“Maliyyə vəsaiti olmadığı üçün bəzi İKT layihələri həyata keçirə bilmədik”

05-10-2015 / 14:07

Məlum olduğu kimi, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kompüter Mərkəzi 2007-ci ildən fəaliyyət göstərir.  Bu yaxınlarda isə Mərkəzin bazasında “İKT, monitorinq  və  qiymətləndirmə” mərkəzi yaradılıb. 

Xeberler.az olaraq Mərkəzin fəaliyyətinin əsas məqsədi tədris, elm və idarəetmə fəaliyyətlərində   İnformasiya Texnologiyalarının tətbiqi ilə universitetdə təhsilin keyfiyyətini  yüksəltməkdir. Mərkəzdə görülən işlərlə tanışlıq məqsədi  ilə onun direktoru, dosent İlham Əhmədovla söhbətləşirik.

İlham Əhmədov söhbət əsnasında qeyd etdi ki, mərkəzin əsas məqsədi  universitet fəaliyyətinin prioritet  sahələrini informasiyalaşdırmaqdır.

 

“Mərkəz yaradılanda 5 illik fəaliyyət proqramı hazırlamışdıq, perspektiv fəaliyyətimiz bu proqramda öz əksini tapırdı. O zaman planlaşdırırdıq ki, hər tədris ilində  2-3 layihə  həyata keçirək. Proqramda  5 il  ərzində 15-dən  artıq layihənin həyata keçirilməsi nəzərdə tutulurdu. 5 illik proqramın icrası nəticəsində universitetdə  tədrisin  kompleks  informatlaşdırılmasına nail  olmaq mümkün idi. Proqramı hazırlayarkən beynəlxalq  təcrübədən yararlanmışdıq. 1996-2006-cı illərdə  artıq Rusiyanın  bir neçə pedaqoji universitetlərində İKT sahəsində maraqlı təcrübə toplanıb”. 

İlham Əhmədov vurğulayıb ki, İT  layihələri mürəkkəbliyi  ilə yanaşı həm də kapital tutumludur. Bura yüksək  səviyyəli  mütəxəssislər  cəlb edilməlidir:

“Təhsil sektorunda  İT  məsələlərinə  ayrılan  vəsait,  xüsusən də proqramçılara  verilən  məvacib əmək bazarında  mövcud  maaşlara  nisbətən  az olduğu üçün  bura  səviyyəli  mütəxəssislər  dəvət  etmək  çətin idi.  Layihələrin icrasına  maliyyə  ayrılmadığından inkişaf  proqramını tam reallaşdırmaq  mümkün olmadı. Bununla  belə  bəzi layihələri  icra etmək mümkün oldu. Universitetimizin rektoru, AMEA-nın müxbir üzvü,  prof. Yusif Məmmədovun təşəbbüsü ilə universitetdə  keçirilən  kollekvium  və  imtahanların  şəffaflığı və obyektivliyini təmin etmək üçün  mərkəz elektron test imtahanı sisteminin yaradılması  ilə məşğul oldu.  Bu layihəni  daxili imkanlarımız hesabına  icra etməli idik”.

İlham Əhmədovun sözlərinə görə, 2007-ci tədris ilinin oktyabr ayının sonu idi, kollekviumların başlanmasına  az vaxt qalırdı,  faktiki  olaraq 1 ay ərzində kompüterlər almaq və ümumi  tutumu 200  yerlik kompüter  sinifləri yaratmaq, onları  şəbəkədə  birləşdirmək, kompüterlərin yerləşəcəyi  sinifləri  təmir  etdirmək, mebellə təchiz etmək lazım idi. Ən çətini  isə az  vaxt  ərzində  elektron test imtahanı  üçün  proqram  təminatının yaradılması, əməkdaşları bu sistemlə işləməyi  öyrətmək (mərkəzdə  o vaxt  18 əməkdaş  çalışırdı),  universitetdə tədris olunan  500  fənn üzrə  kollekvium üçün  testlər  tərtib etmək idi:

“Proqram təminatı yaratmaq  məqsədi ilə  təcrübəli  proqramçı  Etibar  Axundovu  universitetimizə  işə  dəvət etdik. Etibar  müəllim  təhsilə  daim maraq  göstərən dəyərli ziyalılarımızdan  idi, o, az  məvacib ilə  bu  mürəkkəb işin icrasına  başladı və faktiki  olaraq  layihəyə  rəhbərliyi  öz  üzərinə götürdü. Cəmi  1 ay ərzində layihəni tamamlamaq mümkün oldu”.

Direktor Xeberler.az-a bildirib ki, 2007-ci  ilin  dekabr ayında  artıq  kollekviumların  elektron test sistemi  ilə  aparılmasına  başlanılıb: 

“2008-ci  ildən isə imtahanları  da  bu  sistemlə aparmağa başladıq.  Sonrakı  illərdə  proqram  sistematik olaraq  təkmilləşdirilirdi. Sonralar bu  proqram sistemi  digər universitetlər  tərəfindən  də  uğurla  tətbiq edildi.

Mərkəz  universitetin  informasiya-təhsil portalının  (adpu.adu.az)  yaradılması və idarəedilməsi  funksiyasını  də yerinə yetirirdi.  Paralel olaraq  professor–müəllim heyətinin və texniki personalın kompüter savadlığının yüksəldilməsi  üzrə  kurslar  da  təşkil edirdik. Kompüter savadlılığının yüksəldilməsi istiqamətində treninqlərdə Avropada kompüter savadlılığının standartları üzrə keçirilən  kurslar  (ECDL) tələbələrimiz  tərəfindən maraqla  qarşılanır”.

İlham Əhmədov həmçinin qeyd edib ki, təhsildə İKT-nin tətbiqinə  dair  bir  neçə beynəlxalq və respublika  səviyyəli  konfranslar  təşkil edilib:

“Təhsildə İKT adlı elmi-metodik jurnal  nəşr etməyə başladıq. Bu jurnal Ali Attestasiya Komissiyasının  siyahısına daxil edilib.  Hazırda  Mərkəzdə  təhsilin informasiyalaşdırılması ilə yanaşı, tədris prosesinin  qiymətləndirilməsi və monitorinqi, universitetdə keyfiyyətin idarə edilməsi məsələləri ilə məşğul oluruq. İnkişaf  proqramında  nəzərdə tutulan layihələrin zəruri səviyyədə maliyyələşməməsi  səbəbindən  bir çox layihələri həyata keçirə bilmədik. Beynəlxalq  təcrübədə  universitetlərin  ümumi  büdcəsinin 30-40 faizi  İT layihələrinə sərf edilir. Bu layihələr müxtəlif  mənbələrdən maliyyələşir.

Bu gün milli universitetlərimizin  İKT  sahəsində problemləri  çoxdur, bu  problemlərin  kökündə isə  yüksək ixtisaslı  kadr  çatışmazlığı  və  maliyyə  vəsaitlərinin çatışmazlığı durur”, deyə o bildirib.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə