“İT sahəsi üzrə biliklər orta məktəblərdən şagirdlərə ötürülməlidir”

04-06-2015 / 15:44

Hazırki dövrdə müştərilərin səndən tələb elədiyi texnoloji biliyi təhsil aldığın Universitetdən əldə etmək qeyri-mümkündür

“İT TƏLƏBƏ” rubrikasının budəfəki müsahibi  Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və Kibernetika  fakültəsinin 3-cü kurs tələbəsi, kompüter elmləri ixtisası üzrə təhsil alan proqramçı Xaqan Məhərrəmovdur.

Xaqan Məhərrəmov düşünür ki, insanda ən əsas keyfiyyət prinsipial olmaqdır. Özünün də dediyinə görə, o, məktəbi bitirəndən 9 il sonra İT sahəsi üzrə təhsil almağa qərar verib və bu istəyinə nail olub.

Xeberler.az müsahibəni təqdim edir:

-Xaqan bəy, İT sahəsinə marağınız nə vaxtdan başlayıb?

-İnformasiya texnologiyalarına xüsusi marağım 1-ci kursun sonlarından etibarən başladı. Əvvala deyim ki, bu maraq deyildi, prinsip məsələsi idi. 2003-cü ildə ali məktəbə qəbul olmaq üçün imtahan verdim və biologiya müəllimliyi fakültəsinə qəbul oldum.
Amma həmin ixtisas üzrə təhsil almaqdan imtina etdim. Rusiyaya getdim və kiçik bizneslə məşğul olmağa başladım. 2012-ci ildə geri qayıdandan sonra birinci ixtisas qrupu üzrə imtahan verdim və tətbiqi riyaziyyat və kibernetika  fakültəsinə daxil oldum.
 İT sahəsi ilə maraqlandıqca, həmin sahəyə sevgim daha da artırdı.

-Hansısa İT şirkətində və yaxud da hansısa bir qurumun İT sahəsində çalışırsınızmı?

-Hazırda Master İnformasiya Texnologiyalar Mərkəzində (İTM) çalışıram. İşimin təhsil aldığım universitetlə heç bir əlaqəsi yoxdur. Mərkəzə İT sahəsində, xüsusən də proqramlaşdırma ilə bağlı biliklərimi artırmaq üçün baş vurdum və kursun sonunda ən yaxşı nəticə göstərərək müvafiq  sertifikat əldə etdim. Sertifikatla yanaşı, mərkəzdə qalıb işləmək şansı da qazandım. Hazırda Master İTM-də proqramçı vəzifəsində çalışıram.

-İşlədiyiniz yerdən nə qədər məvacib alırsınız?

-Maaş almıram. Müxtəlif layihələr üzərində çalışıram və adətən layihənin qiyməti 300 -2000 min manat arasında dəyişir. Layihələrdən qazanılan pulun müəyyən faizi də mənə çatır.(gülür)

-Hazırda ölkəmizdə freelance-sifarişlə işləmək geniş yayılıb. İşinizdən əlavə sifarişlər qəbul edirsinizmi? Əgər sirr deyilsə bundan nə qədər qazanc əldə edirsiniz?

-Düzünü desəm, bu günə qədər hələ sifariş almamışam. Çalışdığım Mərkəzdən verilən sifarişlərdən qazanıram təkcə.  

-İT sahəsindəki fəaliyyətiniz dərslərinizdə davamiyyətinizə təsir edirdimi?

-Heç bir təsir göstərmirdi. Əksinə, işimin mənə xeyri dəyirdi. Dərsləri vaxtı-vaxtında oxusan, boş vaxtlarında öz sahənlə bağlı kurslara getsən,bu sənin öz sahəndə təkmilləşməyinə yardımçı olar.  Hərdən elə dərslər keçirlər ki, mən həmin dərsi oxumadan dərsə hazır oluram. Bu da işimin sayəsindədir.

- Özəl bir İT layihəniz, startapınız varmı?

-Startap layihələrinə qatılmamışam, amma özümün layihələrim var. “Online Shopping Curs Managment System” də İnternet üzərindən alış-veriş etmək imkanları nəzərdə tutulub. “Curs Managment System” layihəsini isə kursların necə idarə olunması ilə bağlı yaratmışam. Bu layihəni tezliklə həyata keçirməyi planlaşdırıram.

-İT ilə bağlı olan seminarlarda, təlimlərdə, konfranslarda iştirak edirsinizmi?

-Bəli, seminarlarda tez-tez iştirak edirəm. Master İTM kursu haqqında da elə universitetimizdə keçirilən seminarda eşitmişdim. Həmin kursun nümayəndələri  universitetimizə seminar keçəndə mərkəzə qarşı məndə maraq oyandı. Bu yaxınlarda Qafqaz Universitetində proqramlaşdırma dili üzrə digər bir seminar keçirilmişdi, orada da iştirak elədim.

-İT sahəsindəki bilik və bacarıqlarınızın tələbə yoldaşlarınıza, müəllimlərinizə hansısa köməyi dəyirmi?

-Tələbələrlə qazandığımı bu bilikləri bölüşməyə çalışıram. Universitetimizdə Tələbə Həmkarlar İttifaqının dəstəyi ilə İKT klub yaradılmışdı. Həftənin şənbə günləri, mən və digər tələbə yoldaşlarım bizdən aşağı kurslarda təhsil alan tələbələrə İT sahəsi üzrə müxtəlif fənlərdən dərslər  keçirdik. JAVA proqramlaşdırma dili üzrə biliklərimi bölüşürdüm.

-Gün ərzində İnternetdən nə qədər istifadə edirsiniz?

-Gün ərzində bir saat İnternetdən istifadə edirəm. Ya film izləyirəm , ya da saytlarda xəbərləri oxuyuram. Ümumilikdə isə, kompüter həyatımın ayrılmaz hissəsidir. Çünki işim proqramlarla, proqramlaşdırma ilə bağlı olur. İnternetdə olmasam da, günün çox hissəsini kompüter arxasında oluram.

-Ən çox istifadə etdiyiniz sosial şəbəkə və saytlar hansılardır?

-Sosial şəbəkələrin bir neçəsində olsam da, aktiv şəkildə Facebook-dan istifadə edirəm.

 - Son dövrlər insanların İT-ə bu qədər maraq göstərməsinin səbəbini nədə görürsünüz?

-Məncə, bu tələbatdır. Artıq dövrümüzdə yeni media ənənəvi medianı geridə qoyub. Bunu da belə izah edərdim ki, insanlar həmişə asana doğru qaçırlar. Bu gün İnternet çox sürətli inkişaf edir. İstədiyimiz hər şey demək olar ki, əlimizin altındadır. Məsələn, qabaqlar məktub yazıb poçtla göndərirdiksə, bu gün o proses çox sadələşib. Nəticədə, insanların həyatı asanlaşıb. Və bu da birbaşa insanların informasiya texnologiyalarına, eləcə də İnternetə get-gedə daha da  marağını artırır.

-Bəs necə fikirləşirsiniz, niyə İT sahəsinə qızlardan çox oğlanlar bu qədər maraq göstərir? Qeyd edim ki, bəzi həmcinsləriniz bunu oğlanların beyninin  qızların beynindən daha güclü çalışması ilə əlaqələndirir. Bu fikrə münasibətinzi necədir?

-Bu fikirlə razı deyiləm(gülür). Bilirsiniz, cəmiyyətdə belə bir fikir formalaşıb ki, qızlar ya müəllim olmalıdır, ya da həkim. Qızlar gələcək həyat yoldaşlarının onların bu sahədə işləməsini normal qarşılayamayacağını düşünüb bu sahəni seçmirlər.  Bu da mənim şəxsi fikrimdir.

-İxtisasınız üzrə xaricdə magistr təhsili almağı düşünürsünüzmü?

-Xaricdə yox, amma Azərbaycanda magistr təhsili almaq haqqında düşünürəm. Yaşıma görə, inanmıram ki, xaricdə bu mümkün olsun. 30 yaşım var və ailəmə dəstək olmalıyam(gülür)

 -Hazırda ölkədə İT ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz? Bu sahə üzrə nələrin olmağını arzu edərdiniz? Sürətli inkişaf üçün hansı təklifləriniz olardı bu sahə ilə bağlı?

-İT sahəsi üzrə biliklər orta məktəblərdən şagirdlərə keçilməlidir. Şagirdlərin bu sahədə az da olsa təcrübəsi olmalıdır. Onları İT ilə bağlı məlumatlandırmaq və maarifləndirmək lazımdır. Paskal  ali məktəblərdə deyil, orta məktəblərdə keçilməlidir. İT sahəsində ilkin anlayışlar, ilkin  biliklər orta məktəblərdə tədris olunmalıdır. Universitetlərdə artıq bu biliklər daha yüksək səviyyədə tədris olunmalıdır. İT ilə bağlı olan dərslərin sayı artırılmalıdır, dərsliklər yenilənməlidir.

-Dərsliklər sizi qane etmir?

-Öz dilimizdə olan dərsliklər, eləcə də video resurslar məni qane etmir. Müasir texnologiyaları daha dərindən mənimsəyən və tətbiq edən müəllimlərin sayı Universitetimizdə çox azdır. İT sahəsində daha gənc müəllimlərə ehtiyacımız var.

 

Leyla Əfqan


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.