Namizədlərin Facebook təşviqatının son günü: nə yazırlar?

30-10-2015 / 14:16

Məlum olduğu kimi,  Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib. 

Xəbər verdiyimiz kimi, namizədliyi təsdiq edilmiş şəxslər elə ilk günlərdən imza toplamaq üçün internetin, eləcə də sosial medianın imkanlarından istifadə etməyə başlayıb.

Bu gün isə təbliğat-təşviqat kampaniyasının son günüdür.

Xeberler.az-ın məlumatına görə, artıq bəzi deputatlığa namizədlər öz Facebook və digər sosial media hesablarından effektiv istifadə edərək son təbliğat işlərinə başlayıblar.

32 saylı Suraxanı 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Mehriban Zeynalova Facebook vasitəsilə təbliğat kampaniyası müddətində dəstəyini əsirgəməyənlərə təşəkkür edib və seçicilərinə səslənib:

“Bu gün təbliğat kampaniyasının son günüdür. 9-dan bu günə kimi mənimlə hər addımda bərabər olan komandama ən böyük təşəkkürümü bildirirəm. Biz birgə güclüyük. Daha sonra sosial şəbəkələrdə və ümumiyyətlə bizimlə ola bilməyən lakin dəstəyini əsirgəməyən bütün dostlara təşəkkürümü bildirirəm. Biz bu müddət ərzində qanunvericiliyin tələbinə uyğun olaraq kampaniyamızı uğurla başa vurduq. Etiraf edim ki, asan olmadı. Hava şəraiti, insanların seçkiyə biganəliyi və inamsızlığı bu çətinliyin əsas hissəsi idi. Amma bacardıq... Gündəlik paylaşmalarımızdan da görünür ki, həmişə olduğu kimi sözdə yox əməldə sözümüzü dedik. İndi isə söz Seçicinindir! Uğur olsun dəyərli Seçicim. Seçkiyə gəlmək və seçməkdə uğur diləyirəm!”

115 saylı Şəki Kənd İkinci seçki dairəsi, Müsavat partiyasından deputatlığa namizənd İkram İsrafil Facebook səhifəsindən seçicilərinə son müraciətini edib:

“Əziz dostlar,hörmətli Divan üzü həmkarlarım ,namizəd olduğum 115 ci dairənin kəndlərində apardığım kampaniya və görüşlərdən az da olsa məlumatınız var. Şəkidən 80 km uzaqlıqda olan kəndlərin də hər birində körüşlər keçirmişik.Dairə ərazisindəki 10 000 ailədə olmuşuq.42 məntəqənin ərazisində görüşlər keçirmişik.İnsanlara yaşadıqları problemləri həll edəcəyimizə söz vermişik.

 Bu kəndlərin insanları millət vəkili olduğum dövrdə doğulduğum Bideyiz kəndində, yola asfalt ortüyü,kəndin telefonlaşması,iki ədəd su artezian quyusunun qazılması, qazlaşması, 100 metr beton bəndin çəkilməsi və.s kimi əsas problemlərin həllinə nail olduğumu bilirlər. Bu insanlar ümidlə seçkiyə gəlib mənə səs verəcəkərini gözləyirlər. Əminəm ki, 1 noyabrda bu dairənin insanları məni yüksək səslə Millət Vəkili seçəcəklər”.

43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizəd Eyvaz Qocayev Facebook səhifəsində seçicilərinə profil şəkillərini dəyişməsi üçün müraciət edib:

“Dostlar, Profil və Cover şəkillərinizi dəyişməklə təbliğat-təşfiqat kampaniyamıza son iki gündə dəstək verə bilərsiniz! Güc birlikdədir, gücümüzü göstərək!”

94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Zahid Orucun Facebook səhifəsində seçiciləri ilə görüşlərini yekun etdiyi qeyd olunur:

“1 noyabr Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası artıq bu gün başa çatır. Zahid Oruc, görüşlərini Kələntərli İƏD-də yüzlərlə seçicinin iştirakı ilə keçirməklə yekunlaşdırdı. Bütün görüşlərimiz ərzində gördüyümüz o, sevincli üzlər,doğma münasibət, xoş ünsiyyət, alqışlarla qarşılanma,"Zahid müəllim,siz artıq deputatımızsınız, biz öz seçimimizi hələ siz namizədliyinizi məhz 94-cü dairədən verəndən etmişik!"sözləri, burada da bizi müşaiyət etdi. Görüş iştirakçılarına,ümumilikdə bütün Bərdəlilərə öz təşəkkür və dərin minnətdarlığını bildirən Zahid Oruc, çıxışını "Allah dövlətimizi,xalqımızı, prezidentimizi qorusun!" sözləri ilə bitirdi”.

21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd, “125-lər” Siyasi Klubunun sədr müavini Günel Səfərova Facebook səhifəsində qeyd edib ki, təbliğat dövrü olduqca maraqlı hadisələrlə yadda qaldı:

“Bu gün seçki təbliğatı üçün ayrılmış vaxtın son günüdür. Təbliğat dövrü olduqca maraqlı hadisələrlə yadda qaldı. Bu müddət ərzində dəstək qrupum, dostlarım, ailə üzvlərim, könüllülərim mənim haqqında dəyərli seçicilərimə əllərindən gələn qədər məlumat verdilər və 50-dən çox məhəllə görüşü, 10-dan çox toplu görüş, 100-lərlə individual görüş keçirdik. Çox sayda problemlərin həllində vasitəçi rolunu oynadıq. Minlərlə insanda seçkiyə inam yaratdıq. Əlbəttə bütün pozitivliklərlə yanaşı müəyyən neqativ məsələlərə də qarşılaşdıq. Süni manelər yaradıldı, yanımızda olduğunu göstərib yalan məlumatlarırəqibə ötürən oldu, uğurumuzu həzm etməyənləri gördük. Amma Tanrı bizim yanımızdadır. Uğur bizimlə olacaq. Biz Azərbaycan dövlətini canımızdan çox sevirik. Bu yolda aşa bilmədiyimiz mane yoxdur”.

84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi Bahar Muradovanın Facebook səhifəsində təbliğat kampaniyasının son günü ilə əlaqədar video çarx yerləşdirilib. Video-çarxda xanım namizədin təbliğat-təşviqat kampaniyası dövründə seçiciləri ilə keçirdiyi görüşlər öz əksini tapıb.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə