İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018 / 12:43

Kaspersky Lab şirkəti İsveçrədə proqram təminatının yığılması və istifadəçi məlumatlarının emalı üzrə əlavə bir infrastruktur yaratmağı planlaşdırır.

Şirkət 2017-ci ilin oktyabr ayında qlobal informasiya açıqlığı proqramını “Global Transparency Initiative” (“Qlobal Şəffaflıq Təşəbbüsü”) elan edərkən haqqında məlumat verdiyi Şəffaflıq Mərkəzini də məhz İsveçrədə açmaq niyətindədir.

Xeberler.az şirkətə istinadən bildirir ki, yeni infrastrukturda bütün proseslərin təhlükəsizlik və güvənilirliyi, eləcə də Kaspersky Lab proqram kodunun bütövlüyü müstəqil ekspertlər tərəfindən təsdiqlənəcək.

Şirkətin “Kaspersky Security Network” (KSN) bulud infrastrukturu üzərindən müştərilərdən könüllü razılıqla əldə etdiyi istifadəçi məlumatlarının emalı mərkəzi Sürix şəhərində 2019-cu ilin sonunadək fəaliyyətə başlayacaq.

Orada Avropa, Şimali Amerika, Sinqapur, Avstraliya, Yaponiya və Cənubi Koreyadan olan istifadəçilərin məlumatları saxlanıb, emal ediləcək. Daha sonra bura digər ölkələrdən olan müştərilərin məlumatları da əlavə olunacaq.

Eyni zamanda, Kaspersky Lab şirkəti Sürixdə bir sıra ölkə üçün “proqram təminatı yaradılması üzrə konveyer” yaratmağı da planlaşdırır. Burada mənbə kodundan hazır proqramın yığılması üçün istifadə edilən alətlər toplusu nəzərdə tutulur. Şirkət yenilənmələr də daxil olmaqla, məhsulların və antivirus məlumat bazalarının İsveçrədə toplanmasını 2018-ci ilin sonunadək başlamağı planlaşdırır. Sürixdə yığılmış proqram təminatı müstəqil şirkət tərəfindən yoxlanılacaq – bu mərhələ hazır məhsul kodunun audit üçün təqdim edilmiş mənbə kodu ilə uyğun gədiyinə dair əlavə təminat rolunu oynayacaq.

İsveçrədə əsası qoyulacaq bölmə Kaspersky Lab şirkətinin ilk şəffaflıq mərkəzi olacağına görə müstəqil ekspertlər bazada proqram təminatının və onun mənbə kodunun güvənilirliyini yoxlaya, eləcə də şirkətin texnologiyalarında heç bir kənar müdaxilənin və sənədləşdirilməmiş funksiyaların olmadığına əmin ola bilərlər. Bu, eyni zamanda proqramların yığılması və məlumatların emalı proseslərində kompromisin mümkünsüzlüyünü göstərir.

Kaspersky Lab şirkəti bu funksiyaları öz üzərinə götürəcək yeni qeyri-kommersiya təşkilatının yaradılmasına dəstək verməyə də hazırdır. Həmçinin, bu cür şirkətin xidmətlərindən informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər tərəflər də faydalana bilər.

Müdafiə həllərinin aparıcı istehsalçılarından olan Kaspersky Lab şirkəti hər zaman etibarlı iş prinsiplərinə əsaslanıb. Xüsusən də, şirkət ötürülən informasiyanın güvənli şifrələnməsi və müdafiəsini təmin edir, məlumatlara keçid üçün ciddi daxili siyasət tətbiq edir və mütəmadi olaraq infrasktrukturun etibarlılıq və təhlükəsizliyini yoxlayır.

İsveçrədə yeni mərkəzin açılması ilə əlaqədar atılan bu addımların məqsədi şirkətin İT infastrukturunu hətta hipotetik risklərə qarşı belə dayanıqlı etmək və aparılan bütün proseslərin mövcud və gələcək müştərilər və daha geniş ictimaiyyət üçün daha da şəffaflaşdırmaqdır.

Kaspersky Lab şirkətinin baş direktoru Yevgeni Kasperski bu barədə danışarkən bildirib:

“Bizim çalışdığımız sürətlə dəyişən bir sahədə biz müştərilərimizin, tərəfdaşlarımızın və bütün maraqlı tərəflərin yeni tələblərinə uyğunlaşmalıyıq. Bu gün isə bu tələb şəffaflıqdır. Məhz bu səbəbdən biz infrastrukturu transformasiya etməyə və əsas proseslərin bir hissəsini İsveçrəyə keçirməyə qərar verdik. Ümid edirik ki, bu addım kibertəhlükəsizlik sahəsində bir cərəyana çevriləcək və güvən bazardakı bütün iştirakçılar üçün ən vacib parça olacaq”.

Kaspersky Lab şirkətinin informasiya açıqlığı proqramı və biznesin şəffaflığı prinsipləri haqqında daha ətraflı buradan tanış ola bilərsiniz/

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.