Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015 / 10:19

Gartner analitik şirkəti kompüter elektronikası bazarı üzrə proqnozu azaldıb.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, 2015-ci ildə istehsalçıların ümumilikdə 2,5 milyard qurğu, o cümlədən portativ və masaüstü fərdi kompüter, planşet, ultrabuk və mobil telefon buraxacağı gözlənilir. Proqnozlaşdırılan həcm 2014-cü ilin 2,4 milyard qurğu göstəricisindən 1,5 faiz çoxdur. Bundan əvvəl ekspertlər tədarük həcminin 2,8 faiz səviyyəsində olacağını gözləyirdilər.

Tədqiqatda həmçinin qeyd olunur ki, bu il istehlakçılar qurğuların alışına ümumilikdə 606 milyard dollar xərcləyəcək. 2014-cü ildə bu göstərici 642 milyard dollar təşkil edib. Qiymətləndirmə özünü doğrultsa, kompüter elektronikasının satışı 5,7 faiz aşağı düşəcək ki, bu da 2010-cu ildən ilk azalma olacaq.

Gələcəkdə müsbət dinamikaya qayıdış gözlənilir: 2016-cı ildə kompüter qurğularının satışının 616,6 milyard dollaradək artacağı, 2017-ci ildə 627 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bütün növ fərdi kompüter, planşet və mobil telefonların növbəti iki ildə tədarükü 2,55 və 2,63 milyard ədəd səviyyəsində gözlənilir.

Qiymətləndirmənin dəyişməsi səbəbləri barədə danışan Gartner-in tədqiqatlar üzrə direktoru Rancit Atval bildirib ki, proqnoz fərdi kompüterlərin Qərbi Avropa, Rusiya və Yaponiyada davam edən satışının aşağı düşməsi ilə əlaqədar azaldılıb. Tələbatın zəif olması ABŞ dollarının möhkəmlənməsinə görə kompüterlərin bahalaşması ilə izah edilir.

Hazırkı vəziyyəti nəzərə alan analitiklər bütün növ fərdi kompüterlərin (masaüstü kompüter, noutbuk və ultrabuklar) 2015-ci ildə tədarükünün 300 milyon ədəd səviyyəsində olacağını proqnozlaşdırırlar ki, bu da gözlənilən 314 milyon göstəricidən 4,4 faiz azdır. Artımın 2016-cı ildən tez bərpa olunacağı gözlənilmir. Ekspertlərin fikrincə, istehlakçılar yeni qiymətlərə alışdıqdan sonra Windows 10 əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər satışı stimullaşdıra bilər.

Planşetlər kateqoriyasında da azalma gözlənilir: onların tədarükü 5,9 faiz - 207 milyonadək azalacaq. Bu qurğuların tədarükünün artmasına mane olan faktorlar arasında “Gartner” analitiki Roberta Kozza planşetlərin istismar müddətinin çox olmasını, yeni planşet modellərində əhəmiyyətli dəyişikliklərin olmamasını və smartfonların funksionallığının artmasını qeyd edib.

Mobil telefonlar artımın müşahidə olunduğu yeganə seqment olaraq qalır. Kompüterlərdən fərqli olaraq smartfonlar ucuzlaşmaqda davam edir. Bundan başqa, müsbət dinamikanı saxlamağı Çin başda olmaqla inkişaf etməkdə olan bazarlar dəstəkləyir. Bununla yanaşı, Gartner Çində tələbatın ödənilməsinə görə artımın zəifləyəcəyi barədə xəbərdarlıq edir. Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ildə mobil telefonların tədarükü 3,3 faiz artaraq 1,94 milyard ədədə çatacaq. Növbəti iki ildə mobil telefonların tədarükünün 2 milyard ədədi ötəcəyi gözlənilir.

 

Xeberler.az

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.