Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019 / 11:21

Ötən həftə 11-15 tarixlərində Azərbaycanda ilk dəfə Beynəlxalq kibertəhlükəsizlik həftəsi keçirilmişdir. “Microsoft” şirkətinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackaton” müsabiqəsi, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “İSO 27001” üzrə “Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidməti: Kibertəhlükələr və onların mühafizə üsulları” respublika elmi-praktiki seminar və bu kimi mövzularda tədbirlər təşkil edilib.

Xeberler.az  bildirir ki, Kibertəhlükəsizlik həftəsinin ilk tədbiri “Microsoft” şirkətinin sahənin mütəxəssisləri və istehlakçıları üçün keçirdiyi seminarla başladı. Seminarın açılışında iştirakçıları salamlayan Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov qeyd etdi ki, artıq Azərbaycana kiber hücumların sayı artıb və ölkə inkişaf etdikcə xakerlərin marağı da artır.

“Ümid edirəm ki, bunu nəzərə alaraq, dövlət və özəl sektorların əməkdaşlığı nəticəsində kiber hücumlardan qorunmaq üçün birgə fəaliyyət, o cümlədən daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”, - deyə Microsoft şirkətinin Azərbaycan üzrə direktoru Sərxan Həşimov bildirib.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 14 mart 2019-cu il tarixində “Microsoft”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən CERT xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin müzakirəsi olub. Tədbirdə ölkəmizdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlıq səviyyəsinin qaldırılması istiqamətlərində görülən işlər haqqında məlumat verilib.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. “Microsoft” şirkətini Forumda Mərkəzi və Şərgi Avropa ölkələrinin Proqram Aktivlərinin İdarəetməsi və Uyğunluq üzrə Regional Direktor Laurent Signoret təmsil edib. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.

VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) əsas məqsədi daha səmərəli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internet tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün ideal platformadı.

"Microsoft" şirkətinin ölkəmizdə rəsmi nümayəndəliyinin dəstəyi ilə kibertəhlükəsizlik üzrə ekspertləri Mərkəzi Banka dəvət edilib və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və kommersiya banklarının müvafiq əməkdaşlarının iştirakı ilə "Kibertəhlükəsizlik və müdaxilə sınaqlarının mahiyyəti" adlı tədbir keçirilib. Tədbirdə "İnformasiya təhlükəsizliyi üzrə trendlər", "Kibertəhlükəsizlik zərurəti", "Haker təhdidləri", "Müdaxilə sınaqları üzrə tövsiyələr" mövzularında təqdimatlar edilib, kiberhücum nümunələri nümayiş etdirilib, habelə kibertəhlükəsizliyin gücləndirilməsi üzrə müvafiq tövsiyələr verilib. Təqdimatlar zamanı müasir innovativ həllərin tətbiq sahələri müzakirə edilib, informasiya təhlükəsizliyi üzrə risklər və onların minimallaşdırılması istiqamətində preventiv kibertəhlükəsizlik tədbirləri barəsində müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda da təlimlər təşkil edilib. Təlim üçün regionlarımıza səyahət edilib və böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilib. Burada məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanıb, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə