Mobil internetlə WhatsApp zəngi etmək hələ də mümkün deyil

04-12-2015 / 12:46

Delta Telecom-da baş vermiş yanğından sonra ölkədə WhatsApp-ın zəng funskiyasının qismən bərpa olunduğunu bildirmişdik.

Noyabr ayının 16-da baş vermiş yanğından iki gün öncə ölkədə WhatspApp-ın zəng funksiyasının işləməməsi ilə bağlı araşdırma yazımız dərc olunmuşdu.

Xeberler.az olaraq bu məsələni araşdırmağa davam etdik və yenidən keçirdiyimiz sınaqlar hələ də mobil internet vasitəsilə WhatsApp zənglərinin mümkün olmadığını təsdiq etdi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin Xeberler.az-a verdiyi məlumata görə, ölkədə WhatsApp-ın zəng funksiyasına hər hansısa məhdudiyyət qoyulmayıb. Bu problemin WhatsApp şirkətindən və ya internet təminatçılarından qaynaqlana biləcəyini bildiriblər.

Lakin həm əsas backbone provayder Delta Telecom, həm də mobil operatorlar bildiriblər ki, belə bir məhdudiyyət tətbiq etmirlər.

Delta Telecom-un baş direktoru Ramazan Vəliyev ANS TV-yə müsahibəsində yanğının MTN-nin orada yerləşən Data Mərkəzində baş verməsini təsdiq etdi və bildirdi ki, bu sistem təkcə Delta Telecom-da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq digər rabitə operatorlarında da quraşdırılıb.

Bütün bunları nəzərə aldıqda yanğından sonra WhatsApp-ın zəng funskiyasının qismən bərpa olunması məhdudiyyətin MTN tərəfindən qoyulması barədə şübhələrin əsaslı olduğunu göstərdi.

Əgər Ramazan Vəliyevin dediyi kimi bütün rabitə operatorlarında MTN bu cür sistemlər quraşdırıbsa, onda mobil internet vasitəsilə WhatsApp zənglərinin mümkünsüzlüyünə səbəbinin yenə də MTN-nin olduğunu düşünmək olar.

Artıq Delta Telecom-da yanğının bütün fəsadları aradan qaldırılıb və alternativ sistemlər quraşdırılıb. Bundan sonra WhatsApp-ın zəng funksiyasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılacağı, yoxsa yenidən əvvəlki kimi tamamilə məhdudlaşdırılacağı isə sual altındadır.

Hələ ki, bu məsələ ilə bağlı bir sıra suallar açıq qalır, lakin bu məsələni izləməyə və araşdırmağa davam edəcəyik.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə