MTRŞ “Kabel televiziyalarının fəaliyyət qaydaları” hazırlayır

16-10-2009 / 19:05

Milli Televiziya və Radio Şurasında “Kabel televiziyalarının fəaliyyət qaydaları” hazırlanır. Bu yaxınlarda sənəd şuranın müzakirəsinə çıxarılacaq. “Media forum” saytı xəbər verir ki, bu qaydalar ilk dəfədir hazırlanır. Kabel televiziyası anlayışı qaydalarda müəyyən ərazidə hazır televiziya və efir proqramlarının yayımlanmasını təmin edən qurum kimi ifadə olunub.

Fəaliyyət qaydaları Azərbaycan Respublikasında kabel televiziyasının əsasları, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin vəzifələri, hüquqları, məsuliyyətlərini ehtiva edir. Kabel televiziyaları şəbəkəsinın təsnifatı, tənzimlənməsi, mülkiyyət hüquqları, lisenziyalaşdırılması məsələləri, kabel televiziyası operatorunun və abonentin üzərinə düşən vəzifələr, öhdəliklər də sənəddə yer alıb.

Qaydalar qüvvəyə minsə, kabel televiziyalarının üzərinə müəyyən səbəblərdən siqnallar dayanan zaman alternativ mənbədən siqnallar ötürülməsini təmin etmək öhdəliyi qoyulacaq. Kabel televiziyalarının öz aralarında birləşib assosiasiya yarada bilməsi də qaydalara salınacaq. Hər hansı bir yayım televiziyası öz verilişlərində Azərbaycanın “Teleradio haqqında” qanununa, yaxud digər qanunvericiliklər zidd verilişlər yayarsa, həmin şirkətin yayımı dayandırıla bilər – bu da qaydalarda olacaq.

Daha sonra qaydalarda texniki məsələlər öz əksini tapıb. Məsələn, (ya kabel televiziya yayımçısının, ya da abonentin) yayım dayanıbsa, kabel televiziyası şirkəti abonentin xəbərdarlığından sonra 2 gün ərzində yayımın bərpasını təmin eləməlidir.

Azərbaycanda ilk kabel televiziyası 1997-ci ildə yaradılıb. Həmin il "Baku and Boston TV Communication" ("B&BTV”) Məhdud Məsuliyyətli Cəmiyyət xarici telekanalların kabellə yayımının təşkili ilə məşğul olmağa başlayıb. "B&BTV” 2004-cü il sentyabrın 24-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qurum 2005-ci ildən Bakı şəhərində, 2007-ci ildən isə Azərbaycanını bütün ərazilərində efir-kabel yayım fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alıb. Bu qurumdan başqa daha 11 hüquqi şəxsə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Lisenziyanın verilməsini Milli Televiziya və Radio Şurası təmin edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə