Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

16-03-2017 / 11:03

Microsoft  korporasiyası MDB məkanında ilk dəfə olaraq Bakıda “Gələcəyin səhiyyə müəssisəsi” adlı seminar təşkil edib.

Microsoft  şirkətinin “Milli İnkişaf Planının” tərkib hissəsi sayılan, səhiyyə sahəsində aparıcı texnologiya və inovasiyaları nümayış etdirmək məqsədilə təşkil olunan və tibb müəssisələrin rəhbər vəzifəli şəxsləri üçün nəzərdə tutulan seminar Microsoft Azerbaijan şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin dəstəyi ilə keçirilib.

Bu barədə Xeberler.az-a  Microsoft Azerbaijan-dan məlumat verilib. 

Tədbiri giriş sözü ilə açan Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov yüksək texnologiyaların səhiyyə sahəsində, o cümlədən insanların həyatında vacib rol oynadığından danışıb və bildirib ki, tibb sahəsində innovasiya texnologiyalarının tətbiqi sözügedən sahənin inkişafına, ən əsası isə insanların sağlamlığının qorunmasına yardım edir:

“Biz Microsoft Azerbaijan şirkəti olaraq ölkənin tibb müəssisələri ilə əməkdaşlıq etməyə və Azərbaycanın səhiyyə sahəsinin inkişafına öz töhfəmizi verməyə hazırıq. Microsoft-un bu sahəyə aid bir çox müasir məhsul və həlləri mövcuddur ki, Azərbaycanın səhiyyə müəssisələri bunlardan yararlana bilərlər. Məqsədimiz – innovasiyalar vasitəsilə Azərbaycan iqtisadiyyatının inkişafına dəstək olmaqdır”.

Öz növbəsində seminarda çıxış edən Respublika Müalicəvi Diaqnostika Mərkəzi “Ürək mərkəzinin” müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov

Microsoft  şirkətinin atdığı bu addımı yüksək qiymətləndirib və innovasiya texnologiyaların Azərbaycanın səhiyyə sahəsində tətbiqi məsələsində tərəflərin gücünün birləşdirilməsinin əhəmiyyətini qeyd edib:

“İnformasiya texnologiyaların səhiyyə sahəsində geniş tətbiqi bir çox tibbi proseslərə müsbət təsir göstərəcək. İnnovasiya texnologiyalarının yaratdığı imkanlar həkimlərin məqsədlərinə çatması istiqamətində yardımçı olacaq”.

Seminar çərçivəsində Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda səhiyyə həlləri üzrə direktoru Lorenzo Penqo “Gələcəyin səhiyyə müəssisəsi” mövzusunda təqdimatla çıxış edib və bildirib ki, Microsoft korporasiyası bu il texnologiyaların inkişafına 12 mlrd. ABŞ dolları məbləğində investisiya ayırıb:

“Azərbaycanın səhiyyə müəssisələri Microsoft-un bir çox müasir həllərindən yararlana bilər ki, sözügedən müasir texnologiyalar vasitəsilə həkimlər pasiyentlərini məsafədən müayinə edib, onların xəstəlik vərəqələrinin uçotunu aparıb və ümumiyyətlə kağızsız idarəetmə sisteminə keçə bilərlər”.

Tədbir zamanı “TeleSəhiyyə”, “Xəstəxana İnformasiya Sistemi – eResept”, “Kağızsız səhiyyə – rəqəmsal görüntüləmə”, “Səhiyyədə təhlil həlləri” mövzuları üzrə təqdimatlar keçirilib və panel müzakirələri təşkil olunub. Bundan başqa, seminarda Microsoft şirkətinin “HoloLens” eynəklərinin xəstənin sağlamlığına məsafədən nəzarətetmə, düzgün diaqnoz müəyyənetmə, doğru müalicə təyinetmə və bu kimi digər üstünlükləri nümayiş olunub.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.