Nazir müavini: "Ev telefonlarına limit qoyulsa da bəzi xidmətlər ödənişsiz olacaq"

19-02-2011 / 12:40

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ev telefonlarına yeni ödəniş qaydalarının tətbiqi üçün mart ayında Tarif Şurasına müraciət edəcək. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ANS-ə açıqlamasında bildirib. 

Hazırda nazirlikdə yaradılmış işçi qrupu yeni tarif sistemi ilə bağlı Bakı Telefon və Radio İstehsalat Birliyinin (BTRİB) göndərdiyi təklifləri nəzərdən keçirir. 

İ. Məmmədovun sözlərinə görə, istənilən halda təkliflərdə əhalinin maddi vəziyyəti nəzərə alınacaq və yeni ödəniş qaydaları əhali üçün sərfəli olacaq. Üstəlik, stasionar şəbəkələr həddən artıq yüklənməyəcək. 

Nazir müavini bildirib ki, Tarif Şurasına müraciət zamanı əhalinin bütün təbəqələrinin maraqları mütləq nəzərə alınacaq: “Müəyyən xidmətlər ödənişsiz, yəni limitə daxil olmayacaq. Misal üçün, telefon bağlı olsa belə təcili tibbi yardım, fövqəladə hallar və digər qəza xidmətlərinə zəng etmək mümkün olacaq”.

Bundan başqa, ev telefonlarına danışıq üçün limit qoyulsa belə, internetə daxil olan zaman bu ayrılmış vaxtdan getməyəcək. Çünki, internet trafiki səs trafikindən ayrıldığından əhalinin telefondan internet və ya danışıq üçün istifadə etməsi bilinir. 

Nazir müavininin sözlərinə görə, daxil olmuş təkliflərin tətbiqi Tarif Şurasının qərarından asılı olacaq. 

Yeri gəlmişkən, ilkin variantlara görə, ev telefonlarında dəqiqə hesabı ödəniş tətbiq oluna bilər. Təkliflər qəbul olunsa, ay ərzində abonentlərə 450 dəqiqə pulsuz danışmağa icazə veriləcək. Limitdən artıq danışığın hər bir dəqiqəsi üçün mobil telefonlarda olduğu kimi, müəyyən məbləğdə vəsait ödəniləcək. Tarif paketində əvvəlki tarif sisteminin də ləğv edilməyəcəyi bildirilir. Başqa sözlə, abunəçilərə bir neçə paket təklif olunacaq. Nazirlik stasionar operatorlara yeni imkanların yaradılmasına da çalışır. Bu sahədə yeniliyin tətbiqi ilə, yəni daşına bilən telefonların yaradılması ilə gələcəkdə əhali ev telefonlarını şəhərin istənilən yerinə aparıb danışa biləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə