“Məktəblər texnoparklar vasitəsi ilə birləşməlidir”

26-11-2015 / 12:17

Bir müddət  əvvəl məlumat verdiyimiz kimi, Təhsil Nazirliyi tərəfindən 50 pilot məktəbinin  10-11-ci siniflərində  informatika fənni ləğv edildi.  Bu qərar təbii olaraq cəmiyyətdə birmanalı qarşılanmadı.

Hazırda da bu istiqamətdə narazılıqlar davam edir ki, bu qərar  məktəbdə şagirdlərin İKT biliyi qazanmaq, bu sahədə müəyyən  informasiya əldə etmələrinə  qarşı tətbiq edilən əngəldir.  Digər bir problem isə  hazırda orta məktəblərdə startap sahəsi ilə bağlı maarifləndirmə tədbirlərinin görülməməsidir.

“Araşdırmaya görə, bu il I qrup üzrə imtahan verən şagirdlərin 14-15 faizi İKT ilə bağlı sahələri seçib. Müqayisə üçün demək istərdim ki, bu göstərici riyaziyyat fənni üçün 13 faiz olaraq göstərilib. Buradan da belə nəticəyə gəlmək olar ki, İKT sahəsinə maraq çoxdur. İnformatikanın 10-11-ci siniflərdə ləğvi təbii olaraq bu nəticələrə mənfi təsir edəcək”.

Bunu hazırda orta mətkəblərdə İKT-nin mövcud vəziyyətini  Xeberler.az-a şərh edən tanınmış informatika müəllimi, informatika dərsliklərinin müəllifi Naidə İsayeva deyib.

Naidə İsayeva  bildirib ki,  I ixtisas qrupu üzrə hazırlaşan uşaqların çoxu İKT sahəsini seçirlər. O hesab edir ki, informatika fənni texniki təmayüllü siniflərin yuxarı siniflərində qaytarılmalıdır.

İnformatika müəllimi  orta məktəblərdə şagirdlərin maraqlı ideyalarının olduğunu, lakin şagirdlərin bununla bağlı hara müraciət  edəcəklərini bilmədiklərini deyib. Naidə İsayeva təklif edib ki, bu məsələni tənzimləmək, şagirdlərə bu istiqamətdə  şərait yaratmaq üçün orta məktəbləri texnoparklar vasitəsilə birləşdirmək lazımdır:

“Bir müəllim olaraq uşaqlarla işlədiyimiz zaman görürük ki, ümumtəhsil məktəblərində İKT sahəsində addımlamaq istəyən, çalışan şagirdlərimiz var. Onların çoxu maraqlı ideyalar irəli sürürlər. Amma tələbə yox, şagird olduqlarına görə ideyalarını həyata keçirmək, üzərlərində inkişaf etdirmək üçün hara müraciət etməli olduqlarını bilmirlər. Belə məsələlərdə problemlər çoxdur. Məktəbləri ali məktəblərlə birləşdirmək lazımdır. Zənnimcə, bunu texnoparklar əsasında həyata keçirmək olar. Yəni, texnoparklar şagirdlərə əlçatan olmalıdır ki, onlar öz ideyaları ilə müraciət etsinlər, alimlərlə, ekspertlərlə məsləhətləşsinlər. Bu sahədə məktəblərə daha çox diqqət artırılsa yaxşı olar”.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə