaq işə gəldikdə hər şey plandakı kimi getmədikdə  ortama uyğunlaşmaq lazımdır. Belə hallarda kişilərin daha  ahat uyğunlaşması  iş prosesini sürətləndirir və yüksək nəticə almaqda kömək olur. Ona görə də mən balansın tərəfdarıyam.

-Qadına İKT sahəsində uğur qazanmaq üçün nə lazımdır? 

-İKT sahəsində uğur qazanmaq üçün maraq, həvəs, işlə paralel təhsil önəmlidir. Kişilərdən əlavə olaraq qadınlar   başqalarının qadın proqramçılar haqqında olan stereotiplərə baş qoşmamaq lazımdır. İKT-də bacarıq görülən işlə isbat olunur.

- İşdən kənar vaxtınızı necə dəyərləndirirsiniz? Nə vaxtsa məşğul olduğunuz işdən sıxılıb, uzaqlaşmaq istəyibsiniz?

-Monotonluqdan sıxılmaq halları olur. Proqramçı layihədən sıxılır, başqa layihəyə keçir, başqa sahə üzrə ixtisaslaşır. İşdən kənar vaxtı isə ailə, dostlarla vaxt keçirmək, idman və kiçik layihələrə töhvələrlə dəyənləndirirəm.

-İT sahəsinin nümayəndələri istirahəti çox sevirlər, yoxsa işləməyi ?

-İstirahəti sevməyən adam var?!  ( gülür). Çox olsun, fərqli olsun, maraqlı olsun. Hərdən olur ki, iş elə maraqlı olur ki, notebook-u, kindle-i özümlə aparıram ki, boş vaxtım olsa oxuyum, bug fix edim (kodda olan problemləri həll etmək).  Amma o iş sayılmır, o işin hobbi hissəsidir (gülür).

- Ailənizlə, dostlarınızla vaxt keçirə bilirsinizmi? Azərbaycandakı dostlarınızla necə əlaqə saxlayırsınız? Vətən üçün darıxırsınızmı?

-Əsas elə ailə və dostlardır. Yaxın dostum az olduğuna görə imkan tapan kimi bir şeylər təşkil edirik. Bəzən planları pozan oluram. Məsələn,  son səfərdə  pasportumu itirməyim məsələsi kimi  (gülür).   Dostlarım İspaniyada istirahət fotolarını paylaşanda mən ofisdə oturub kodda olan problemləri həll edirim. İşim düz gətirməyəndə də oturub kod yazıram (gülür).  Bakı mənim üçün dəyərli insanlar və xoş xatirələr ilə bağlıdır. Əlbəttə darıxma halları olur, imkan daxilində tez-tez gəlib getməyə çalışıram.

-Nə vaxtsa birdəfəlik Azərbaycana qayıdıb, işinizi burada qurmağı planlaşıdırırsınız?

-İndiyə kimi uzun müddətli qurduğum konkret planların heç biri reallaşmayıb və bu işin mənasız olduğunu düşünürəm. Açığı, yaxın 6 aydakı planlarımda Azərbaycana birdəfəlik qayıtmaq yoxdur.Əgər planlarda dəyişilik olsa, vətənə qayıdası olsam, əlbəttə Bakı mənə həmişə xoşdur, əzizdir, həyatımın böyük hissəsi orda keçib, mənə çox şey qatıb özümü onun qarşısında borclu hiss edirəm. Mənim həyatlarını maraqla oxuduğum həmyerlilərimizin ortaq cəhəti olaraq xaricdə görüb öyrəndiklərini ölkəyə gətirmək olub. Bakının fərqliliyi, müxtəlifliyi mənim formalaşmağımda böyük təsiri olub və mən də imkan daxilində öz öyrəndiklərimlə bunu yaxşı istiqamətdə artırmaq istəyərdim.

-Sizcə, niyə əksər gənclər xaricdə təhsil alandan sonra ölkəyə qayıtmır və işlərini də xaricdə qururlar? Gəncləri buna nə vadar edir?

-Belə seçim etməkdə hərənin bir səbəbi var. Mənim qayıtmayan dostlarım əsasən getdikləri ölkəyə öyrəşənlərdir. Bəziləri tibb təhsili və ya bakalavrdan sonra magistr, doktorantura təhsilini davam etdirdiklərinə görə ölkədə uzun müddət keçirirlər, dost çevrəsi, gündəlik həyatı elə formalaşır. Ona görə də qayıtmaq ölkədən ilk dəfə getmək qədər çətin olur. Bəziləri xaricdə iş tapdıqlarına görə elə orda da qalır. Xaricdə işləmək həm də xarici dil biliniyini genişləndirmək, beynəlxalq təcrübə əldə etmək kimi üstünlüklərə malikdir. Yalnız özlərini dolandırdıqlarına görə kirayədə yaşamaq, qeyri stabil gəlir elə də problem yaratmır. Bəziləri evləndikdən sonra bir- birinə dəstək olmaq üçün də yenə xaricdə qalmağa çalışırlar. Fərqli mühitdə uşaqlarını böyüdərək onlara daha çox imkan yaradacaqlarını düşünürlər.

-Öz fəaliyyətiniz dövründə hansısa ən böhranlı bir an olubmu? Yəni, hansısa avadanlıqda və ya proqram təminatında – informasiya sistemlərində hansısa problemlər olubmu ? Bu zaman özünüz problem həll edirsiniz və yaxud yardım alırsınız?

- İKT sahəsində bir çox problem təkrar olunandır. Bizim problemləri Google həll edir. Axtarıb müxtəlif həll yollarını tapmaq olur.

-Necə düşünürsünüz, Azərbaycanda İT sahəsinin tədrisində əsas hansı problemlər var və bu istiqamətdə hansı addımlar atılmalıdır? Ümumiyyətlə ,  Böyük Britaniyadan ölkəmizin İT sektoru necə görünür?

-Azərbaycanda bir çox universitetin İT təhsili köhnə texnologiyalarla qurulub. Tələbələr bunu anlayıb dərslərə maraq göstərmirlər, savadlıları part- time ( yarı gün)  işləməklə özünü inkişaf elətdirir, təhsil kömək eləmək əvəzinə əngələ çevrilir. Təhsil proqramını təşkil etmək elə də çətin deyil. Türkiyədə, Amerikada İT təhsili yuxarı aşağı eyni fənlər üzrə gedir və istifadə olunan kitabların çoxu da eynidir. Sadəcə təəssüflər  olsun ki, bizdə həmin dərsləri tədris edən ekspertlər azdır və heç kim proqramın dəyişməsinə risk eləmir. Qazi Universitetinin kompüter mühəndisliyinin yeni açıldığı zamanda orda təhsil alan dostlarım da müəllim çatışmazlığından şikayətlənirdilər. O zaman boşluğu magistr, doktorantura tələbələrinin dərs deməyi, işləyən mütəxəsislərin dəvət olunması ilə həll olunurdu. Yadımdadır 3cü kursda “Object oriented programming”  dərsinin Java ilə tədris olunması üçün fakultə rəhbərliyi tanınmış şirkətdə işləyən keçmiş tələbəsini dəvət eləmişdi. Ona görə o dərsimiz axşam 7-8-də də başlayırdı. Bu bizim üçün çox narahat olsa da,  OOP dərsini gündəlik işində tətbiq edən şəxsdən almış olduq, dərsdən əlavə real işdə lazım olan bilgilərimiz oldu. Bu problemin həllinin bir nümunəsi ola bilər.

-  Deyirlər, İT ilə məşğul olanlar özəl həyatına vaxt ayıra bilmir və çox gec evlənirlər.  Neçə yaşınız var? Siz də şəxsi həyatınıza vaxt ayıra bilirsiniz?

-Neyləyək işimizi elə çox sevirik ki, əyləncəmiz də İT olur (gülür). Mən 28 yaşım var və hələ subayam. Amma bunu vaxtın olmaması ilə əlaqələndirməzdim. Lazımi motivasiya olanda hər şeyə vaxt tapmaq olur ( gülür).

-Uzun illər Britaniyada yaşayırsınız.  Britaniyalı bəylə  ailə qurardınızmı? Bu məsələdə sizin üçün millətin fərqi var?

-Ümumilikdə dostların seçimində mənim üçün əsas meyyar insani dəyərlər, hadisələrə baxış, yumor hissi, asudə vaxtın keçirilməsi kimi ünsürlərdir. Milliyyət, din müəyyən məqsədlər üçün insanların qruplaşdırılmasıdır. Şəxsiyyətin formalaşmasında böyük təsir göstərsələr də, məncə çox da önəmli olmamalıdır.

- Özünüzü həmyaşıdlarınızdan üstün hesab edirsinizmi?

-Mənim danışıq problemim olduğuna görə uşaqlıqda özümü həmyaşıdlarımdan daha zəif hesab edirdim. Kompleksi yenmək üçün özümü heçkimlə müqayisə eləməməyə başladım. O illərdən bu yana çox şey dəyişsə də,  yenə özümü heçkimlə müqayisə etmirəm.

-Sosial mediadan aktiv istifadə edirsinizmi? Əsasən hansı platformada aktivsiniz?

Bütün günü Facebook-um açıq olur.  Ordan həm xəbərləri, həm ölkədəki vəziyyəti, həm də dostları izləyirəm. Bir ara bloq yazırdım, həvəsim olanda bu bloqda nəsə qaralayıram ( gülür). 

 - İT sahəsinə gəlmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

-Mən fürsətdən istifadə edib hətta İT-yə gəlmək istəməyən gəncləri də dəvət eləmək istərdim. Kimin təhsilə, oxumağa, yeni məhsul yaratmağa həvəsi varsa özünü İT-də sınamalıdır. Bu həm maraqlı, həm də perespektivli sahədir. Ən azından proqramlaşdırmağı öyrənmək hər kəsə faydalı olacağını düşünürəm. Günümüzdə İT tək alqoritm, riyaziyyat deyil. Burada musiqiçilər öz notlarını, həkimlər öz xəstələrini məlumatlarını daxil etməkdə xəstəlikləri daha rahat analiz edə bilərlər. Sadəcə onu  nəzərə   almaq lazımdır ki, yaxşı mütəxəsis olmaq üçün durmadan yeni məlumat əldə etmək lazım olacaq. Çünki 1-2 il öncə oxuduğunuz sabah aktuallığını itirə bilər.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə