“Mədəniyyət və Turizm Nazirliyindən heç bir maddi və mənəvi dəstək ala bilməmişik”

20-02-2015 / 17:54

“Elektron kitabxanalar ənənəvi kitabxanaları üstələyir...”

www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun Xəbərlər-ə müsahibəsini təqdim edirik.

- Bu gün www.kitabxana.net portal azərbaycandilli İnternet istifadəçiləri və gənclər arasında xeyli  populyardır. Maraqlıdır, bu Milli Virtual-Elektron Kitabxananı yaratmaqda məqsədiniz nə olub?

- Artıq heç kimə sir deyil ki, dünyada ənənəvi - kağız kitab nəşri çox baha başa gələn bir prosesdir. Milyonlarla adda və tirajda kitabları çap etmək üçün kifayət qədər rəng, kağız lazımdır, mətbəə, nəşriyyat, satış şəbəkələri işləməlidir.  Digər tərəfdən kitabın nəşri zamanı ekologiya böyük zərbələr dəyir. Kəsilən ağaclar, məhv edilən meşələr, zavodlar, fabriklər, mətbəələr işləyir, fəhlə əməyi, nəqliyyat xərcləri, satışın təşkili,  sərf olunan enerjini də bunların üstünə gələndə, görün, nə qədər resurslardan yararlanmaq lazım gəlir. Amma elə həmin sayda elektron kitab, yaxud ənənəvi kağız kitabın rəqəmsal variantını nəşrə hazırlayanda, bunların böyük əksəriyyəti bizə lazım olmur. Müəlliflə naşirlərə, satış qurumlarına, sadəcə, həmin kitabı hazırlayan İKT qurumları və İnternet imkanlarından yararlanmaq gərək olur...

Vaxtilə ABŞ tərəfindən maliyyələşdirilən “Güttenberq” adlı qlobal İnternet layihəsi həyata keçirilirdi.  Azərbaycanın da cəlb olunduğu o maraqlı layihənin məqsədi bütün dünya üzrə bəşəriyyətin indiyə qədər qazanmış olduğu elmi, bədii, dini, poetik və digər əsərlərin, müxtəlif mətnlərin, bir sözlə, ələmə alınan bütün yazıların elektronlaşdırılması, eləcə də onların İnternetdə yerləşdirilməsi idi. Layihə müəllifləri bununla da bütün insanlara bu mətnlərdən, yazılardan, bilgilərdən birbaşa, heç bir mane olmadan istifadə etmək imkanı vermək fikrindəydilər. Daha dəqiq ifadə etsək, İnternetin intellektual-kreativ resurslarının hər kəsə əlçatan olması, hamının dünyada yaranan mətnlərə, yazılmış kitablara birbaşa çıxışını təmin etmək bu layihənin qarşısına qoyulan əsas məsələ idi. Vaxitilə Azərbaycanın bir neçə dövlət kitabxanalarının əməkdaşları da bu layihəyə qoşulsalar da, təəssüflər olsun ki, sonrakı mərhələdə bütün işlər yarımçıəq qoyuldu. Və biz düşündük ki bu sahədə boşluğu doldurmaq lazımdır.

-Deməli, əslində şərait Sizi belə bir resursun hazırlanmasına istiqamətləndirib  

 Bəli. Belə bir şəraitdə ədəbiyyat, kitab işi ilə məşğul olan, rəhbərlik etdiyim Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq ölkəmizin elektron kitabxana, e-kitab, rəqəmsal nəşrlər, intellektual şəbəkə resursları sahəsindəki boşluqları görüb uyğun fəaliyyət strategiyası qəbul etdi. Bu vacib istiqamətdə əvvəlcə maarifçilik işləri aparırdıq, daha sonra əməli işə başqlamağı qərara aldıq.  Azərbaycanla bağlı İnternet resursların inkişafı ilə əlaqədar ictimaiyyət qarşısında bir çox məsələlər qaldırandan sonra gördük ki, bunlardan biri də elektron kitabxanalar sahəsindəki böyük boşluqlardır. O zaman azeriblog.com bloq sistemində yaratmış olduğumuz xariciedebiyyat.azeriblog.com ünvanlı resursumuzu təkmilləşdirdik və 2009-cu ildə indiyə qədər inkişaf etdirdiyimiz, zənginləşdirdiyimiz www.kitabxana.net milli e-kitabxanamızı yaratdıq. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı vəsaitlə uşaq ədəbiyyatı ilə bağlı layihəni həyata keçirən zaman ilkin olaraq kitabxana.net resursumuzun təməlini qoyduq. Bizə ayrılmış altı min manata elektron kitabxanamızın ilkin variantı yaratdıq.

- 6 min manata başa gələn virtual kitabxanaya bu gün nə qədər pul sərf olunur? Əgər sirr  deyilsə, açıqlaya bilərsinizmi?

- Əslinə qalanda bu cür elektron resurslar - ictimai kitabxanalar çox böyük maliyyə-texniki resurslar tələb edir. Rusiyada lib.ru saytı fəaliyyət göstərir – nəhəng İnternet resursu sayılır. Hər il həmin portala Rusiya prezidenti yüz min avro dəyərində maliyyə yardımı ayırır. Bunun səbəbini isə belə izah edirlər ki, lib.ru saytı Rusiyanın milli sərvəti, ölkənin intellektual-kulturoloji resursudur və onu mütləq inkişaf etdirmək vacibdir.  Azərbaycanda vəziyyət bu cür olmasa da, bu və ya digər dərəcədə hər il bizə müəyyən maliyyə köməkliklər olur. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər Fondu, Azərbaycan Gənclər və idman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi tərəfdaşlarımız olaraq imkan daxilində maliyyə dəstəklərini bizdən əsirgəmirlər. Yalnız Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən indiyə qədər heç bir maddi və mənəvi dəstək ala blməmişik, halbuki biz daha çox onların görməli olduğu işləri yerinə yetiririk...

-Kitabxana.net portalından istifadə qaydaları necədir? Bu barədə istifadəçiləri məlumatlandırmaq istərdik.

- İstənilən şəxs, - harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından fərqi yoxdur, -  portalımıza www.kitabxana.net şəbəkə ünvanından daxil ola bilər. Daxil olandan sonra hər kəs hətta qeydiyyatdan keçmədən açıq virtual bazalarımızdan e-kitab, mətnlər endirmək imkanını qazanmış olur. Portalda bloqlar sistemi, e-kitabxana resursu, kitab satışı, elmi elektron nəşrlər, eləcə də uşaqlar üçün e-kitabxana bölümləri var. Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq marağındayıq ki, bu resurslarımızdan daha çox insan yararlansın. İndiyəcən öz nüfuzum hesabına bu kitabların elektron variantlarını əldə etmiş, e-kitabxanamızda yerləşdirərək oxucuların azad istifadəsinə buraxmışıq.

-Elektron kitabxananızda neçə kitab var və ən çox hansı kitablar üstünlük təşkil edir?

 - İki min iki yüzdən çox e-kitabımız var və onların əksəriyyəti bədii kitablardır. Resursumuzda ta qədim dövrdən başlayaraq XXI əsrə qədərki Azərbaycan ədəbiyyatının nümunələrini yerləşdirə bilmişik. Bildiyiniz kimi klassik ədəbiyyatımızın böyük əksəriyyətini şeirlər, poemalar, dastanlar, folklor nümunələri təşkil edir. Amma tarixi, elmi, fəlsəfi e-kitablarımız da çoxdur, eləcə də Qədim Şərq, Qərb və dünya ədəbiyyatı, elmi, fəlsəfəsinə aid edilən çoxsaylı rəqəmsal nəşrlər, e-kitablarımız var.

Ümumilikdə götürsək, kitabxanada olanların 60 faizi bədii, 40 faizi isə elmi, siyasi, ictimai, dərsliklər, lüğətlər, ensiklopediyalar və bir qismi də dini kitablardır.

- Sizcə, hazırda elektron kitabxanalarla klassik kağız kitabxanalar arasındakı rəqabət hansı səviyyədədir?

 - Gedin Elmlər Akademiyasının nəzdində yerləşən kitabxanalara, yaxud Mirzə Fətəli Axundov adına Milli Kitabxanadan istfadə edən oxucuların sayına baxın.  Görün nə qədər insan oralardan yararlanır? Bir də bizim elektron kitabxananın sayğaclarının göstərdiyi faktlara diqqət verin. Günün birinci yarısıdır, hələ heç nə yerləşdirməmişik, amma portala 165 nəfər daxil olub və haradasa 700-ə istifadəçi hansısa kitabı endirib. Günün sonunda isə bu  rəqəm 6-7 min nəfərə yaxınlaşır.

Tətillərdə bu rəqəm, yəni protala giriş edənlərin sayı daha çox olur. Hazırda mail.ru-nun sayğac sisteminin nəticələrinə görə Rusiya və dünya rusdilli ədəbi-elmi İnternet resurslarınaa giriş üzrə reytinqdə kitabxana.net portalı 324-cü yerdə qərarlaşıb. Arada hətta ilk yüzliyə də daxil oluruq. Bu reytinq onu göstərir ki, bizim elektron kitabxanamız çox tələb olunan İnternet resurslarından biri hesab olunur.

Sözsüz ki, elektron kitabxanalar ənənəvi kitabxanaları bir çox cəhətlərinə görə üstələməkdədirlər. Ona görədir ki, ənənəvi kitabxanaların özləri də elektronlaşmaya meyl göstərirlər. Onların elektronlaşdırılmasıyla bağlı dövlət tələbləri, standartları var və bu gün hər bir klassik kitabxana öz saytını yaradır.

- Elektron kitabxanaların əsas üstünlükləri nələrdir?

- Təsəvvür edin ki, bizim iki min iki yüz ədəd e-kitabın kağız variantını siz öz evinizdə saxlayırsınız. Bir-iki otaqlı evdə yaşayırsınızsa, otaqlarınız dolacaq. Digər bir tərəfdən, kağız formalı kitabları istehsal etmək üçün nə qədər meşələr kəsilir, zavodlar və insanlar işləyir, ekologiya pozulur. Onsuz da qlobal istiləşmə  dövründə yaşayırıq, havasızlıqdan boğuluruq... 

- Portala xarici ölkələrdən daxil olanlar varmı? Hansı millət daha çox istifadə edir?

- İranda yaşayan Güney Azərbaycandakı soydaşlarımız, eləcə də dünyanın hər yerinə səpələnən azərbaycanlıların  daha çox müraciət etdikləri resurslardan sayılırıq. Türkiyə, ABŞ, Rusiya, İraq, Böyük Biritaniya, Braziliya, Çex Respublikasıdan da istifadəçilər portala girib istifadə edirlər. Sizə maraqlı bir fakt deyim: bu yaxınlarda baxıb gördük ki, Ermənistandan xeyli sayda insanlar portala daxil olur. Hər gün Dağlıq Qarabağdan 25 nəfərdən çox istifadəçi portalımızı ziyarət edir. Təsəvvür edin ki, münaqişədə olduğumuz, torpaqlarımızı işğal edən, düşmən saydığımız şəxslər bizim e-kitablardan istifadə edirlər.
Düşünürəm ki, biz elektron kitablarla ermənilərin düşüncələrini, beyinlərini işğal etməyə çalışmalıyıq. Bəzən mənə çatmır: bizdə deyirlər ki, niyə “Sarı gəlin” mahnısını ermənilər oxuyur? Doğrudur, öz adlarına çıxırlar. Amma onlar hiss etmirlər ki, biz öz musiqi kodlarımızla, estetik şifrələrimizlə onların beynini zəbt edirik. Bu, çox önəmli bir məsələdir.

- Virtual kitabxananızda müəllif hüquqları nə dərəcədə qorunur? Nəşriyyatlarla bağlı problemləriniz olurmu ?

- İndiyə qədər cəmi iki nəşriyyatdan şikayət eşitmişik ki, “Niyə bizim kitabları elektron varianta çevirmisiniz?” Araşdırdıq və gördük ki, həmin hadisələr belə olub: Paulo Kuelonun “Kimyagər” əsəri, daha bir e-kitab hansısa oxucumuz tərəfindən, özü də türk dilində portalımıza yerləşdirilib və biz də onun ictimai yayımlanması üçün təsdiqləmişik. Türk dilində olan o e-kitabların isə həmin nəşriyyatlara heç bir dəxli yox idi. Nəşriyyat isə hay-küy qoparmışdı ki, niyə bizim kitabları elektron nəşrə çevirmisiz və İnternetdə yerləşdirərək biznes haqlarımızı pozmusuz? Bu hay-küyün səbəbi isə çox sadədəir: onların kağız variantda çap etdiklərio kitabların satışında maddi maraqları vardı. Biz onları da başa düşürük. Həm nəşriyyatların, həm də müəlliflərin maddi marağı qorunmalıdır. Bir vaxtlar biz əlaqədar qurumlara hətta təklif də eləmişdik ki, Azərbaycan kimi ölkələrdə  kitab satışı, kitabla bağlı oxucu  problemləri olduğu cəmiyyətlərdə dövlət fondları,  yaxud hər hansı bir ictimai qurumlar yaradılsın və kitablarının e-formatı İnternetdə yayımlanan müəlliflərə birdəfəlik qonorar verilsin.

- Bəs müəllif hüquqları ilə bağlı vəziyyət necədir?

-Müəllif və əlaqəli hüquqlarla bağlı isə problemimiz yoxdur. Bizdə e-kitabı yayımlanan istənilən müəllifə də demişik ki, nə vaxt istəsəniz  müraciət edin, o dəqiqə hazırlayaraq yayımladığımız e-kitabınızı portalımızdan götürək. Bir də “Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında" adlı qlobal müəllif haqlarını tanıyan elektron sazişə uyğun olaraq, əsəri portalımızda yerləşdirilən istənilən şəxsin müəllif hüquqları tanınır. Humanitar və ictimai-mədəni layihə olaraq portalımızın materiallarını istifadə edən zaman birinci müəllifə, ikinci isə www.kitabxana.net-ə, istinad etmək mütləq şərtlərimizdəndir. Bununla da çalışırıq ki, müəllif və əlaqəli hüquqların etik cəhətdən qorunmasını təmin edirik.

- Bu gün fəaliyyət göstərən e-kitabxanaların vəziyyəti sizi qane edirmi? Hansı problemlər var?

 - E-kitabxana yaratmaq könüllülərn işi deyil. Dünyanın hər yerində bununla bağlı çox böyük maliyyələr ayrılır, müəssisələr işləyir, İKT şirkətlər yaradılır. İstənilən elektron kitabxananın qurulması üçün böyük miqdarda maddi vəsait, çoxlu əmək sərf etmək, əqli zəhmətlə məşğul olan, innovativ yeniliklər edən peşəkar mütəxəssislər lazımdır. Təsəvvür edin, bu boyda e-kitabxananın, ümumiyyətlə, həm də bizim təşkilatın ofisi belə yoxudur. Öz iş otağımızdan, qismən də yaşadığımız mənzildən bu işləri görürük. Hər kəs evində, yaxud öz iş yerində bu fəaliyyətlə məşğul olur. İkinci problem isə mütəxəssislərin az olmasıdır. Yəni həm hüquqi, həm mədəni cəhətdən, həm intelektual tərəfdən, həm rəqəmsal kitabların hazırlanması ilə bağlı böyük çətinliklərlə üzləşirik.

Digər problem isə insanların könüllü olaraq bu sahədə işləmək istəməməsidir. Yəni hər şey bizim boynumuzda qalır.  Bizimkilərin heç vecinə də deyil, elə bil biz bunu amerikanlar, ermənilər üçün edirik. Kimdənsə xahiş edəndə ki, bizə on kağız kitabın elektronlaşmasına texniki  avadanlıq  məsələsində yardımçı olun deyəndə çoxları yaxasını qırağa çəkir, sanki öz uşaqlarına lazım deyil bu elektron resursumuz. Maddi məsələkər də ağrılı yerimizdir. Baxın, sadaladıqlarımızın hamısı ciddi problemlərdir ki, fəaliyyətimizin daha da məqsədəyönlü olmasının qarşısını alır. Bir də bu işlərə sərf ediləsi zamanın az olması, vaxtımızın çatışmaması böyük problemdir: axı ailəni də saxlamaq üçün işləmək, pul əldə etmək lazımdır... 

- Sizcə, daha hansı növ kitabların elektronlaşdırılması vacibdir?

-Öncə intelektual ədəbiyyatın elektronlaşdırılmasına böyük ehtiyac duyulur. Təəssüf ki, sahə ədəbiyyatı, elmin müxtəlif qollarına aid spesifik ədəbiyyatların, dərsliklərin elektronlaşdırılması hələ də arzuolunan səviyyədə deyildir. On ildir ki, biz məktəb kitablarının elektronlaşdırılmasının vacibliyini cəmiyyətə çatıdırırdıq. Nəhayət, ötən il Təhsil Nazirliyi tərəfindən dərsliklərin elektronlaşdırlması başlandı, bu il isə bu sahə ilə bağlı müəyyən resurslar yaratmağa start verdilər.Yeri gəlmişkən, Təhsil Nazirliyi dərsliklərlə bağlı müəlliflərə pul verir. Nə üçün kağız kitab şəklində çap olunan o dərsliklərin elektron variantları rəqəmsal formaya salınıb İnternetdə yerləşdirmirik? Axı o müəlliflərə pul verilib və hər il dərsliklərin hazırlanmasına milyonlarla pul xərclənilir. Bu məsələni araşdırmaq lazımdır...

Tərlan Yusif

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə