“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

08-07-2015 / 13:00

Xeberler.az Uşaqların İnternetdə təhlükəsizliyi mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev ilə müsahibəni təqdim edir:

-Pərviz müəllim, uşaqların İnternetdə təhlükəsizliyi ilə bağlı  valideynlərin maarifləndirilməsi üçün Komitə hansı addımları atır?

-Dövlət Komitəsi tərəfindən maarifləndirmə xarakterli materiallar hazırlayırıq. Təşkil etdiyimiz maarifləndirici təlimlərdə valideynlərə kompüterin uşağın yataq otağında deyil, valideynin birbaşa nəzarət edəcəyi, övladının hansı saytlara daxil olduğunu görə biləcəyi yerdə quraşdırılması məsləhət görülür.

Təhsil işçilərini, valideynləri maarifləndirmə kampaniyalarına cəlb edirik. Əksər hallarda uşaq təhsildən yayınaraq dərs zamanı hansısa İnternet klubda, onu təhsildən yayındıran işlərlə məşğul olur. Bu zaman öhdəlik təhsil işçilərinin üzərinə düşür . Onlar uşağın dərsdən yayındığı hallarını valideynə bildirməli, uşaqla tərbiyələndirici söhbətlər aparılmalıdır.

Müxtəlif internet klublara reydlər, monitorinqlərimiz zamanı müşahidə edirik ki, uşaqların çox hissəsi dərs zamanı internet klublara üz tutur. Və bundan valideynin xəbəri olmur. Bəs nə etməli? Təhsildən yayınma halları yaşanarsa dərhal valideyn məlumatlandırılmalı, məktəb psixoloqu tərəfindən ailəyə mövzu ətrafında ikitərəfli kömək göstərilməlidir. Bu məsələ ilə bağlı kompleks tədbirlər görülməlidir. Təkcə valideyn, məktəb yox, uşağın təhsil aldığı mühitə xüsusi diqqət yetirilməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tədqiqatlar göstərir ki, məktəb yaşlı uşaqların dərs saatlarında internet klublara girişində obyekt rəhbərləri bu vəziyyətdən narahat deyil. Ona görə, cəmiyyət özü də tərbiyələndirici funksiya daşımalıdır.

-Valideynlər övladlarını İnternetdəki zərərli informasiyalardan qorumaq üçün hansı addımları atmalıdır?

- Valideynlərin əsas rolu uşaqların İnternetdən təhlükəsiz istifadə etməsində övladlarına nəzarət etməkdir. Valideyn övladının İnternetdən hansı məlumatları əldə etdiyini, neçə saat istifadə etdiyini bilməlidir.

-Uşaqların İnternetdə təhlükəsizliyinin qorunması ilə bağlı dövlət səviyyəsində hansı tədbirlər görülür və nəzərdə tutulur?

-İnternet kafelərlə bağlı müvafiq tədbirlər görülüb, məktəb ətrafında olan İnternet klublar isə nəzarətə götürülüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bu sahədə birgə əməkdaşlıq edirik.

- Bir qədər öncə məlumat verilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən uşaqların İnternetdə təhlükəsizliyi üzrə “Ağ siyahı” (“white list”) yekunlaşmaq üzrədir. Siz məsələ ilə bağlı qurumla əməkdaşlıq edirsinizmi?

-Rabitə və Yüksək Texnologiyalar Nazirliyi süzgəc sistemi yaradır: əsas məqsəd uşaqların lazımsız saytlara girişini qadağan etməkdir. Bunun vasitəsilə evdəki və İnternet klublardakı kompüterlərdən azyaşlıların təhlükəsizliyi sual altında olan saytlara girişinin qarşısı alınmış olur. Uşağın tərbiyəsinə, psixikasına  birbaşa təsir edən saytlara giriş məhdudlaşır. Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid olduğu üçün yekunlaşması və tətbiqi ilə birbaşa Nazirlik məşğul olur.

-İnternet-klublarda uşaqların təhlükəsizliyinin qorunması  ilə bağlı Komitə tərəfindən hansısa tədbirlər planı hazırlanıbmı və yaxud da təkliflər olubmu?

-Apardığımız monitorinqlər zamanı bizim qurumla yanaşı, bir neçə dövlət qurumu nümayəndələri, həmçinin sahə üzrə polis müfəttişləri, aidiyyəti nazirlik nümayəndələri və s. iştirak edir. Əsas məqsəd məktəb ərazisində fəaliyyət göstərən internet klublarda azyaşlılara girişə icazə verən obyekt rəhbərlərini məlumatlandırmaq, bu hal bir neçə dəfə təkrarlanarsa cəza tədbirləri həyata keçirməkdir. Təbii ki, biz deyə bilmərik ki, məktəb ətrafında İnternet klub açmaq olmaz. Qanunda belə bir maddə yoxdur.  Uşaqların İnternetdə təhlükəsizliyində bütün ictimaiyyət məsuliyyətli olmalı, obyekt rəhbərliyi azyaşlıların dərs vaxtı girişini qadağan etməlidir. Düşünürük ki, “Ağ siyahı” layihəsi prosesin asanlaşmasına çox kömək edəcək. Valideyn kompüteri aldığı zaman yerindəcə sözügedən proqramı yazacaq və uşaq kompüterdən istifadə edərkən sistem fəaliyyətə başlayacaq. Girişi qadağan olunmuş saytlar açılmayacaq.

-Beynəlxaq təcrübə göstərir ki,  uşaqların İnternetdə təhlükəsizliyinin qorunması sahəsində dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı daha çox fayda verir. Bu istiqamətdə bizdə vəziyyət necədir ?

-Təbii ki, beynəlxalq statistikanı nəzərdən keçiririk. Bizim qurum olaraq əsas öhdəliyimiz beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycanda formalaşan sistemin beynəlxalq təcrübəyə uyğunlaşmasını təmin etməkdir. Komitə uşaqların İnternetdə təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirmək, problemlərin həlli üçün peşəkarlarla birgə çalışmağa xüsusi önəm verir. Cəmiyyət uşaqların internetdə təhlükəsizliyinə biganə yanaşmamalı, bu sahədə problemlə qarşılaşarsa Komitəyə müraciət etməlidir.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə