Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018 / 10:47

Dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalandı.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) Microsoft  (Windows və Office) şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb.

Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) Microsoft proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub.

Həmçinin sazişin bağlanması zamanı Microsoft şirkəti tərəfindən təqdim olunan Tələbə Üstünlükləri proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (150.000 nəfər) əlavə olaraq pulsuz Microsoft WindowsMicrosoft Office proqram təminatı əldə olunub.

Sözügedən sazişə əsasən, NRYTN və Microsoft dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq. Belə ki, 2011-ci ildə artıq 10.000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilmişdi.

IDC (International Data Corporation) şirkətinin 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan üzrə lisenziyasız proqram təminatından istifadədə əvvəlki illərə nisbətən azalma müşahidə olunub. Tələb olunan lisenziyaların əksər hissəsi isə, məhz Microsoft şirkətinin məhsullarıdır.

Adıçəkilən saziş nəticəsində əldə olunan lisenziyalı proqram təminatının dövlət qulluqçuları tərəfindən istifadə olunması informasiya sistemlərinin və şəxsi məlumatların beynəlxalq kiberhücumlardan qorunma səviyyəsini artıracaq. Təhsil müəssisələrinin lisenziyalaşdırılması isə tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində, özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin 3 il ərzində kəskin azalmasına gətirib çıxaracaq.

Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

Qeyd edək ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinlik yaranır.

Mülkiyyət hüquqlarının qorunması ölkənin Rəqabətqabiliyyətlilik İndeksinin (Davos Ümumdünya İqtisadi Forumu) əsas komponentlərindən biridir.

Bundan əlavə, Dünya Bankının Ease of Doing Business indeksi üzrə Azərbaycanın mövqeyinə müsbət təsir edəcək saziş, sahibkarlığın yaxşılaşdırılması üzrə görülən institusional tədbirlərə və ölkədə investisiya mühitinə də təkan verəcək.

Layihənin operatoru qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən AzInTelecom MMC çıxış edəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.