Müəllimlərin İKT bacarıqları necə inkişaf etdirilir ?

12-05-2015 / 00:00

Uzun müddətdir ki, ölkədə təhsil sisteminin informasiyalaşdırılması prosesi gedir. Bütün təhsil səviyyələrində informasiya və kommunikasiya texnologiyaları (İKT) tətbiq olunur, texnologiyaların tədris prosesinə inteqrasiyası sürətlənir. Bu inteqrasiya prosesinin mərkəzində isə məhz müəllimlər dayanır. 

Xəbərlər olaraq təhsildə İKT-nin tətbiqi məsələləri bizim üçün də kifayət qədər aktualdır və bu istiqamətdə bir neçə layihələr, rubrikalar həyata keçirilir.
Bu dəfə  müəllimlərin bu prosesdə iştirakı və onların İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məsələlərinə aydınlıq gətirmək üçün  Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində Treninq və Monitorinq şöbəsində şöbə müdiri  vəzifəsində çalışan Ramil Süleymanovla söhbətləşdik.

Onun Xeberler.az-a müsahibəsini təqdim edirik:

-Ramil müəllim, öncə ondan başlayaq ki, müəllimlərin İKT-dən istifadə bacarıqlarının təkmilləşdirilməsi üçün çalışdığınız qurum tərəfindən hansı işlər görülür?

Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”-da təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutulur.
Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Bunun üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təlim paketləri hazırlanıb. “ 1 şagird:1 kompüter ” layihəsi çərçivəsində məktəblərə verilmiş şagird netbukları və planşetlərdən istifadə olunması ilə bağlı təlimlər keçirilir və müəllimlərə bu texnologiyalardan istifadə üsulları ilə bağlı xüsusi dərslər keçirilir. Eləcə də inzibati idarəetmə, “ Təhsil Sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması, ibtidai sinif müəllimləri üçün tədris prosesində İnteraktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə xüsusi təlimlər də təşkil olunub.
Bu təlim paketlərində  müxtəlif web alətlər və kompüter proqramlarından istifadə qaydaları öyrədilir. Bu təlimlərlə yanaşı müəllimlər üçün  İnteraktiv lövhələrdən istifadə, kimya,biologiya, fizika fənlərində istifadə etmək üçün laboratoriya avadanlığı sayılan Labdisc avadanlığının təlimləridir.  Sevindirici haldır ki, yuxarıda adları qeyd olunan təlimlərin Facebook səhifəsində eyni adlı qruplar yaradılıb. Bu qruplarda müəllimlər aktiv şəkildə müzakirələr edir, öz dərslərini paylaşırlar.

-Proqramınızda bu məqsədlə neçə saatlıq təlimlər nəzərdə tutulur? Təlimlərin yekununda imtahan və qiymətləndirmə olurmu? Hansısa sertifikatlar verirsinizmi?

Hər təlim paketinin öz saatı var. Həyata keçirilən təlim paketləri 24, 48, 72 saatlıq təlim paketləridir.
Müəllimlər və inzibati idarəetmə heyəti  həm təlimin əvvəlində, həm də sonunda imtahan verirlər. Sonda xüsusi imtahan balını toplayan iştirakçılar sertifikatla təmin olunur. Dərsdə İKT alətlərdən daha yaxşı istifadə edərək texnologiyanı səmərəli şəkildə öz dərsində tətbiq edən müəllimlərə yüksək dərəcəli sertifikat verilir. Bu ildən etibarən daha bir yenilik etmişik.
 Təlimlərdə yüksək bal toplayan müdavimlərə tədrisdə istifadə etmək üçün, Promethean interaktiv lövhə, noutbuk verilir. Bu artıq həm də motivasiya sisteminin qurulmasında önəmli bir yenilikdir.

-Müəllimlərin özləri İKT bacarıqlarını artımaq üçün müstəqil şəkildə nəsə öyrənməyə meyllidirlərmi? Sizcə, bunun üçün milli resusrlarımız yetərincədirmi?

-Sevindirici haldır ki, Azərbaycanın əksər müəllimlərinin İKT üzrə bilikləri yüksək səviyyədədir. 2005-ci ildən etibarən Azərbaycanda təhsil sahəsində əldə edilən uğurlar, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və ən son 2013-cü ildə ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan müəlliminə böyük əhəmiyyəti olubdur.
Müəllim sərbəst şəkildə blog yarada bilir, özünün yaratdığı elektron resurslardan dərslərdə istifadə edə bilir. Ən başlıcası odur ki, Azərbaycan müəllimi təkcə texniki fənnlər üzrə yox, həm də humanitar fənlər üzrə elektron resurslar yarada bilir. Müəllimlər onlara Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərlə kifayətlənməyərək həm də özləri sərbəst şəkildə ölkəmizdə və xaricdə təşkil olunan seminar,təlim və konfranslarda aktiv iştirak edirlər.
Milli resurslarımız artıq hər il durmadan artmağa başlayır. Müxtəlif proqramlarda hazırladıqları elektron təhsil resurslarının sayəsində Azərbaycan dilində, xüsusən də humanitar fənlər üzrə resursların sayı artmağa başlayıb.
 Sevindirici haldır ki, bu həyata keçirilən islahatların nəticəsində professional İKT  təlimçiləri formalaşıb. Bu təlimçilər yeni formalaşan gənc nəsildir. Vəfa Məmmədova, Aynur Bağırova, Xəyal Poladov, Könül Təhməzova, Nəzakət Məmmədova, Nərmin Musayeva, Könül Əliyeva, Pərvanə Heydərova, Şəhanə Bədəlova və digərlərini buna misaldır.

Müəllimlər sərbəst şəkildə yaratdığı bloqlardan, digər Internet resurslardan  tədris prosesində istifadə edirlərmi?

-Bu gün Azərbaycanda 2 minə yaxın müəllimin öz bloqu var. Müəllimlər bu bloqlar vasitəsilə müxtəlif qruplarda birləşirlər, öz bloqlarını paylaşırlar, get-gedə bloqlarını təkmilləşdirirlər. Təlim zamanı bu bloqların böyük əhəmiyyəti var.
Təlim zamanı müəllimlərə yeni bloqlar açılsa da, özləri köhnə bloqlarını təkmilləşdirirlər. Bloqlarda bütün məlumatlar, keçirilən dərslər yerləşdirilir. Müəllimlər bu bloqları html proqramlaşdırma kodları  əsasında yığırlar, hətta bloqlar elə səviyyəyə gəlib çatır ki, artıq onları sayta çevirmək də mümkündür.
Əvvəllər blogger deyəndə bir iki proqramçı nəzərdə tuturduqsa, indi artıq blogger  müəllim ordusu yetişməkdədir.


-Bu sahədə tanınmış və uğur qazanmış müəllimlərin adalrını qeyd edə bilərdinizmi ?

-Misal üçün 2014-cü ildə keçirilən 5-ci Elektron Təhsil Respublika müsabiqəsində yeni bir nominasiya- bloq nominasiyası əlavə olunub.  Bu nominasiyada  qalib gələn müəllimlərdən hər 3 yerə çıxanı region müəllimləridir.
Aliyə Əhmədova- “Əyləncəli fizika”, Vasif Ramazanov –“Hər şey vətən üçün”, Esmira Sadıqova-“Ədəbiyyat”- bu bloqlar ən yaxşı bloq naminasyası üzrə qalib bloqlardır.
Bu bloqlarla yanaşı digər aktiv bloq istifadəçisi olan müəllimlərimizə misal olaraq Dilşad Şeyxzadə-Bakı şəhər 102 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Aynur Bağırova-Bakı şəhər 24 nömrəli tam orta məktəbin fizika müəllimi, Məmmədova Sənubər- Bakı şəhəri Binəqədi rayonu 267 saylı məktəb-liseydə riyaziyyat-informatika müəllimi, Könül Təhməzova - Bakı şəhər Bülbül adına orta ixtisas məktəbinin ibtidai sinif müəllimi, Yaqut Əzimzadə - Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi, Könül Əliyeva – Zaqatala rayon Zərifə Əliyeva adına liseyin tarix müəllimi, Nərmin Musayeva Şəki rayon 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi və s.
 Bu yuxarıda adlarını qeyd etdiyim və adlarını çəkmədiyim digər dəyərli müəllimlərimiz mütəmadi olaraq öz dərslərində yaratdıqları bloqları vasitəsi ilə tədris prosesini qurmuş olurlar.

-Bəs İKT bacarıqlarına yiyələnə bilməyən müəllimlər haqqında nə düşünürsünüz? Sizdə bununla bağlı hansısa tədbirlər gözlənilirmi?

Hələ ki elə bir problemlə qarşılaşmamışıq. Təlimlərdə iştirak edən müəllimlərin bəziləri müəyyən dərəcədə zəif olsalar da təlimi uğursuzluqla başa çatdıran müəllimlərimiz hələ ki olmayıb. İKT savadlılığı aşağı olan müəllimlər daim öz üzərlərində işləyirlər. Təhsil Nazirliyi tərəfindən hər il  “Elektron təhsil” respublika müsabiqəsi keçirilir və müsabiqədə iştirak edən müəllimlərin illər üzrə inkişaf dinamikasına baxılır. Belə qənaətə gəlmək olar ki, 2009-cu ildən başlayaraq 2015-ci ilə kimi bu dinamika yüksələn xətlə inkişaf edib. Sevindirici haldır ki, Şəki, İmişli, Zaqatala, Gədəbəy və s. kimi regionlardan da müsabiqədə qalib olub yer tutanlar var. Bir zamanlar İKT təhsil üzrə daha çox şəhər məktəblərinə  diqqət yönəlirdisə, artıq uğurlu nailiyyətlər şəhərdən kənarda əldə olunmağa başlanılıb.

-Bütün məktəblərin İKT təminatı yetərincədirmi ? Hazırda məktəblərdə avadanlıq-texnologiya, yoxsa onu tətbiq etməyi bacarmayan, texnologiyanı tədris prosesinə inteqrasiya edə bilməyən kadrlar problemi var?

-Azərbaycanda şagird-kompüter nisbəti 1:18-dir. Artıq il boyu statistikaya nəzər salsaq, bu şagird kompüter nisbətinin tənzimləndiyini və məktəblərdə kompüterlərin sayının artdığının şahidi ola bilərik.

-Texnologiyaların, innovasiyaların tətbiqi ilə keçirilən dərslərlə adi qaydada keçirilən dərslər arasında hansı fərqlər vardır?

-İlk növbədə şagirdlərin dərsə marağı artır. Müəllimlər əvvəllər adi qaydada dərs keçirdisə, indi artıq şagirdləri daha da həvəsləndirmək üçün Flash texnologiyalardan istifadə edərək web alətlərdə oyunlar yaradır. Qeyd edim ki, Veb2.0 alətlərdən  istifadə edən çoxsaylı müəllimlərimiz var. Bu müəllimlərimiz daima yaradıcı resurslar yaradırlar.
Leraningapss.org saytına daxil olan müəllimlər ilk öncə qeydiyyatdan keçirlər, daha sonra virtual sinif yaradır, sonra bu sinifdə öz şagirdlərini qeydiyyatdan keçirdir. Sistemin özəlliyi odur ki, hər dəfə şagirdlərin adı sistemə əlavə edildikcə sistem özü şagirdlərin sistemə girişini loqin və şifrə ilə təmin edir. Hər bir şagird birbaşa evdən sistemə daxil ola və müəllimin verdiyi tapşırığı görə bilir.
Misal üçün onliquzicreator.com saytında yaradılan testləri edən şagirdləri müəllim reytinq dərəcəsini müəyyən edir. Bu, şagirdlər arasaında rəqabət yaradır. Təbii ki, heç bir şagird razı olmaz ki, onun sinif yoldaşı ondan yüksək nəticə toplasın. Beləliklə, sistemə inteqrasiya nəticəsində rəqabət mühiti formalaşır. Qeyd edim ki, hətta o alətlərin əksəriyyəti pulludur. Pulsuz imkanlardan istifadə edən müəllimlər artıq o dərəcə professionallaşıblar ki, artıq pullu imkanlardan istifadə etmək istəyirlər. Bu avadanlıqlarla dərsi keçməyin üstünlüyü ondadır ki,  sistem nitq qüsurlu, fikir çatdıra bilməmə, çətinlik, utanma baryerini də  aradan qaldırır. Hətta oxumayan uşaq məcburdur ki, bu proqramı öyrənsin, nəticədə oyunu oynasın. Oyunu oynamaq xatirinə kitabı oxumağa məcbur qalan şagird nəticədə mövzunu tam öyrənmiş olur.

-İKT bacarıqları yetərli olan və bunu tədris prosesində hər gün tətbiq edən müəllimlə digər adi müəllimin qiymətləndirilməsində fərqlər varmı?

-İT sahəsində bacarıqlarının olması hər bir müəllimin üstünlüyüdür. Bir məsələni qeyd edim ki, hər il keçirilən “İlin müəllimi” müsabiqəsində əsas üstünlük verilən bölmələrdən biri də müəllimlərin hansı İT kursları bitirməsi, hansı sertifikatlar qazanması məsələsidir. Bu bacarıqları olan müəllimlər müxtəlif müsabiqələrdə iştirak etdiyi zaman tək özünü deyil, həm rayon, həm də öz məktəbini təmsil edir. Onun burda əldə etdiyi uğurlar müəllimin nüfuzunun artmasına gətirib çıxarır. Müəllimin əməyi məktəb rəhbərliyi tərəfindən qiymətləndirilir. Sabah bu müəllimlər İKT sahəsində həyata keçirilən təlimlərə CV verdikləri zaman da bu bacarıqlar və müəllimin əldə etdiyi nailiyyətlər nəzərə alınır.

-Müəllimlərimiz  təhsildə İKT-nin tətbiqi ilə əlaqəli beynəlxalq müsabiqələrdə iştirak edirmi?

Müəllimlərimiz daha çox Rusiyada infourok.ru, videouroki.net, ya-uchitel.ru saytının təşkil etdiyi olimpiadalarda iştirak edirlər. Məsələn, 102 saylı məktəbin ibtidai sinif müəllimi Dilşad Şeyxzadə, Bülbül adına orta ixtisas tam orta məktəbin müəllimi Könül Təhməzovanın dərsləri ya-uchitel saytında 2013-cü ildə keçirilən Beynəlxalq müsabiqədə qalibiyyətə layiq görülmüşdür.Infourok saytının keçirdiyi olimpiadada isə İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin musiqi müəllimi Surə Mehdiyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Abdullayevanın öz şagirdləri ilə birgə uğur ədə ediblər. Videouroki.net saytında Şirvandan Pərvanə Heydərovanın maraqlı dərsləri bu saytlarda öz əksini tapıb.

Təhsil Nazirliyi təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılması məqsədilə beynəlxalq əməkdaşlığa yönəlmiş layihələr və bu sahədə kompleks tədbirlər həyata keçirir.

Bununla əlaqədar olaraq “eTwinning Plus” layihəsi 2013-cü ildən etibarən Təhsil Nazirliyinin təklifi ilə “Mədəd” təşkilatı tərəfindən icra olunur. Bu proqram Avropa İttifaqının “Erasmus +“ proqramının tərkib hissəsidir və pedaqoji heyətə beynəlxalq əməkdaşlıq etmək, ünsiyyət qurmaq və ortaq təhsil layihələri yaratmaq imkanı verir. Hazırda Respublika üzrə 104 məktəb, 240 müəllim və 168 layihə ilə iştirak edir.  Ümumiyyətlə hesab edirəm ki, təhsildə İKT-nin tətbiqi sahəsində ölkəmizdə qısa vaxtda kifayət qədər uğurlar əldə olunub. 

 

Ruhəngiz Muradova

Fotolar: Nəcəf Nəcəfli 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə