Nazirlik Azercell-i inkişafa, yoxsa geriyə aparacaq?

07-03-2018 / 16:27

Məlumat verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) AzInTelecom Azərbaycanın telekommunikasiya operatoru Azercell Telecom-un səhmlərini almaqla bağlı müqavilə imzalayıb. Beləliklə, Nazirlik 222 AVRO olan Azercell səhmlərin 51.3%-ni əldə edib.

Son günlər məsələ demək olar ki, hər kəsin gündəmini zəbt edib.

Görəsən, Azercell-in dövlət qurumu tərəfindən alınmasından sonra situasiya hansı istiqamətlərdə dəyişə bilər?

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məsələni Xeberler.az-a şərh edib.

Onun sözlərinə görə, Azercell son illərdə böhran yaşayırdı:

“Məlumdur ki, uzun müddət Azercell investisiya qıtlığı yaşayırdı. TeliaSonera da pul-paranı, investisiyanı kəsmişdi. Bu səbəbdən də qurumda yaxşı mütəxəssislərin ixtisarı, mobil xidmətlərin keyfiyyətsizliyi, mobil internetin bərbad günə düşməsi göz önündəydi. Belə demək mümkünsə, Azercell son illərdə böhran yaşayırdı. Elə hesabatdan da bu məlumu idi”.

Ekspert hesab edir ki, Azercell-in böhrandan çıxması üçün onun dövlət qurumu tərəfindən alınmasını müsbət hal hesab etmək olar:

“Bütün bunları nəzərə alsaq, indiki alqı-satqıda yaxşı hal bu ola bilər ki, böyük vergi ödəyicisi olan Azercell-i məhz böhrandan çıxarmaq üçün hökumət belə bir addım atıb, yəni onu dövlət qurumu alıb.  Belə ki, hökumət ölkənin ən böyük vergi ödəyicilərindən olan Azercell-dəki böhranı stabilləşdirəndən, əsassız xərcləri azaldandan sonra, çevik-effektiv idarəetmə mexanizmləri qurmaqla, innovativ addımlar atmaqla, müəyyən investisya yatırımları etməklə, mobil xidmətlərin keyfiyyətini artırmaqla gələcəkdə daha optimal variantlara üstünlük verməyi nəzərdə tutur. Fikrimcə bu, ən arzuolunan vəziyyət ola bilərdi”.

Osman Gündüz onu da diqqətə çatdırıb ki, əgər Nazirlik Azercell-də heç bir yatırım etməsə innovasiyalara, yeni xidmətlərə üstünlük verməsə, sektorda vəziyyət daha da pisləşəcək:

“Düşünün ki, NRYTN Azercell-də inzibati idarəetmə metodları tətbiq edilir, mütəxəssislər əvəzinə dost-tanışlar işə götürülür, mobil və internet bazarındakı üstün mövqelərdən istifadə edərək Azercell üçün daha yumşaq şərtlər irəli sürülür , haqsız rəqabət yaradır, digər operatorlara “lazım” olanda qırmızı işıq yandırılır və s. Bu cür siyasətin nəticəsində isə nəinki Azercell daha da böhran vəziyyətinə düşəcək, əksinə bütövlükdə ölkənin mobil və telekommunikasiya sektoru inkişafdan geri qalacaq”.

Xeberler.az

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.