Mobil telefondan mikrofon kimi istifadə edə biləcəksiniz

02-03-2015 / 13:37

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan dili üçün intellektual texnologiyaların yaradılması ilə məşğul olan “Dilmanc” layihəsi təbii dillərin emalı (Natural Language Processing - NLP) sahəsində ən müasir və effektiv elmi yanaşmalardan olan Dərin Neyron Şəbəkələr (Deep Neural Networks - DNN) nəzəriyyəsini öz proqramlarında tətbiq etməyə başlayıb. 

Xəbərlər.az Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərin Neyron Şəbəkələr yanaşması “Dilmanc” layihəsində ilk olaraq Azərbaycan dilində nitqin tanınması sisteminə tətbiq edilib.

Hazırda bu yanaşmanın köməyilə hazırlanmış “Dilmanc Translator” proqramının yeni versiyasında Azərbaycan dilində şifahi nitqi daha keyfiyyətlə mətnə çevirərək tərcümə edə bilir.

Yaxın vaxtlarda kompüter istifadəçiləri də şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sisteminin yeni versiyasından istifadə edə biləcəklər. Bu sistem əvvəlkindən həm keyfiyyətinin yüksək olması, həm də bahalı mikrofona ehtiyac olmaması ilə fərqlənəcək. Belə ki, artıq istifadəçilər öz mobil telefonlarını mikrofon kimi istifadə edə biləcəklər. Telefona deyilən şifahi nitqi kompüterdə “Microsoft Word” və ya bu tipli istənilən digər mətn prosessorunda klaviaturadan istifadə etmədən yazmaq mümkün olacaq. Bu zaman telefon və kompüterin internetə qoşulması kifayətdir.

 Məlumat üçün bildirək ki, əslində Neyron Şəbəkələr yanaşması yeni deyil. Amma effektiv öyrətmə alqoritmlərinin olmaması, həmçinin hesablama avadanlıqlarının zəif olması səbəbindən kifayət qədər keyfiyyətli sistemlərin hazırlanması mümkün olmurdu. Son illər həm yeni alqoritmlərin yaradılması, həm də çoxnüvəli qrafik prosessorların istehsal olunması ilə elmi tədqiqatların nəticələrinin tətbiqi üçün yeni imkanlar yarandı. “Dilmanc” layihəsi hal-hazırda nitqin tanınması sisteminin akustik modelin öyrədilməsi üçün 768 nüvəli qrafik prosessordan, dil modelinin öyrədilməsi üçün isə hər birinin 8 nüvəsi olan 30 serverdən ibarət paylanmış hesablama klasterindən istifadə edir.

Layihənin elmi rəhbəri akademik Əli Abbasovdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə