AİF üzvləri beynəlxalq konfransda iştirak edib

11-12-2008 / 15:28

Konfransda Rusiya, Ukrayna və Qazaxıstanla yanaşı Azərbaycandan da nümayəndələr iştirak edib. Beş nəfərlik nümayəndə heyətinə “Mədəd” təşkilatının direktoru Emil Məmmədov, həmin qurumun təhsil layihəsinin rəhbəri Teymur Məmmədov, Bakı Kompüter Kollecinin direktoru İradə Səfərova, Bakıdakı 204 saylı məktəbin biologiya müəlliməsi, AİF fəalı Almaz Həsrət və AİF İdarə Heyətinin üzvü Azər Həsrət daxil olub.

Tədbirdə “İntel”in bu vaxtadək təhsilin informasiyalaşdırılması ilə bağlı həyata keçirdiyi layihələr, onların effekti və gələcək planlar barədə müzakirələr aparılıb. Qeyd olunub ki, “İntel – gələcək üçün təhsil” proqramı çərçivəsində Azərbaycan, Ukrayna və Rusiyada bir sıra mühüm işlər görülüb, əsasən müəllimlərin informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsi üçün çoxsaylı treninqlər keçirilib. Bu treninqlərdə iştirak edib minimal biliklərə yiyələnən müəllimlər artıq dərsləri kompüter vasitəsilə keçir.

Tədbirin gedişi zamanı “İntel – gələcək üçün təhsil” proqramı çərçivəsində əsasən MDB ölkələrində həyata keçirilən “300 İnteLlektual məktəb” layihəsinə də yekun vurulub və qaliblərə mükafatlar təqdim olunub. Qeyd edək ki, bu layihədə Azərbaycandan da 14 məktəb iştirak edib və onlardan yalnız biri finala qədər irəliləyərək qalib adını qazanıb. Bu da Bakıdakı 204 saylı məktəbin AİF fəalı Almaz Həsrətin başçılığı etdiyi “VibioKİ” adlı komandası olub. Nəzərdə tutulduğu kimi ilkin mərhələdə yarışa qoşulanlar arasından 100 ən yaxşı məktəb, daha sonra 25 ən yaxşı məktəb və sonda da 10 qalib məktəbin adı açıqlanıb. Qaliblərdən 9-u Rusiyadan, 1-i isə Bakıdan (204 saylı məktəb) olub. Qalib komandaların rəhbərlərinə qiymətli hədiyyələr və sertifikatlar verilib.

Tədbirin  sonuncu günü “İntel” Korporasiyasının təhsillə bağlı MDB ölkələrində görəcəyi işlər haqqında da danışılıb. Elan edilib ki, Azərbaycanda “İntel – gələcək üçün təhsil” proqramını davam etdirməklə bərabər 2009-cu ildən “Bir şagird, bir kompüter” layihəsinin icrasına da başlanılacaq. Bu layihə çərçivəsində ilkin olaraq “İntel”in min ədəd kompüter (netbuk) hədiyyə etməsi nəzərdə tutulur. Bu kompüterlər ayrı-ayrı məktəblərdə seçilən siniflərə veriləcək və həmin siniflərin şagirdləri bütün dərslərini kompüter vasitəsilə keçəcək. Bu zaman kağız-qələmdən istifadəyə birdəfəlik son qoyulacaq.

Onu da əlavə edək ki, bu qəbildən olan növbəti konfransın gələn ilin aprelində Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
AİF
www.aif.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.