Kriptovalyutalar hansı ölkələrdə qanuniləşib?–Müsahibə

22-05-2017 / 11:21

Məlum olduğu kimi, son dövrlərdə kriptovalyuta (rəqəmsal valyuta) virtual ödəniş şəbəkəsinin populyarlığı sürətlə artmaqdadır. 

Xeberler.az olaraq bu sahəni də daim diqqətdə saxlayır, oxuculara məlumat təqdim edirik.

Dünyada populyarlıq qazanmağa başlayan elektron pullara Azərbaycanda da maraq müşahidə edilir. Belə ki, bu sahə ilə yaxından maraqlanıb, trendi hər zaman izləyib , maraqlı araşdırmaları ilə diqqət çəkən mütəxəssislərimiz də var. Onlar zaman- zaman kriptovalyutanın inkişafı, dünyanın müxtəlif ölkələrində tətbiqi ilə bağlı maraqlı məlumatlar paylaşırlar.

Bu trendin Azərbaycanda hələ yeni yayılmasını nəzərə alaraq kriptovalyuta ilə bağlı oxucularımıza daha anlaşıqlı və ətraflı məlumat vermək qərarına gəldik.

Görəsən, bu trend necə, hansı zərurətdən yarandı? Ümumiyyətlə, kriptovalyuta, blokçeyn nədir? Bu pulları necə əldə etmək olar?

Bütün bunlarla bağlı marketoloq, biznes təlimçi, daha öncə bank sektorunda çalışmış, kriptovalyuta və blokeçeyn araşdırmaçısı Sənan Həsənov ilə ətraflı söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Sənan bəy, öncə ondan başlayaq ki, kriptovalyuta hansı zərurətlərdən yarandı?

-İnternet yarandıqdan sonra bu texnologiya bir çox sahələrdə həyatımıza inteqrasiya edərək, gündəlik fəaliyyətimizin sürətlənməsinə gətirib çıxarıb. Məhz internetin hər kəsə əlçatan olması texologiyaların bu gün mövcud olan səviyyədə inkişafına şərait yaradıb. Bu inkişafın məntiqi davamı olaraq ödəniş sistemləri və ənənəvi pulların da inkişafına ehtiyac duyulurdu. Əslində, artıq uzun zamandır, xüsusilə, inkişaf etmiş ölkələrdə insanlar kağız pul əskinaslarından demək olar ki, istifadə etmir. Ödənişləri plastik kartlar, internet və mobil bank xidmətləri vasitəsilə həyata keçirir. Həmçinin, dövri olaraq, əsasən siyasi proseslərin təsiri ilə baş verən maliyyə böhranları yeni – məhdud və daha çox iqtisadi faktorlara əsaslanan ödəniş alətinin formalaşmasına kəskin tələb yaratdı. Bunun nəticəsi olaraq 2008-ci ildə Satoşi Nakamota ləqəbli şəxs və ya qrup tərəfindən Bitcoin adlandırdıqları ilk kriptovalyuta dünya ictimaiyyətinə təqdim edildi. Bu açıq bir texnologiya olduğu üçün Satoşi Nakamotonun dərc etdiyi kriptovalyuta mexanizmi ilə internetdə - bitcoinun rəsmi səhifəsində (https://bitcoin.org/bitcoin.pdf)  tanış olmaq olar. Bu yenilik öz yanaşması və fəlsəfəsi ilə çox fundamental bir yenilikdir.

-Kriptovalyuta nədir?

-Kriptovalyuta sözünün özündən də göründüyü kimi onun kökündə kriptoqrafiya dayanır. Yəni, bu müəyyən bir açarla kodlaşdırılmış bir nəticədir. Əldə olunmuş bu kod müəyyən alqoritmin həllidir. Sadə dildə desək məsələn 10 rəqəmini bir alqoritm olaraq düşünün. Bu alqoritmi əldə etmək üçün məhdud sayda həlli yolları var məsələn 1+9, 2+8, 3+7, 4+6 və s. Bu həll yolları kriptovalyutadır. Bu kodlaşdırılmış unikal bir həll yoludur. Onu kopyalayıb artırmaq qeyri mümkündür, beləki hər bir həll yolu unikaldır. Zamanla insanlar bu həlli yollarını öz aralarında ödəniş vasitəsi kimi istifadə etməyə razılaşıblar və nəticədə o ödəniş vasitəsinə çevrilib. Yarandığı dövrlərdə təbii ki, bitcoin o qədər də məşhur olmadığı üçün, həmçinin əldə olunması daha asan olduğu üçün onun qiyməti 1 sent civarında idi. Əsasən proqramçılar tərəfindən istifadə olunan bu elektron ödəniş vasitəsi zamanla genişlənməyə başladı və 2013-cü ilin sonlarında artıq onun qiyməti 1000 dollardan artıq idi. İnternet məkanında bitcoin əldə etmiş və onun əsasında yüksək həcmdə sərvət əldə etmiş insanlar barədə çoxlu hekayələr var. Bunlardan ən maraqlısı 10,000 bitcoin müqabilində alınmış iki ədəd pizza ilə bağlıdır. Bu kriptovalyuta tarixində ən bahalı pizza hesab olunur. Belə ki, bu günə (22.05.2017) olan məzənnə ilə hesablasaq həmin iki pizzanın qiyməti 20,500,000 dollar təşkil edir (gülür). Ümumilikdə,  bitcoin alqoritminin 21 milyon həlli yolu var. Bu gün üçün bu həlli yolunun artıq 17 milyona yaxını əldə olunub.

-Bəs son dövrlərdə tez-tez eşitdiyimiz, yeni bir trendə çevrilən blokçeyn nədir, bu texnologiyanın əhəmiyyəti nədən ibarətdir?

-Blokçeyn kriptovalyutadan daha geniş bir anlayışdır. Belə desək kriptovalyuta blokçeyn aysberqinin görünən hissəsidir. Bu texnologiya zamanla daha da geniş analiz olunaraq internet kimi həyatımızın müxtəlif sahələrinə inteqrasiya edəcək. Sadə dildə desək, blokçeyn proseslərin avtomatik qeydiyyatı jurnalıdır. Burada proseslər sözündən istifadə etməyimdə səbəb odur ki, blokçeyn tək kriptovalyuta üzrə əməliyyatların qeydiyyatı üçün yox müxtəlif növ aktivlərin qeydiyyatı üçün istifadə edilə bilər. Bu gün bitcoin və digər kriptovalyutalar üzrə aparılan bütün əməliyyatlar müvafiq kriptovalyutanın formalaşdırıldığı blokçeyn platformasında qeydiyyata alınır. Hər bir növbəti əməliyyat əvvəlki ilə bağlantılı şəkildə formalaşdırılaraq yaddaşda saxlanılır. Blokçeyn hər hansı mərkəzi yoxlama mexanizmi olmayan bir texnologiyadır.

Şəkillərdən də göründüyü kimi birinci – bu gün mövcud olan mexanizmdə mərkəzi banklar və ya qurumlar valyutanın emisiyasını həyata keçirərək onun həcmini tənzimləyirlər. Həmçinin Banklar, köçürmə sistemləri və digər üçüncü tərəflər ənənəvi pullar üzrə əməliyyatların təsdiqini həyata keçirirlər. Eyni zamanda bütün əməliyyatlar barədə məlumatlar yalnız bu qurumlarda məxvi saxlanılır. Bunun üçün də təbii ki, banklar, köçürmə sistemləri və digər üçüncü tərəf təşkilatları yüksək komissiyalar alırlar. İkinci şəkildə qeyd olunan mexanizmdə təsvir olunan blokçeyn texnalogiyasında isə insanlar öz aralarında bağladıqları razılaşmalar əsasında pul köçürmələrini hər hansı üçüncü tərəfin iştirakı olmadan həyata keçirir. Burada hər hansı mərkəzi və ya tənzimləyici orqan yoxdur. Hər bir əməliyyat bütün şəbəkə tərəfindən nəzarətdə saxlanır. Əməliyyatlar isə mədənçilər (miners) tərəfindən təsdiq olunur. Bunun nəticəsində onlar krptovalyuta əldə etmiş olurlar. Daha sonra əldə etdikləri həll yolu barəsində avtomatik olaraq blokçeynə daxil olan bütün iştirakçılar (nodes) məlumatlandırılır və onların kompüterlərində olan baza yenilənir. Beləliklə hər bir əməliyyat barəsində məlumat kopyalanaraq, mərkəzi server əvəzinə bütün kompüterlərdə saxlanılır. Bu blokçeynin çox təhlükəsiz bir texnologiya olmasını təmin edir. Belə ki, hər hansı xaker blokçeyndə həyata keçirilmiş bir əməliyyatı ələ keçirmək istədiyi təqdirdə o bir biri ilə bağlı olan minlərlə, yüzminlərlə əməliyyatı ələ keçirməli olur ki, bu da demək olar ki, qeyri mümkündür.

 -Hazırda bu sahədə dünyadakı tendensiya necədir? Hansı ölkələr bu pul vahidlərini rəsmi olaraq qəbul edib və tətbiq edir?

-Hazırda bu sahə nisbətən yeni olduğu üçün bir çox ölkələr kriptovalyuta və ümumilikdə blokçeyn texnologiyalarını araşdırırlar. Onunla işləmə mexanizmlərini formalaşdırmağa çalışırlar. Bir sıra ölkələrdə kriptovalyuta əmtəə kimi qəbul olunaraq ona digər əmtəələr kimi münasibət formalaşdırılır. Bir sıra ölkələrdə ona investisiya aləti kimi baxılır. Ancaq kriptovalyutanı ödəniş vasitəsi kimi qəbul edən ölkələr də vardır. Bunlardan məsələn Almaniyanı misal göstərmək olar. Yaponiyada , ümumiyyətlə , bitcoin qanuni ödəniş vasitəsi kimi artıq qəbul olunub. Çində məsələn bitcoin ilə əməliyyatlar banklara qadağan olunub, ancaq fiziki şəxslərə icazə verilir. Çin ümumiyyətlə dünyada ən çox sayda bitcoin mədənçiləri (miners) olan ölkələrdəndir. İsveçrədə kriptovalyuta ilə əməliyyatlar və biznes qurulması üçün ən münbit şərait mövcuddur. Bu ölkədə kriptovalyuta xarici valyuta olaraq qəbul olunur. Ukraynada artıq bir çox insanlar öz yığımlarını kriptovalyutaya keçirirlər. Bu da təbii bir haldır belə ki, kriptovalyuta məhdud resurs olduğu üçün onun uzunmüddətli perspektivdə dəyərdən düşməsi və ya hər hansı böhranlara məruz qalması qeyri mümkündür.

-Ümumiyyətlə, bu pul vahidi ilə bağlı alqı-satqı necə həyata keçirilir? . Banklar  bunu necə tənzimləməlidir? Bunun üçün ayrıca bank yaradılmalı, ya necə?

-Kriptovalyutanın alqı-satqısı üçün çoxsaylı onlayn mübadilə məntəqələri mövcuddur. Onların sayı gündə-günə artır. Düşünürəm ki, zamanla kriptovalyutanın alqı- satqısı prosesində müəyyən tənzimləmələr tətbiq olunacaq. Bu elektron valyuta olduğu üçün onu izləmək və hərəkətlərinə nəzarət etmək kağız pullardan fərqli olaraq daha asandır. Onun üçün daha öncə də qeyd etdiyim kimi hələ nisbətən yeni olduğu üçün alqı-satqı prosesinə ciddi nəzarət bir çox ölkələrdə zəifdir, bəzilərində, ümumiyyətlə, yoxdur. Banklar kriptovalyutadan çox blokçeynin imkanlarından istifadəyə açıq olmalıdırlar. Belə ki, blokçeyn mövcud bank sistemlərindən daha təhlükəsiz və təkmil nəzarət və qeydiyyat imkanlarına malik olan bir sistemdir. Bir çox böyük Banklar artıq pul köçürmələrində Ripple blokçeyninin tətbiqi ilə bağlı razılaşmalar imzalayıblar. Bu məqamda qeyd edim ki, bitcoindan sonra yaranmış bir sıra qruplar ktiptovalyuta və blokçeyn texologiyalarının inkişafında ciddi irəliləyişlər əldə ediblər. O ki, qaldı kriptovalyuta əsaslı yeni bankların yaranmasına düşünürəm, bu qaçılmaz bir prosesdir. Hətta artıq bir neçə nümunələr təxminən bir ay öncə formalaşıb. Sadəcə kriptovalyuta əsaslı Bank yanaşmasında ənənəvi yanaşmadan fundamental fərqli ciddi dəyişikliklər nəzərə çarpır. Burada fərqli düşüncə formalaşdırmaq önəmlidir. Bu düşüncə kredit verib, müştərilərin əməliyyatlarını həyata keçirib ondan komissiya qazanan bir qurum olaraq deyil, yaşayan, iş görən və inkişaf edən bir insan cəmiyyətinin daha çox resurslara malik olan bir iştirakçısı olmaq və bu cəmiyyətin inkişafı üçün çalışmaq düşüncəsinə keçiddən ibarətdir. Bu zamanla formalaşacaq.

- İstifadəçilər bu pul vahidini necə, haralardan əldə edə bilər?

-Hazırda bir çox kriptovalyutaları beynəlxalq onlayn mübadilə saytlarında əldə etmək mümkündür. Dünyada olan mübadilə saytlarında mövcud olan məzənnələri müqayisə etmək üçün https://www.bestchange.ru/ saytının imkanlarından istifadə etmək olar. Kriptovalyutaları Visa / MasterCard kartları, PayPal və çoxsaylı digər elektron ödəmə vasitələri, həmçinin, Western Union, Contact və s. Pul köçürmə sistemləri vasitəsilə köçürmə edərək də əldə etmək olur. Ümumiyyətlə, kriptovalyutaların qiymət dəyişim trendləri, daha çox hansı mübadilə məntəqələrindən alınması barədə daha geniş məlumat əldə etmək üçün www.coinmarketcap.com incələməyi tövsiyə edirəm.

-Azərbayacanda da kriptovalyuta qəbul edilib, qanuniləşə bilərmi? . Bunun qarşısını hazırda nələr alır? . Bu sahəni də ölkədə populyarlaşdırmaq üçün nə etmək lazımdır?

-Düşünürəm ki, kriptovalyuta Azərbaycanda da gec- tez qanuniləşdirilib istifadə olunacaq. Sadəcə bu mövzunun ciddi şəkildə araşdırılıb öyrənilməsi lazımdır. Bu da müəyyən zaman tələb edir. İlk baxışdan sadə və cəlbedici görünən bu elektron ödəmə vasitəsi çox çətin idarə edilən bir vasitədir. Bu gün, ümumiyyətlə, dünyada maraqlı bir dəyişim baş verir. Pul, yalnız bir ödəniş vasitəsi, mübadilə aləti kimi qəbul edilir. Onu artıq dünyada idarəetmə aləti kimi qəbul etmirlər. Kriptovalyuta bu dəyişimin kuliminasiya nöqtəsidir. Belə ki, kriptovalyut, ümumiyyətlə, istənilən şəxsə pul çap etmə gücü verir. İdarəetmə vasitəsi bütün dünyada artıq informasiyadır. Daha çox informasiyaya sahib olan prosesləri idarə edir.

Ölkəmizdə kriptovalyutanın inkişafının qarşısını alan əsas amil düşünürəm onun barədə insanların məlumatsızlığıdır. Ancaq bu amili tez bir zamanda bu texnologiyanın anası hesab oluna biləcək İnternet aradan qaldıracaq. Əsas odur ki, bunu müvafiq maliyyə idarəedici orqanlar insanlardan daha tez etsin. Çünki, bu texnologiya internet kimi açıq və qarşısı alınması mümkün olmayan bir texnologiyadır. Ona sadəcə uyğunlaşmaq və tənzimləməyə çalışmaq lazımdır.

-Populyarlaşmaq demişkən, məlumunuz olduğu kimi, hazırda dünyadakı böyük kiber hücumlarda cinayətkarlar ödənişi bitcoin ilə tələb etməyə başlayıb. Elə bu yaxınlardakı WannaCry virusu buna misaldır. Sizcə, bu kimi hallar kriptovalyutanın inkişafını daha da sürətləndirə bilərmi? 

-Doğrudur, bitcoin və bir sıra digər kriptovalyutaların müsbət cəhətləri ilə yanaşı onun anonim olması və əməliyyatların şəffaflığına nəzarət imkanlarının olmaması kimi mənfi cəhətləri də mövcuddur. Ancaq açıq kodlu bir texnologiya olduğu üçün bir çox proqramçılar bu problemlərin həlli üçün yollar tapıb tətbiq edirlər. Hətta bir sıra valyutalarda onu alan şəxsin passport məlumatlarının onun əldə etdiyi kriptovalyutaların koduna daxil edilməsi belə həyata keçirilir ki, bu da valyutanın kimə məxsus olduğu və kimə ötürüldüyü barədə məlumat əldə etməyə imkan yaradır. O ki, qaldı WannaCry virusunu yaymış kiber cinayətkarların ödənişi Bitcoinlə tələb etməsinə, düşünürəm bunsuz da bütün dünyanın diqqəti bitcoinun və digər kriptovalyutaların dəyişim tendensiyalarındadır. İnternet dövründə yaşadığımız üçün informasiya bu gün insanlar arasında çox tez yayılır. Bunun üçün viruslarla diqqət cəlb etməyə ehtiyac yoxdur. Bu dahada kriptovalyutanın reputasiyasına zərbə vurur.

-Bu coinlərin bankdankənar dövriyyəsinin təhlükəsizliyi necə təmin olunmalıdır?

-Daha öncə də qeyd etdiyim kimi, blokçeynin özündə əməliyyatların texniki təhlükəsizliyi, istənilən bank sistemindən daha təhlükəsizdir. O ki, qaldı nəzarət baxımından təhlükəsizlik bunun üçün bir çox ölkələr, qlobal banklar iş aparır. Blokçeyni öyrənib onu nəzarət altına almaq üzərində düşünürlər. Hələki, bu sadəcə insanlara məxsus olan öz aralarında ödənişlərin təmin olunmasına imkan verən açıq bir texnologiyadır. Düşünürəm ki, bir vaxtlar necəki, internetin hər kəsə məxsus olan və hər kəsə açıq qlobal bir texnologiya olması qənaətinə gəlinib,  blokçeyndə də bir çox ölkələr eyni qənaətə gələcək. Açıq bir texnologiya olaraq blokçeyn inkişaf edib internetin daha təhlükəsiz bir alternativinə çevriləcək.

-Coinlərin məzənnəsinin təyin olunması necə həyata keçirilir?

-Coin-lərin məzənnəsinə təsir edən iki əsas faktor vardır. Birinci faktor çətinlik əmsalıdır. Bu onun sayının məhdud olması ilə əlaqədar olaraq hər yeni kriptovalyutanın əldə edilməsi öncəkinin əldə olunmasından daha çətin olması ilə əlaqədardır. Kriptovalyutanın mədənçiliyi prosesi nə qədər çətinləşərsə onun qiyməti də qalxır. İkinci faktor kriptovalyutaya olan tələbdir. İstifadə həcmi artdıqca kriptovalyutaya olan tələb də artır. Bu da təbii ki, onun qiymətinin qalxmasına gətirib çıxarır. Tələbin artmasına təbii ki, bu gün bir sıra fundamental faktorlar da ciddi təsir edir. Bu iki faktorun qarşılıqlı təsiri nəticəsində kriptovalyutanın qiymətində dəyişiklik baş verir.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.