Mobil nömrələrin satışı portal üzərindən aparılacaq

11-12-2015 / 15:04

Məlumat verdiyimiz kimi, Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib.

Belə ki, mobil nömrələrin satışı mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun bütün mobil operatorlar tərəfindən eyni qaydada aparılacaq. Bununla da, bu günə qədər nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülməli və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron  xidmətlərin hazırlanması mümkün olacaq.

Qeyd edək ki, rabitə vasitələrinin satışının yeni qərara uyğun təşkili üçün nəzərdə tutulmuş  informasiya sistemi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanıb. Ötən vaxt ərzində bu informasiya sisteminin mobil və sabit operatorların istismarına verilməsi ilə əlaqədar bir neçə toplantı keçirilib. Həmin toplantılarda prosesin ssenarisinin müvafiq qaydalara uyğun təşkili üçün tələb olunan texniki təfərrüatlar müzakirə edilib.

Xeberler.az-ın məlumatına görə, bununla bağlı dünən "Elektron Hökumət" portalının operatoru RYTN MHM-də  Azərfon MMC-nin nümayəndələri ilə növbəti görüş baş tutub.

Toplantıda tezliklə tətbiq olunacaq bu proses barədə vətəndaşların maarifləndirilməsi məsələsi müzakirə olunub.

Müzakirələr zamanı yeni qaydaların ictimai əhəmiyyət, eləcə də vətəndaş hüquqlarının qorunması baxımından mühüm mahiyyət daşıdığı vurğulanıb.

Gündəmdə olan digər məsələ isə prosesin pilot seçilmiş satış məntəqələrində tətbiqi üçün müddətin təyin olunması bağlıdır.  Belə ki, prosesin icraçıları ilə razılaşdırılacaq bu müddət ərzində  mobil nömrələrin satışı zamanı tətbiq olunacaq informasiya sisteminin sınaq istismarı məhdud sayda satış məntəqələrində reallaşdırılacaq. Bununla yanaşı yeni qaydaların bütün operatorlar tərəfindən tam şəkildə tətbiq olunacağı tarixin müəyyənləşdirilməsi və son hazırlıq işləri barədə danışılıb.

Görüşdə RYTN-in nümayəndəsi də iştirak edib.

Nömrə satışı zamanı abunəçilərə aid məlumatların "Elektron Hökumət" portalına qoşulmuş informasiya sistemləri vasitəsilə ilkin mənbədən identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilməsi təmin olunacaq.

Məltəm Talıbzadə  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə