MTRŞ-də teleradio aparıcıları üçün treninq kurs təşkil edilib

30-10-2009 / 18:10

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Teleradio yayımına dair qanunvericiliyin tələbləri və yayımçıların proqram siyasəti” mövzusunda teleradio aparıcıları üçün treninq kurs təşkil edilib.

Treninq kursda çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalların peşəkarlıq baxımından səviyyələri yüksəldilməlidir: “Bu istiqamətdə MTRŞ öz üzərinə düşəni edəcək. Amma telekanallar da öz üzərinə düşəni etməlidirlər. Mövcud vəziyyət o qədər acınacaqlıdır ki...”.

N. Məhərrəmlinin sözlərinə görə, telekanallar dövlətin ərazi bütövlüyünə xələl gətirməmək, dini, irqi, milli ayrı-seçkiliyə yol verməmək, terrorizmə, zorakılığa çağırış etməmək, pornoqrafiya, erotika yaymamaq, uşaqların və yeniyetmələrin baxa biləcəyi verilişlər vermək kimi qanunvericilikdə nəzərdə tutulan müddəalara ciddi əməl etməlidirlər: “Aparıcılar 5-10 dəfə efirə çıxan kimi elə hesab edirlər ki, artıq onları hamı tanıyır, onlar bəzən öz ailələrində, stol arxasında edə bilmədikləri söhbətləri efirə gətirirlər. Bəzən deyirlər, televiziya həyatın güzgüsüdür. Amma həyatda olan bütün eybəcərlikləri televiziyaya gətirmək düzgün deyil. Efir başdan-ayağa müğənnilərin əlindədir. Bu müğənnilərin savad səviyyəsi çox aşağıdır. Verilişlər avtomobillərdə, mebel və gözəllik salonlarında hazırlanır. Bununla verilişin aparıcısından tutmuş, telekanal rəhbərinə qədər özünü alçaldır”.

N. Məhərrəmlinin sözlərinə görə, reklamçılar telekanal rəhbərlərinə diktə etməməlidirlər. Buna görə də telekanallarda reklamların qiymətləri qaldırılmalıdır.

Şura sədri onu da deyib ki, MTRŞ-nın yetkinlik yaşına çatmayanlarla bağlı qəbul etdiyi normativ sənədlərə əsasən, səhər saat 7-dən axşam 23.00-dək telekanallar əsas süjet xətti qəddarlıq və zorakılıq olan, qorxu və dəhşət filmləri, qanlı səhnələr, kriminal, özünə qəsd, intihar səhnələri olan proqramlar, ölmüş və qəddarlıqla öldürülmüş insan cəsədləri, hipnoz səhnələri göstərməməlidir: “Son zamanla cadugərlərlə bağlı verilişlər verirlər. Onları saat 23-dən sonra vermək lazımdır”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.