Nanotexnologiya dair məruzə dinlənilib

03-10-2018 / 14:04

Oktyabrın 3-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Bakı  Dövlət Universitetinin (BDU) Elmi şurasının birgə iclasında BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər mövzusunda elmi məruzə ilə çıxış edib.

Xeberler.az  məlumat verir ki, akademikin bildirdiyinə görə , hazırda nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində uğurlu tədqiqatlar aparılır. Superparamaqnit xassəli və maqnit müqavimətinə malik maqnit nanokompozit strukturların alındığını deyən məruzəçi onların quruluşunun tədqiq edildiyini və quruluş xassə arasında əlaqələrin müəyyənləşdirildiyini bildirib. Alınmış maqnit xassələrə malik nanokompozitlərin texnikanın ayrı-ayrı sahələrində tətbiq imkanları araşdırılıb, onların bəziləri respublikanın müxtəlif sənaye obyektlərində tətbiq olunub.

Natiq vurğulayıb ki, nanohissəciklərin canlı sistemlərə, əsasən bitkilərə, onların həyat qabiliyyətinə təsiri ilə bağlı aparılan tədqiqatlar zamanı bitki hüceyrələrinin membranından nanohissəciklərin hüceyrənin daxilinə diffuziya yolu ilə keçərək həmin hüceyrənin həyat fəaliyyətinin pozulmasına təsir mexanizmi tədqiq edilib:

"Ölçüləri 3-5 nm olan dəmir oksidi nanohissəcikləri mitselalarda alınıb və stabilləşdirilib. Nanohissəciklərin səthinə şiş hüceyrələrinin inkişafına təsir edən dərman maddəsi yerləşdirilib, onlar in-vitro tədqiq olunub. Müəyyən edilib ki, dərman maddələri digər hüceyrələri zədələmədən xəstə hüceyrələrə maqnit nanohissəciklər vasitəsi ilə daşına bilər."

Abel Məhərrəmov diqqətə çatdırıb ki, laylararası mühitdə qazəmələgəlməni və aktivləşmə proseslərini daha da gücləndirmək məqsədi ilə laborator şəraitində nanodispers metal tozları alınaraq, uzun müddət istismar olunmuş neft quyularında təsiri öyrənilib. Lay sularının işlənilməsi zamanı qaz ayrılmanın intensivliyinin və bu sistemdə təzyiqin, eləcə də mühitin turşuluğunun artdığı müəyyən edilib. Təzyiqin artması sistemə nanohissəciklərin daxil edilməsi nəticəsində baş verir və uzun müddət istismar edilmiş quyularda neft hasilatını artırır.

Şoran torpaqlarda bitkilərin inkişafına təsir edən nanohissəciklərin aşkar edilməsi, onların bioloji və fizioloji effektlərinin araşdırılması və bitkilərdə duzadavamlılığın artırılmasına imkan verən tədqiqatların aparıldığını söyləyən BDU-nun rektoru vurğulayıb ki, bitkilərin toxumları metal əsaslı nanohissəciklər ilə işləndikdən sonra duzluluğu müxtəlif olan torpaqlarda onların cücərmə qabiliyyətinin normal inkişaf etdiyi müəyyən olub.

Akademik AMEA-nın elmi müəssisələrində də nano və nanobio texnologiyalar sahəsində tədqiqatların beynəlxalq səviyyədə aparıldığını, ən qabaqcıl istiqamətlərin effektiv inkişaf etdirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, ölkəmizin neft-qaz sənayesi, tibb və ekologiya sahələrinin tələbatı üçün nanokarbon, nanokompozit və çoxfunksiyalı naziktəbəqəli nanoölçülü strukturlar əsasında bir sıra cihaz və qurğular, o cümlədən elektromaqnit şüalanma mənbələri və çevriciləri də yaradılır.

Məruzə dinlənildikdən sonra AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Dilqəm Tağıyev və İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov,  AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, akademik Vasif Babazadə və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Müzakirədən sonra Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən akademik Abel Məhərrəmovun təqdim etdiyi məruzə bəyənilib və innovativ elm sahəsi olan nanotexnologiyanın əhəmiyyətini nəzərə alaraq, aparılan multidissiplinar tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab olunub. Həmçinin, qərarda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədi ilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər müəssisələrlə prioritet istiqamətlər üzrə müştərək meqalayihənin hazırlanması üçün işçi qrupun yaradılması yer alıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.