«Poliqon» İnformasiya Agentliyi və «Milli Yol» qəzeti fəaliyyətini davam etdirəcək.

29-10-2010 / 14:44

Razi Abasbəyli: «İstər «Milli yol» qəzeti, istərsə də «Poliqon» İnformasiya Agentliyi fəaliyyətini Şahin Ağabəylinin adına layiq davam etdirəcək»
 
«Şahin Ağabəylinin dünyasını dəyişməsi hər birimiz üçün sarsıdıcı oldu. Uzun illərdir ki, onunla eyni yerlərdə işləmiş, hətta iş yerlərimiz ayrı olsa belə, yenə də bir-birimizə hər gün praktiki olaraq yardım etmişik. Bu gün üzərimə daha ağır bir yük qoyub getdi, Şahin. Bizlər bundan sonra daha çox və Şahin Ağabəylinin adına layiq olan şəkildə istər «Poliqon» İnformasiya Agentliyinin, istərsə də «Milli Yol» qəzetinin fəaliyyətini davam etdirməklə bağlı qərar qəbul etdik. Qərara aldıq ki, istər agentlik, istərsə də qəzet fəaliyyətini əvvəlki qaydada davam etdirsin». Bu açıqlamanı Şahin Ağabəylinin yaxın dostu, 2002-ci ildə «Milli Yol» qəzetinin qurucularından olan, tanınmış jurnalist Razi Abasbəyli verib.
 
Açıqlamada bundan sonra sayt və qəzetin tam gücü ilə işləməsi üçün fəaliyyət göstəriləcəyi bildirilir.

Xatırladaq ki, 27 oktyabr tarixində «Poliqon» İnformasiya Agentliyinin və «Milli Yol» qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanda millətçilik və vətənpərvərlik hərəkatının fəal iştirakçısı, tanınmış jurnalist Şahin Ağabəyli ağır yol qəzasında həlak olmuşdu. Allah rəhmət eləsin.