“Mobil tətbiqlər biznesin inkişafına təkan verir”

30-03-2015 / 13:53

İnsanlar bəzi hallarda mobil tətbiqi veb saytların mobil versiyası ilə səhv salırlar”.

Son dövrlərdə ölkəmizdə də mobil tətbiqlərin inkişafı və əhatə dairəsi artmaqdadır. Həm biznes sektorunda, həmçinin də dövlət sektorunda bu sahəyə maraq getdikcə yüksəlir. Ayrı-ayrı dövlət qurumlarında, Elektron Hökumət portalında mobil tətbiqlərin hazırlanması üçün konkret addımlar atılır.

Ölkəmizdə mobil tətbiqlərin hazırlanması ilə məşğul olan sirkətlərin, fiziki şəxslərin və startapçıların sayı elə də çox deyil.

Bu sahənin indiki dövrdə kifayət qədər maraq kəsb etməsini nəzərə alaraq Xəbərlər.az ölkəmizdə mobil tətbiqlər hazırlanması sahəsində ixtiasaslaşan və artıq bir neçə ildir ki, bu sahədə fəaliyyət göstərən Happy Baku şirkətinin direktoru Vüsal İsayev ilə  görüşüb söhbətləşib.

Müsahibəni təqdim edirik:

-Vüsal müəllim, ölkəmizdə mobil tətbiqlərin hazırlanması vəziyyəti nə yerdədir ?

-Bu sahə ölkəmiz üçün yeni olduğundan sifarişlərin sayı da adi veb saytlara nisbətən azdır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bu sahə dünyada bir neçə il öncə məşhurlaşsa da, ölkəmiz üçün bu bir innovativ yenilikdir. İkinci əsas səbəb məlumatsızlıqdan irəli gəlir. İnsanlar bəzi hallarda mobil tətbiqi veb saytların mobil versiyası ilə səhv salırlar. Lakin bunlar tamamilə fərqli-fərqli istiqamətlərdir. Mobil tətbiqlərin imkanları olduqca genişdir və hər hansı bir müəssisənin imicini formalaşdıran əsas meyarlardan biridir. Dünyanın istənilən nöqtəsindən Google marketə və Apple stora daxil olmaqla istənilən tətbiqi yükləmə imkanının özü texnoloji inqilab hesab edilməlidir.

-Korporativ mobil tətbiqlər hazırlanırmı?

-Sevindirici hal ondan ibarətdir ki, ölkəmizdə hazırlanan mobil tətbiqlərin əksəriyyəti korporativ xarakterlidir. İstənilən şirkət inkişaf etdikcə fəaliyyət sahəsi, beynəlxalq əlaqələri də genişlənir. Müasir dövrün texnoloji tələblərinə cavab vermək üçün mobil tətbiqin hazırlanma zərurəti meydana çıxır. Mobil tətbiq şirkətin üzüdür.

-Sizcə mobil avadanlıqların biznesdə rolunun necə qiymətləndirmək olar?

-Bütün dünya artıq mobil cihazlar vasitəsi ilə idarə olur. Son statistika onu göstərir ki, dünya iqtisadiyyatının aparıcı istehsalçıları işlərini mobil tətbiqlər üzərindən qurublar. Bunun əsas səbəbi müəssisə rəhbərinin qısa zaman kəsiyində, harada olmasından asılı olmayaraq öz texniki biznes maraqlarını mobil tətbiq üzərindən həyata keçirməsindən ibarətdir. Bu həm zaman, həm də maddi baxımdan çox əlverişli mexanizmdir.

-Bizdə mobil həllər bazarı hansı istiqamətdə inkişaf edə bilər? Hansı trendlər gözlənilir?

-Bunu söyləmək o qədər də asan deyil. Lakin hesab edirəm ki, mobil tətbiq eyni zamanda təbliğat mexanizmidir. Bu mənada dövlət və ya özəl fərq etməz, istənilən sahədə mobil tətbiqlərin hazırlanması ölkəmizin dünyada müsbət mənada təbliğinə xidmət edir.

-Azərbaycanda daha çox hansı platformanın üstün olacağını proqnozlaşdırmaq olar?

-Hesab edirəm ki, Android platforması liderliyi hələ uzun illər qoruyub saxlayacaq. Bunun əsas səbəbi isə tez-tez təklif olunan yeni modellər və proqram-seçim imkanlarının geniş olmasıdır. İOS platforması isə əsasən bəlli qrup arasında daha populyardır. Düzdü İOS istifadəçiləri də ölkəmizdə kifayət qədərdir. Lakin onlar bu telefonun yalnız 5-10 faiz imkanlarından istifadə edirlər. Lakin Android istifadəçilərinin böyük əksəriyyəti smartfon özəlliklərinin demək olar əsas imkanlarından yararlana bilirlər.

-Mobil tətbiqlərdə təhlükəsizlik məsələləri necə həll olunur?

-Biz öz çözümlərimizdə ən müasir və qabaqcıl texnologiyalardan istifadə edirik. Öz fəaliyyətimizdə biz təhlükəsizlik məsələlərinə xüsusi önəm veririk və sifarişçi üçün ən əlverişli və münasib çözümlər təmin etməyi qarşımıza bir vəzifə kimi qoyuruq.

-Sizin kampaniyanız əsasən hansı istiqamətlər üzrə mobil tətbiqlər hazırlayırlar ? Sifarişləriniz çoxmu olur ?

-Sifarişlərimiz kifayət qədər olur. Bunun da əsas səbəbi bu sahədə rəqibimizin olmamasıdır. Lakin ümumi bazar nisbətində təbii ki bu bizi qane etmir. Hesab edirəm ki, zamanı gəlincə daxili bazarın əsas fiqurları mobil tətbiqin imkanlarından yararlanmaq məcburiyyətində qalacaqlar. Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, Happy Baku olaraq fəaliyyətə başlayanda bazarda yeganə peşəkar şirkət idik. Bu gün isə biz öz profilimizi daha da genişləndirərək professional İT xidmətlərinə qədər bir çox sahələri əhatə edə bilmişik.

-Ümumiyyətlə, mobil tətbiqin hazırlanması hansı mərhələlərdən ibarətdir ? Hansı müddətə başa gəlir ?

-Bu təbii ki, sifarişin spesifikasından asılıdır. Deyək ki, mobil tətbiq var 1 aya hazırlanır, elə tətbiq də var ki, bir neçə aya hazırlana bilir. Burda, bir daha deyirəm bir çox amillər var. Funksionallıq, dizayn, tərtibat və s. Tətbiqin hazırlanmasında ilkin mərhələ sifarişçinin istəyinin tam araşdırılıb ona uyğun dizayn təkliflərinin hazırlanmasından ibarətdir. Dizayn təsdiqləndiyi zamanda iş gedir devoloperlər mərhələsinə. Bundan sonra test mərhələsində biz bütün mümkün səhvləri aradan qaldırıb sifarişçinin istəyinə uyğun məhsul təqdim edirik.

-Mobil tətbiqlərin hazırlanması şirkətlərə neçəyə başa gəlir ?

-Hesab edirəm bu kommersiya sirri olaraq qalsa daha yaxşı olar. Onu deyə bilərəm ki, bizdə qiymətlər çox münasibdir.

-Hansısa bir mobil tətbiqin AppStore-lərdə yerləşdirilməsi çətinmi prosesdir ?

-Xeyr, bu tamamilə asanlaşdırılmış və bir neçə mərhələli prosesdir. Bu tam texniki bir prosedurdur. Əsas məsələ tətbiqin kod tərəfidir. Biz işimizi elə edirik ki, tətbiq tam peşəkar şəkildə proqramlaşdırılmış olsun. Google marketdə və yaxud AppStorda tətbiq yerləşdirmək işin ən sonuncu mərhələsidir.

-Peşakar kadrlarınız yetərincədirmi ?

-Bizim bütün kadrlarımız peşəkardırlar. Lakin işimizin həcminin və əhatə dairəsinin genişlənməsi səbəbindən kadrların sayını artırmaq niyyətindəyik.

-Sizcə mobil tətbiqlər şirkətlərin biznesinin inkişafına yetərincə kömək edə bilirmi ?

-Birmənalı şəkildə deyə bilərəm ki, mobil tətbiqdən istifadə edən şirkətlərin gəlirləri digərlərinə nisbətən daha çoxdur. Çünki bu günün tələbi az zaman müqabilində çox və keyfiyyətli məhsulun təqdimatı, eyni zamanda müştəri məmnuniyyəti tələb edir. Tətbiqin biznesin inkişafına təsirini biz eyni zamanda sifarişlərin çoxalma statistikası ilə müəyyən edə bilərik. Hazırda bizə sifarişlər həm dövlət, həm də özəl sektordan gəlir. Sevindirici haldır ki, bəzən fərdi şəkildə müraciətlər də olur. Bu da təbii ki, bu sahənin biznes maraqlarından irəli gəlir.

-Bizdə hazırda mobil startaplar da yaranmağa başlayıb. Mobil startapların investisiya əldə etmək şansları digər növ startaplarla müqayisədə necədir ?

-Hazırki mərhələdə hesab edirəm ki, mobil startapların investisiya imkanları bir qədər məhduddur. Buda sahənin yeni olması ilə izah edilir. Lakin 2-3 ildən sonra vəziyyətin dəyişəcəyinə tam əminəm.

-Mobil tətbiqlər hazırlanması üçün Azərbaycan dilini dəstəkləyən hansısa hazır alətlər-proqram təminatları varmı?

-Əlbətdə var. Lakin bəzən ana dilində zəruri olan alətləri bizim devoloperlər özləri hazırlayırlar. Bu da bizim xidmətimizin əsas üstünlüklərindən biridir. Bu bizə istənilən interfeysdə ana dilinin imkanlarından yaralanmaq şansı qazandırır.

-Siz yalnız yerli bazara xidmət edirsiniz, yoxsa xarici ölkələrdən də sifarişlər alırsınız?

-Yuxarıda qeyd etdiyim kimi, biz fəaliyyətə sırf mobil tətbiqlərin hazırlanması və xidmətindən başladıq. Lakin bu gün öz fəaliyyət coğrafiyamızı kifayət qədər genişləndirmişik. Biz Azərbaycan informasiya texnologiyaları sahəsində geniş spektr innovativ həllər təklif edən qabaqcıl şirkətlərdən biriyik. Sistem inteqrator olaraq fəaliyyət göstərdiyimiz 3 il ərzində özümüzü Azərbaycanın dinamik şəkildə inkişaf edən İKT bazarında etibarlı tərəfdaş kimi tanıtmışıq. Hazırda biz Happy Baku şirkəti olaraq IT Kon-saltinq, Sistem Inteqrasiyası, IT Autsorsinq, Elektron Sənəd Dövriyyəsi (ESD), Arxiv sənədlərinin elektronlaşdırılması, Proqram Təminatı və Tətbiqi Proqramların yazılması, Sahə geodezik ölçü cihazlarının təchizatı və xidmət göstərilməsi, Mobil tətbiqlərin və Web saytların hazırlanması üzrə həllər təklif edirik. Məhz bu səbəbdən də biz artıq Türkiyə, Rusiya, Gürcüstan və digər xarici ölkələrdən müxtəlif istiqamətlərdə təkliflər alırıq. Hədəfimiz Avropa bazarıdır.

Mirvari Nəcəf


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.