Nazirliyin Data Mərkəzi nə üçün müştəriləri cəlb edə bilmir?

22-11-2017 / 16:50

Məlumat verdiyimiz kimi, dünən "Açıq Hökumət Məlumatları” portalı - www.data.gov.az-ın yeni versiyasının təqdimatı keçirilib.

Əldə etdiyimiz məlumata görə həmin tədbirdə daha bir təqdimat da olub. Belə ki dünənki tədbirdə ötən il istifadəyə verilən Data Mərkəzin də təqdimatı olub.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, xeyli müddətdir istifadəyə verilən bu qurumun geniş bir təqdimat edəcəyini gözləyirmiş.

Onun sözlərinə görə, nədənsə milyonlarla vəsait sərf olunaraq yaradılan qurum bir qədər dar çərçivədə və qısa bir təqdimata üstünlük verib.

Ekspert deyir ki, tədbirdə maraqlı məlumatlar verilsə də, bir çox məqamlar qaranlıq qalıb:

“Düzdür, təqdimatda maraqlı məlumatlar verdilər. Bununla belə, onların biznes planları ilə bağlı açıqlamalarında mənim üçün xeyli qaranlıq məqamlar qaldı. Maraqlıdır ki, sərf olunan böyük miqdarda vəsait  tez bir zamanda  necə geri çıxarılacaq və nə zaman gəlir götürməyə başlayacaq?. Belə anladım ki, təklif etdikləri qiymətlər də hələlik yerli biznes qurumlarını cəlb etmir. Və onlar öz resurslarını, informasiya ehtiyatlarını ekoloji , təhlükəsizlik cəhətdən daha təminatlı olan bu Mərkəzdə yerləşdirməyə maraq göstərmir”.

Ekspert xatırladıb ki, Azərbaycanın milli resurslarının böyük əksəriyyəti xarici Data  mərkəzlərdədir.  Onların az bir hissəsi də əsasən 2009-cu ildən istifadəyə verilən DeltaTelecom-un Data Mərkəzindədir.

Osman Gündüz bildirib ki, bu barədə təqdimatda məlumat verilməyib:

“Təqdimatda milli, regional Data Mərkəz funksiyasını üzərinə götürən yeni Data Mərkəzin, milli resurslarımızın  güzəştli şərtlərə Azərbaycanda yerləşdirilməsi, qlobal resursların (Google , Facebook, Microsoft ) Azərbaycan Data Mərkəzindən istifadəsinin təşkil olunması ilə bağlı açıqlamalar eşitmədim. Əksinə, bildiyim qədər, digər qurumlar, məsələn, Azertelecom bu sahədə daha aktivdir”.

Ekspert qeyd edib ki, demək olar dövlət qurumlarının hər birinin öz serverləri, öz Data Mərkəzləri var və onların inkişafına da hər il xeyli resurslar ayrılır.

“Belə olan halda mənə qaranlıq qaldı ki, dövlət qurumu daxilində (NRYTN-nin AzInTelecom qurumu) fəaliyyət göstərən bu yeni Data Mərkəz hansı bazara üz tutur, hansı bazara üstünlük verəcək, yerli yoxsa xarici ?. Düşünürəm ki, indiki halda Nazirlik heç olmasa milli startaplarımız üçün bu Mərkəzdə bir server ayıra bilərdi”.

Onun sözlərinə görə, gələn ildən  Data Mərkəzin Yevlaxda daha bir alternativinin tikilməsi planlaşdırılır:

“Yeri gəlmişkən qeyd edim ki, Data Mərkəz BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Hökumətinin birgə əməkdaşlığı sayəsində yaradılıb. Təxminən 2014-cü ildə icrasına başlanıb. Məkan olaraq ATS-594 -ün binası seçilib və rekonstruksiya edilib. 2015-ci ildə istifadəyə verilməsinə cəhdlər olsa da nəhayət 2016-cı ildə istismara verilib”.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.