Müəllimlərin işlə bağlı elektron ərizələrinin qəbuluna başlanılacaq

05-05-2015 / 10:47

Təhsil Nazirliyində müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinə başlanılacaq.
 
Müvafiq tədbir təhsil naziri Mikayıl Cabbarovun  "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmrində əksini tapıb.
 
Əmrə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları" təsdiqlənib. Əmrdə qeyd edilib ki, Qaydalara uyğun olaraq, yerli təhsili idarəetmə orqanlarının, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatların müəyyən edilmiş forma üzrə elektron proqram təminatına daxil edilməsini təmin etməlidirlər.  
 
Qaydalara uyğun olaraq, müəllimlərin iş yerinin dəyişdirilməsi və işə qəbulu 3 mərhələdən ibarət olmaqla (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin I mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə ərizəçi məsuliyyət daşıyır.
 
Müsabiqənin II mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramının məzmununa, metodika və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. Müsabiqənin III mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılır.

Qeyd edək ki, 1-10 iyun tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu təşkil olunacaq. Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələri nazirliyin rəsmi internet saytında yerləşdiriləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə