“Kinostudiyanın binası elə gündədir ki, texnologiyadan söhbət gedə bilməz”-Xalq artisti

08-09-2015 / 12:55

Bizim vaxtımızda mədəniyyət adamlarının tanınmasında televiziyanın çox böyük gücü var idi, indi də internetin gücü əlavə olunub

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı tanınmış aktyor, Xalq artisti İlham Namiq Kamaldır.

İlham Namiq Kamalla müsahibəni təqdim edirik:

-İlham müəllim, internetlə ilk tanışlığınız nə vaxt başladı?

-Birinci internet mənimlə tanış oldu, sonra mən onunla (gülür). Gördüm ki, internetdə şəkillərim çıxır, məqalələr gedir, daha çox internetlə maraqlanmağa başladım. İnternetdə gündəmdə olan hadisə, məlumat, xəbərlərlə tanış oluram. Həm öz, həm də Facebook səhifəm var. Mən və dostlarım haqqında yazılan məqalələr mənim üçün çox maraqlıdır. İnsanlar sosial şəbəkələrdə münasibətini bildirir. Bu yaxşı haldır. Ilhamteatr.az səhifəm var. Jurnalistlər, haqqımda maraqlanan hər bir kəs üçün səhifəmdə mənə aid dolğun məlumatlar var. Bu, eyni zamanda dərs vəsaiti kimi tələbələr üçün də maraqlıdır. İşlədiyi illər ərzində mütəxəssisin yaradıcılıq yolu, apardığı işlər, istər təhsil, istər teatr sahəsində aktyorun quruluş verdiyi tamaşalar, ifa etdiyi rol haqqında maraqlı məlumatları səhifəmdə yerləşdirir və paylaşıram.

-İlham müəllim, sizin dövrünüzdə internet yox idi, amma indi gündə bir aktyor çıxır və onların əlinin altında internet var. Yəni, onlar özlərini daha çox tanıda bilirlərmi, yoxsa sizin dövrünüzdə daha asan idi tanınmaq?

-Aktyor üçün yalnız teatr sahəsində tanınmaq mümkün deyil. Teatr zalında yalnız 400-450 nəfər tamaşaçı yer tutur. Amma kino və televiziyada tanınmaq vacibdir. AzTV, Mədəniyyət kanalı kimi teleziya kanalları Qızıl Fondda olan tamaşalarımızı vaxtaşırı efirə verir. Elə olur ki, bir gecədə milyonlarla insanın yaddaşında qala bilirsən. Tamaşalar göstərildikcə yaddaşlarda qalır. Regionlarda hamı teatra getmir, buna onların imkanı da çatmır, amma televizora baxırlar. Televiziya istər- istəməz sənət adamlarını doğmalaşdırır, onu evinin sakini edir. Maraqlısı odur ki, o tamaşalar artıq internetdə də var. O vaxt internet yox idi, insanların yaddaşında qalmaq daha önəmli idi. İndi isə savadlı, dünyagörüşlü insanlar Google-da, YouTube-da İlham Namiq Kamal yazırlar, onlarla, yüzlərlə tamaşa, mozalanlara baxa bilirlər. Düşünən tələbə üçün yaradıcı insanları araşdırmaq internetdə daha rahatdır.

-Sənət dostlarınızın hamısı ilə sosial şəbəkələrdə əlaqə saxlayırsınızmı?

-Bəli, Facebook-da dostluğumda yazarlar, dramaturqlar, bəstəkarlar, aktyorlar var. Mənim üçün də onların hamısının yaradıcılığı maraqlıdır. İnternet vasitəsilə kim hansı filmə çəkilir, incəsənət aləmində nə ilə məşğul olur, artıq onu görə, təşəkkür edə bilirəm. Bizim vaxtımızda mədəniyyət adamlarının tanınmasında televiziyanın çox böyük gücü var idi, indi də internetin gücü əlavə olunub. İnternet vasitəsilə yaradıcı insan bir-birini daha yaxşı tanımağa başlayır.

-Nə vaxtdan etibarən Facebook-dan istifadə edirsiniz? Dostlarınız çoxdurmu?

-Təxminən 10 ilə yaxındır ki, Facebook-dan istifadə edirəm. Dostlarımın sayı 5000-i keçib, başqa dost qəbul edə bilmirəm. Hətta istəyirəm ki, dostlarımın siyahısında bəzi ixtisarlar edim. Maraqsız, passiv istifadəçiləri dostluqdan çıxarmaq lazımdır. Çünki sənətimə uyğun, gənc yazarlar, incəsənətlə maraqlananlarla ünsiyyət saxlamaq daha xoşdur.

-Facebook-da dostluğa necə qəbul edirsiniz? Tanımadığınız insanları qəbul edirsinizmi?

-Bəli, bəzən edirəm, əsasən yaradıcı insanları, dostları, qohumları qəbul edirəm.

-Facebook-dan başqa daha hansı sosial şəbəkələrdən aktiv istifadə edirsiniz?

-Yalnız Facebook-dan aktiv istifadə edirəm, həm telefonla, həm də kompüterlə daxil oluram. Amma Twitter və Instagram-da hesabım olsa da, o qədər də aktiv deyiləm. Bu sosial şəbəkələrə yalnız telefonla daxil oluram.

-WhatsApp və Skype-dan istifadə edirsinizmi?

-Bəli edirəm, əsasən də WhatsApp-da dostlarım xaricdən maraqlı videolar göndərir, onlara baxır, gülürəm. Nəvələrimlə hər axşam Skype-la danışıram. Bu sosial medianın yaxşı xüsusiyyətlərindən biri də odur ki, xidmətlər demək olar ki, havayıdır. Əvvəllər xariclə danışmaq üçün nə qədər kontur, pul sərf edirdin, amma indi ayda 20 manat ödəməklə internetin super imkanlarından asanlıqla problemsiz istifadə etmək mümkündür. İndi həm az pul ödəyirik, həm də yaxınlarımızla görüntülü danışa bilirik.

-Bu günə kimi adınızdan saxta profillər açıblarmı?

- Xeyr, belə vəziyyət heç bir zaman olmayıb.

-İlham müəllim, əksər istifadəçilər profilinə öz şəklini qoymur. Buna münasibətiniz.

-Belə istifadəçiləri ciddi insan hesab etmirəm, dostluq göndərəndə də qəbul etmirəm. Bəziləri var ki, canavar, yaxud hansısa mənfi, qorxulu kino obrazlarının şəklini qoyur (gülür). Düşünürəm, yəqin ki, belələrinin də Facebook-da öz əhatə dairəsi var, onlara belə xoşdur. Sadəcə təəccüb edirəm. Axı məlumdur ki, sosial şəbəkəni insan idarə edir və burada sənin öz hesabın varsa niyə profilə heyvan şəkli qoyasan?(gülür)

-İlham müəllim, o vaxtkı kino ilə bugünki kino arasında hansı fərqi görürsünüz? Texnologiyalar yetərincədirmi ?

-Deyə bilərəm ki, fərqi görməyə vaxt sərf etmək lazım deyil, çünki indi kino çəkilmir. İldə bir dəfə kino çəkməklə Azərbaycan kinosu inkişaf edə bilməz. Kinolarda əvvəlki effekt yoxdur və ola da bilməz. Kinostudiyanın binası bərbad vəziyyətdədir. Dövlət tərəfindən qayğı göstərilməlidir. Siz elə o kinostudiyaya daxil olsanız, qorxarsınız. Bina artıq çöküb. Hesab edirəm ki, Milli Dram Teatrı, Musiqili Teatr, Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrına göstərilən qayğı kinostudiyamıza da edilməlidir. Bina elə gündədir ki, avadanlıqlardan, texnologiyadan nə söhbət gedə bilər?

-İnternetin mənfi tərəflərini nədə görürsünüz?

-Gərək mənfi tərəflərinə uymayasan. İnternetdə lazım olmayan informasiyalar çoxdur. İnternetə daxil olan insan alicənab, düşüncəli olmalıdır. Bir-birini tanımayan insanların, əsas da oğlanların sosial şəbəkələrdə xanımları narahat etməsi mənfi haldır. Ümumiyyətlə, düşünürəm ki, hansı sahədə işləyirsən işlə, hansı tərbiyənin nümayəndəsisənsə  o cür də öz işini davam etdirəcəksən. Hər kəs sənətə öz tərbiyəsini gətirir. İstər aktyor, istər jurnalist, rejissor, istərsə də nazir. Tərbiyəsi varsa hörmət edəcəklər, yoxdursa haqlı olaraq etməyəcəklər.

-İnsanları texnologiyadan asılı hesab edirsinizmi?

-Bugünkü gündə internetə tələbat çoxdur. Asılı yox, həmahəng deyərdim. İnsanlar indi internetə qəzetdən daha çox maraq göstərirlər. Çünki qəzeti alana, açana, oxuyana kimi vaxt gedir. Amma internetə daxil olan kimi gündəmdəki xəbərlər, məlumatlarla dərhal tanış olursan. Artıq internet vasitəsilə evdən çıxmadan, köşkə yaxınlaşmadan hər bir məlumatı əldə etmək mümkündür. Onsuz da ikisinə də pul xərclənir. İnternetin üstün cəhətlərindən biri də odur ki, gündəlik xəbərləri oxumaqla yanaşı dostlarla da təmasda olursan. Bu da insanı darıxmağa qoymur.

-Sizcə, internet gələcəkdə bütün qəzetləri sıradan çıxara bilərmi?

-Xeyr, internet heç vaxt qəzetləri sıradan çıxara bilməz. Hər qəzetin elə məqaləsi var ki, yaradıcılıq, təhlil baxımından fərqli mövqedədir, mövzuya daha maraqlı yanaşıb. Hərdən o qəzeti sadəcə oxumaqla kifayətlənmək istəmirsən, saxlamaq istəyirsən. Biri var məqaləni internetdən çıxarırsan, biri var o qəzeti yadigar kimi saxlayırsan. Hərəsinin öz yeri var. Sürətli məlumat almaq üçün isə mənə internet daha maraqlıdır. Çünki günümüzdə internetin imkanları daha böyükdür.

-İndi uşaqlar həyətdə oynamaq əvəzinə yerlərindən tərpənmir, kompüterlə, telefonla məşğul olur. Uşaqların bu dərəcədə texnologiyadan istifadə etməsini onların gələcəyi, sağlamlığı üçün təhlükəli vəziyyət hesab edirsinizmi?

-Çox böyük təhlükədir. İnternetdə elə filmlər var ki, ölkəyə bir-iki ildən sonra gəlir. Amma artıq uşaqlar internetdən onu yükləyib baxa bilirlər. Düşünürəm ki, uşaqların internetdən istifadəsinə valideynlər tərəfindən vaxt qoyulmalıdır. 2-3 saat kifayət edər, həddindən artıq aludə olmaq insanı tənhalaşdırar. Nəvələrim balacadır, onlar hələ ki, internet, kompüter, telefondan o qədər də istifadə etmirlər, amma onlar böyüyənə kimi yəqin ki, valideynləri ehtiyatlı tərpənər (gülür).

-Rominq xidmətindən istifadə edirsinizmi?

-Dövlətcell abunəçisiyəm. Xaricə səfər edəndə, elə təyyarədən enən kimi telefonuma avtomatik internet xidməti, meqabayt köçürülür. 100 manatlıq danışırıqsa, 40 manat ödəyirəm. Bu da dövlətin biz incəsənət adamlarına göstərdiyi xüsusi qayğıdır.

-İlham müəllim, gənc oğlan və qız qarşı-qarşıya əyləşiblər və hərəsi öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?

-Gənclər arasında belə vəziyyətlərə münasibətim normal deyil. Hətta həmin oğlana məsləhət görərdim ki, vaxt edib yanındakı qıza da baxsın (gülür). Çünki o yanındakı qız daha gözəldir. Gənclər bir-birlərinə sərf etdikləri vaxtı normal dəyərləndirməlidir. Ümumiyyətlə, internetdən istifadə zamanı əndazəni keçmək olmaz. Hər şeyi əndazə ilə həll etmək lazımdır.

-Dostlarınızla bir məclisdə olanda gələn zənglərə, mesajlara cavab verirsinizmi?

-Dostlarla bir araya gələndə telefonu söndürürəm. Çünki narahat edilmək istəmirəm. Cavanlığımı, gəncliyimi keçirdiyim insan, dostlarla vaxt keçirmək, ötən illəri yada salmaq, söhbətləşmək mənə daha maraqlıdır. Adətən çay süfrəsi qurtarandan sonra telefonu yandırıram, dərhal məlumatlar gəlir ki, kim mənə zəng edib, kim mesaj yazıb və s.

-Sizcə, 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Texnologiya heç vaxt insanı idarə edə bilməz, insan texnologiyadan o dərəcədə asılı olmamalıdır. Çünki insan birinci amildir, canlıdır, düşünəndir, safdır, təmizdir. Bu günə kimi texnikanı, kosmosu insan fəth edib, bunların hamısı insan əməyinin məhsuludur.

-İlham müəllim, indi şikayətlənirlər ki, gənclər teatra getmir, tamaşaları yalnız internetdən izləyirlər. Bir aktyor kimi buna münasibətiniz necədir?

-Gənclər internetin imkanlarından geniş istifadə edir. Artıq teatrlara getmirlər, internetdən izləyirlər. Təbii ki canlı tamaşa daha yaxşıdır, aktyorla ünsiyyətdə olmaq, oynanılan rola teatr səhnəsində tamaşa etmək daha maraqlıdır. Səmimi deyim ki, artıq teatr biletləri də ucuz deyil. Dəfələrlə demişəm ki, Azərbaycan tamaşaçısının bir manatı varsa onun bir qəpiyini teatra xərcləyir. Azərbaycan xalqı incəsənətə, mədəniyyətə, teatra, kinoya qiymət verən xalqdır. İnanıram ki, sadə xalqın aldığı məvacib cibinə uyğun olsa yəqin ki, teatra getməyə də maraq göstərər.

 

Ruhəngiz Muradova

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.