Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?

21-01-2015 / 17:31

Yeni ilin ilk günlərindən İKT sektoru üçün ilk bəd xəbər gəldi.

3 il davam edən müzakirələrdən sonra hökumət “Milli genişzolaqlı İnternetin inkişafı” layihəsini büdcə vəsaitləri hesabına maliyyələşdirməkdən imtina etdi. Bu həmin layihədir ki, bütün kəndlərdə və şəhərlərdə hər bir evə fiber-optik xətlərin çəkilməsi, İnternetin inkişafına yönələn nəhəng tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulurdu. Layihənin gerçəkləşməsi ilə Azərbaycan İnternetində ciddi keyfiyyət və kəmiyyət dəyişiklikləri gözlənilirdi.

Artıq elan edilib ki, Dövlət Neft Fondu bu layihəyə pul ayırmayacaq. Əvvəlki illərdə Neft Fondunun büdcəsində bu layihənin 3 il ərzində həyata keçirilməsi üçün nəzərdə tutulan təxminən 350 milyon manatlıq vəsait konkret olaraq qeyd olunurdu. Ötən il üçün büdcədə bu məqsədlə təxminən 105 milyon manat nəzərdə tutulmuşdu.

Neft Fondu layihənin kommersiya xarakterli olduğuna görə, maliyyələşdirməkdən imtina etdiyini bildirib.

Amma bütün İKT ictimaiyyəti, RYTN, özəl sektor son anadək bu layihənin hökumət tərəfindən təsdiqlənəcəyini gözləyirdi.

Elə biz özümüz də bu layihənin Azərbaycan üçün nə qədər əhəmiyyət kəsb etməsi ilə bağlı az açıqlamalar, müsahibələr verməmişdik. Hər bir ictimai tədbirdə, toplantılarda bu haqda açıqlamalar verirdik.

Nazir, cənab Əli Abbasovun bu layihənin gerçəkləşməsi üçün atdığı addımları xatırlayıram. O, cəmi bir ay öncə Qətərdə keçirilən yüksək səviyyəli beynəlxalq konfranslarda bu layihənin ən yaxın müddətdə reallaşacağını vurğulayırdı. Bir sözlə, hamı ümidliydi.

Bəs görəsən nə baş verib?

Əvvəldən də kommersiya layihəsi olması bilinən və büdcədən maliyyələşməsi nəzərdə tutulan layihə nə üçün birdən birə kənarlaşdırıldı?

Axı cəmi 2 il öncə RYTN-də nazir Əli Abbasov və Dövlət Neft Fondunun rəhbəri Şahmar müəllimin birgə iştirakı ilə keçirilən dar çərçivəli bir toplantıda buna xeyir dua verilmiş, təsdiq üçün rəhbərliyə təqdim edilmişdi . Bu necə ola bilər ki, həmin dövrdə qeyri- kommersiya mahiyyətli layihə birdən kommersiya xarakterli oldu.

Fikrimcə, layihənin büdcədən maliyyələşməsindən imtina ilə bağlı Dövlət Neft Fondunun   “kommersiya layihəsi” olmasını əsas gətirməsi inandırıcı deyil . Hətta Booz&Co beynəlxaq konsaltinq şirkətinin də böyük xərclər hesabına bu məqsədlə ölkəyə gətirilməsi və onun da müsbət rəy verdiyi, Neft Fondunun büdcəsində iki il dalbadal təsdiqlənən vəsaitin qəflətən gerilənməsi düşünürəm ki, başqa səbəblərlə bağlıdır.

Güman ki, neftin qiymətlərinin enməsi və bununla da dövlət büdcəsinə daxil olmaların azalması və cari ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı gözlənilən xərclər bu layihənin büdcədən maliyyələşməsindən imtina üçün əsas səbəblərdən biri ola bilər.

Elə son günlər keçirilən toplantılarda ölkə başçısının dövlət qurumlarına israfçılığa yol verilməməsi və qənaətcil olmaqla bağlı verdiyi tapşırıqlar da bu versiyanı daha inandırıcı olmasını gücləndirir.

Eyni zamanda, burada başqa səbəblər də mümkündür. Sirr deyil ki, yaxınlarda ölkədə nəhəng telekommunikasiya obyektlərinin (Aztelekom, BTRİB və s) özəlləşdirilməsi gözlənilir. Bununla bağlı artıq rəsmi açılamalar verilib. Eyni zamanda, ölkə daxilində həm bu qurumlara məxsus olan, həm də Delta Telecoma, Azertelekoma və birbaşa RYTN –nə məxsus iri optik infrastruktur formalaşıb. Adı çəkilən layihə çərçivəsində də daha bir yeni və bəlkə də ən böyük optik bir infrastruktur formalaşmalıydı.

Və güman ki bu yeni qurulacaq optik şəbəkənin idarəetməsinin kimə verilməsi ilə bağlı müyyən fikir ayrılıqları, narazılıqlar olmamış deyildi.

Ola bilər ki, maraqların toqquşması, bu nəhəng infrastrukturun gələcək idarəetnməsinin kimə məxsus olması ilə bağlı fikir ayrılıqları da, RYTN-nin idarəçiliyində olması nəzərdə tutulnan bu layihənin maliyyələşdrilməsi üçün əngəllər yaradıb. Və nəhayətdə kifayət qədər iri bir vəsaitin adı çəkilən quruma verilməməsi üçün qərar qəbul edən şəxsləri inandıra biliblər.

Eyni zamanda düşünürəm ki, RYTN tərəfindən adı çəkilən layihə ilə bağlı yetərli, açıq informasiya mühitinin yaradılmaması, böyük ictimai vəsaitlər ayrılması nəzərdə tutulan layihə ilə bağlı bir dəfə də olsun ictimai müzakirələrin keçirilməməsi, son ana qədər şirkətlərin iştirak şərtlərinin qapalı saxlanılması, beynəlxalq konsaltinq qrupunun gəldiyi rəyin özəl sektora və ictimaiyyətə açıqlanmaması da maliyyələşmədən imtina ilə bağlı təəssüf doğuracaq qərara təsir edən amillər ola bilər.

Ümumiyyətlə, RYTN –də bəzi məqamlarda prosesə məsul olan şəxslərdə müşahidə edilən lənglik və konservatorluq, böyük layihələrin reallaşmasındakı qeyri-operativlik, sahə üzrə məsul şəxslərdə ictimai və informasiya dəstəyinə laqeydlik sonda ciddi uğursuzluqlara yol açıb. Əvvəllər də bir neçə dəfə belə olub.

Çox da uzaq olamayan keçmişdə RYTN nəzdində Elektron Hökumət Dövlət Agentliyinin yaradılması və bir neçə aydan sonra ləğv edilməsində də biz bunu müşahidə etmişdik. Təəssüf ki, bu tendensiya hələ də davam etməkdədir. 

Dəfələrlə şəxsən nazir tərəfindən bu istiqamətdə tapşırıqlar verilsə də, hələlik yetərli bir nəticə görsənmir.

Bir neçə gün öncə RYTN tərəfindən keçirilən təqdimat mərasimində bu tendesiya yenə də açıq şəkildə özünü büruzə verirdi.

Nə etməli ?

Son illərdə ölkədə İKT sektorunda, xüsusilə də İnternetin inkişafında ciddi uğurlar əldə olunub. Bununla da digər əlaqəli sahələrin, innovasiyaların, İnternet biznesin inkişafına təkan verilib.

Düşünürəm ki, əldə olunan uğurları davam etdirmək və inkişaf tempinin saxlamaq üçün əlavə imkanlar tapılmalıdır. Beynəlxalq dəstək qazanan bu layihənin Azərbaycan üçün kifayət qədər mühüm əhımiyyət kəsb etdiyini nəzərə alarq fikrimcə RYTN daxili imkanlar, resurslardan səmərəli istifadə, daxili və xarici kreditlər hesabına olsa da, layihənin müəyyən hissəsini də olsa reallaşdırmalıdır. Xüsusən də regionlarda.

İnternetin yazılmayan qanunları var ki, o dolayısı ilə hər şeyə, elekton ticarətə, e-xidmətlərə, e-təhsilə, bir sözlə hər bir sahəsnin inkişafına təsir edir. Təkcə bir faktı qeyd edim ki, əslində normal İnternet infrastrukturun olmaması ucbatından ölkə üzrə məktəblərin 50%-ində hələlik normal, genişzolaqlı İnternet şəbəkəsi yoxdur.

Yaxşı haldır ki, İnternetin inkişafı istiqamətində artıq ilkin müsbət addımlar da atılmaqdadır. Güman ki, yerli bankların kredit faizlərinin yüksək olması səbəbindən AzTelekom artıq xarici banklardan kredit götürməklə və özəl provayderləri də cəlb etməklə regionlarda genişzolaqlı İnternetin inkişafı istiqamətində əhəmiyyətli bir layihəyə start verib.

Fikrimcə RYTN İnternetin inkişafı istiqamətində mövcud vəziyyəti daha ciddi araşdırmalıdır. Hamı üçün sirr deyik ki, Bakinternet dövlət provayderinin hər ay əldə etdiyi 4-5 milyon manatlıq təmiz gəlir hesabına bütov bir BTRİB şəbəkəsi, Bakının bütün dövlət telekommunikasiyası, bütün ATS-lər maliyyələşir. Bu uzun müddət belə davam edə bilməz axı.

O nəhənglikdə BTRİB nə vaxta qədər İnternet istifadəçiləri hesabına yaşamalıdır görəsən?

Heç bir yerdə görsənməyib ki, dövlət müəssisəsi kommersiya ilə məşğul olaraq İnternetdən gələn gəlirlə, özünün gəlir gətirməyən şəbəkəsini saxlasın.
Fikrimcə, bu istiqamətdə ciddi islahatların aparılmasına ehtiyac var.

Osman Gündüz
19.01.2015


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.