Nə üçün İnternet qiymətləri bahadır və nə üçün İnternet keyfiyyətsizdir ?

18-02-2014 / 14:40
Delta Telecom həmçinin qonşu Gürcüstana da İnternet satır.  
Ölkə üzrə istifadə olunan toplam İnternet trafiki cəmi 100 Gb/san –dir. Hər bir Provayderin aldığı İnternet trafikin həcmi Delta Telecom-un saytında yerləşdirilib və onlayn olaraq yenilənir. Hər bir Provayder bu qeyd olunan trafiki öz müştərilərinə müqavilə üzrə müxtəlif sürətlər və uyğun qiymətlər üzrə təklif edir.
Məsələn, Bakinternet  Delta Telecom-dan təxminən 25 Gb/s alır və özünün 160 min müştərisi arasında bölür.

Özəl Provayderlərin müştərilərinin sayı açıqlanmır. RİTN-də bu Provayderlərin müştərilərinin sayının açıqlanmasına maraq göstərmir.  
Provayderlərin müxtəlif sürətlər üzrə təklif etdikləri qiymətlər təxminən eynidir . Bəzi Provayderlər üzrə  qiymətlərin real vəziyyəti burada verilib və qonşu ölkələrlə müqayisə də aparılıb  http://t.co/53lFsGyBhD . Aşağı sürətlər üçün qonşu ölkələrlə müqayisədə qiymətlər bir neçə dəfə, böyük sürətlər üçün isə xeyli dərəcədə bahadır.
 Həm də keyfiyyətlə bağlı ciddi problemlər var və bu haqda da artıq məlumatlar verilib  http://t.co/E8LbG4GuyR .  Yəni, istifadəçi  Provayderlə bağladığı Müqavilə əsasında nəzərdə tutulan sürəti evində və ofisində əldə edə bilmir. Bu əsasən İstifadəçilərin “çəkidə” aldadılması yolu ilə baş verir. Provayder Delta Telecom-dan az alır və bu az trafiki özünün çoxlu sayda müştəriləri arasında bölür.
Ədalət naminə deməliyik ki, bəzən bu sürət infrastruktur problemləri səbəbindən, xətlərin qeyri-standart olması səbəbindən də son nöqtəyə tam həcmdə gedib çatmır. Son zamanlarda ADSL üzərindən və kabel vasitəsilə  əldə edilən İnternetin keyfiyyətində yaxşılaşma olsa da Mobil İnternetin keyfiyyəti ilə bağlı vəziyyət daha da pisləşib.
Beləliklə, artıq qiymətlərin kəskin baha olması şübhə doğurmur və cəmiyyət endirim gözləyir.
Düşünürəm ki, qiymətlərin xeyli baha olmasını  RİTN də bilir və bunun nəticəsidir ki, bu qurumda son vaxtlarda bir neçə dəfə Provayderlərin toplantısını keçirilsə də  qiymətləri endirə bilməyiblər. Provayderlər sadəcə imtina ediblər !
Provayderlər,  Delta Telecom-dan aldığı İnternet qiymətlərinin baha olmasını və ATS xərclərinin çox olmasını əsas gətirərək qiyməti endirməyə razılaşmayıblar.
Görünür RİTN hətta dövlət Provayderlərinə də endirimlə bağlı təsir edə bilməyib .

Nə üçün qiymətlər bahadır  və nə üçün İnternet keyfiyyətsizdir ?
Provayderlər bildirir ki  onların Delta Telecom-dan aldığı İnternetin qiyməti  toplam İnternet sürətinə uyğun olaraq müəyyən edilir. Yəni, kim çox alırsa ona  daha ucuz verilir.
 Bu isə, bildirildiyinə görə 1 Mb/s üçn 20 - 40 manat arasında, bəziləri üçün isə 10 manat civarındadır. Qeyd edək ki, İSP-lər bu təmiz 1 Mb/s-nı adətən 4 – 5  müştəri arasında bölə bilirlər və bu normal hesab olunur.
Amma təəssüf ki, bizim Provayderlər bu təmiz 1Mb/s-i onlarla, bəzən isə 20 - 30 müştəri arasında bölürlər və nəticədə də istifadəçi Müqavilədəki sürəti son nöqtədə əldə edə bilmir. Anlaşıqlı desək istifadəçinin “çəkidə aldadılması” baş verir. Provayderin aldığı  toplam İnternet tutumu müştərilərin sayına uyğun olmur.
Provayderlər aldıqları toplam İnternet  üçün  Delta Telecom-a ödənilən xərclərin və İnternetin müştərilərə çatdırılması üçün  ATS-lərə ödənilən xərclərin ( hər müştəriyə görə, portlara görə, ATS-dən , kanalizasiyadan  və s istifadəyə görə ödənilən xərclər ) xeyli çox olduğunu bildirirlər. Və bunun da nəticəsi olaraq İnterneti baha qiymətə  təklif etmək məcburiyyətində qaldıqlarını söyləyirlər.

Delta Telecom şirkəti öz sistemində hər bir Provayderin müştərilərinin istifadə etdiyi İnternetin həcmini çox gözəl bilir və güman ki daim bunu müşahidə edirlər.
Bu müşahidələr də şübhəsiz ki Provayderlərin aldığı İnternet tutumunun  müştərilərin sayına uyğun olmadığını və təbii ki hədsiz dərəcədə az olduğunu göstərir. Yəni, əslində dəqiq olaraq yalnız Delta Telecom bilir ki Provayderlər müştəriləri “çəkidə” necə aldadır. Bilir ki,  Provayderin ondan aldığı bütöv sürət günün müəyyən vaxtı pik həddindədir, sistem dolub-daşır  və həmin Provayderin müştərilərinin  tələbatına cavab vermir.
Nəticədə də istifadəçi Müqavilədə göstərilən sürəti əldə edə bilmir. Yəni müştəri pulunu verdiyi malı günün müəyyən saatlarında ala bilmir.  Çünki bu malın özünü Provayder yetərli qədər Delta-dan almır. Bu halın baş verməməsi üçün Provayder  əslində Delta-dan əlavə tarifik almalı idi. Lakin aydındır ki  bu baş vermir.

Bu prosesin gedişində udan və uduzanlar var.
Müştəri üçün təbii ki bu aldadılmadır, istehlakçı hüquqların tapdanmasıdır . Əldə etmədiyi bir mala görə , heç bir “şey” ə görə pul ödəyir. Və təəssüf ki bu az qala kütləvi olaraq baş verir.
Delta Telecom topdansatış  olaraq qazanır və qiyməti diktə edir. Eyni zamanda bu sadalanan proses Delta Telecom üçün həm də o deməkdir ki, ehtiyac olduğu halda o ölkəyə gətirdiyi İnterneti son müştəriyə tam olaraq sata bilmir. Çünki Provayderlər müştərilərə “yalançı” trafik satır. Güman ki Provayderlərin nə qədər qazanc əldə etdiyini də təxminən hesablayan Delta Telecom topdan satdığı İnternet qiymətlərini endirməkdə maraqlı deyil.
Bu proses bəzi Provayder üçün  xərclərinin çox olmasına rəğmən “göydən düşən”, “göydən tökülən” bir gəlirdi . Yəni, mayası olmayan,  topdan almadığı  bir malı,  daha doğrusu realda mövcud olmayan bir “şey” ə görə gəlir əldə olunur.
ATS-lər üçün də bu aldadılma prosesi yaxşı gəlir mənbəyidir. Hər bir müştəriyə görə Provayderlər ATS-lərə qanuni və bildirildiyinə görə elə qeyri-qanuni də xeyli pul ödəyirlər. Təsəvvür edin ki, müştərilərinin sayı 50 min olan özəl bir Provayder  hər ay təxminən  150 - 200 min manat təkcə ATS-lərin resurslarından istifadəyə görə  BTRİB-ə ödəniş edir .

Beləliklə nəticə ondan ibarət olur ki əslində bu prosesdə iştirak edən bütün tərəflər az-çox qazanırlar və itirən yalnız istifadəçi- müştəridir.
İtirən həm də Azərbaycan olur. Çünki zəif və  bahalı İnternet həm də  dolayısı ilə ölkənin sürətli inkişafını əngəlləyir, innovasiyaların inkişafını ləngidir və dolayısı ilə cəmiyyətin bütün sahələrinin inkişafına tormozlayıcı təsir edir. Azərbaycanın beynəlxalq  imicinə də mənfi təsir edir.  

İnternet qiymətlərini endirmək mümkündürmü ?
Görəsən Provayderlər indiki durumda  qiymət endiriminin mümkünsüz olmasını bildirməkdə haqlıdırlarmı ?
Qeyd etdik ki RİTN-də bir neçə dəfə Provayderlərin toplantısı keçirilib və RİTN  qiymətlərin endirilməsini təklif etsə də Provayderlər razılaşmayıb
Provayderlər bunu xərclərinin çox olması ilə izah ediblər.
Amma real vəziyyət tam əksini göstərir. Provayderlər sadəcə RİTN-ə yalan rəqəmlər və yalan informasiyalar təqdim edirlər. Və ya RİTN-də bu vəziyyətlə barışmaq istəyənlər var.
Konkret bir  Provayder üzrə aylıq gəlir və xərcləri təxmini hesablamaqla bunu görmək olar.
Məsələn Bakinternet Provayderinin aylıq mənfəətini təxmini hesablayaq :


Bakinternet-in müştərilərinin sayı 160 min.
Müştərilərin aldığı ən aşağı orta internet sürəti  ~ 4 Mb/san   ( Bü rəqəm 2 Mb/s  ilə 24 Mb/s arasında dəyişir)
Bakininternet-in 4 Mb/s İnternet üçün mövcud aylıq qiyməti  - 30 manat (http://bakinter.net/packages/ )
Aylıq  gəlir :
160 000 müştəri X 30 manat = 4 800 000 manat

Bakinternet-in xərcləri (İnternet satışının maya dəyəri)
Bakinternet  Delta Telecom-dan təxminən 20 - 30 Gb/s arasında İnternet  alır (Bu Delta-nın onlayn statistikasından sutkanın müxtəlif anları üçün  aydın görsənir)
Bakinternet-in Delta-dan aldığı orta İnternet sürəti : 25 Gb/s = 25 000 Mb/s

Delta-nın təxmini qiyməti:  təmiz 1 Mb/s = 20 manat
Bakinternet-in Delta-ya aylıq təxmini ödənişi :
25 000 Mb/s X 20 manat = 500 000 manat

ƏDV = 90 000 manat

Bakinternet-in digər aylıq təxmini kommersiya və inzibati xərcləri  ( 6 Telefon Qovşağının hər birində bir neçə nəfərlik  Bakinternet şöbələri fəaliyyət göstərir. Onların əmək haqları, vergi, amortizasiya, kommunal  və s xərcləri )  =  500 000 manat
( Bakinternet dövlət Provayderi olaraq digər özəl Provayderlərin ATS-lərə ödədiyi qanuni və qeyri-qanuni xərclərdən azaddır.  )
Bakinternetin cəmi aylıq xərcləri : 500 000 + 90 000 + 500 000 = 1 090 000 manat

Bakinternetin aylıq təxmini mənfəəti :
4 800 000 manat –1 090 000 manat = 3 710 000 manat . Söhbət aylıq mənfəətdən  gedir !


Bu hesablamadakı rəqəmlər yalnız bir halda dəyişilə bilər. Əgər BTRİB bildirsə ki , Bakinternet-dən gələn gəlirlərdən onlar bütün BTRİB xərclərini, ATS-lərin bütün istismar  xərclərini, Qovşaq müdirlərinin və digər personallarının xarici maşın  və digər xərclərini də ödəyirlər, təbii, bu zaman Bakinternet hətta ziyanla da işləyə bilər !

Əlbəttə, əgər Provayderlər "yalançı" trafik satmasalar, 1 Mb/s İnterneti  onlarla müştəri arasında bölməsələr onda , təbii gəlir də xeyli azalacaq

Beləliklə, məlum olur ki, əslində dövlət Provayderi olan Bakinternet tam mənfəətlə işləyir və aylıq təmiz qazanc da ən azı 3 - 4 milyona çatır .
Nəzərə alsaq ki, biz bu hesablamanı ən “kasıb  müştəri” üçün aparmışıq ( orta 4 Mb/s olmaqla) və nəzərə alsaq ki 160 minlik müştərilərin xeyli hissəsi də daha böyük sürətlər alırlar , ona uyğun da ödənişlər edirlər deməli belə görünür ki Bakinternetin aylıq gəliri bu qeyd olunandan qat-qat çoxdur.

Amma qiymət endirmək istəmirlər!
 Delta-nın qiymət endirimini gözləyirlər. Özəl Provayderlər də dövlət Provayderlərinin qiymət endirimini gözləyirlər.
Əlbəttə, Delta Telecom tərəfindən də uzun müddətdən bəri qiymət endirimlərinin olmamasına haqq qazandırmaq olmaz. Rəqabətin gücləndirilməsi üçün, az trafik alanlara da müəyyən güzəştlərin edilməsi, xüsusilə də optik İnternetə əlçatımlıq üçün bu qurum tərəfindən qiymət endirimi çox vacibdir.
Amma yuxarıdakı adi hesablamadan görmək olur ki, indiki durumda belə, Provayderlərin, xüsusilə də dövlət Provayderlərinin qiymət endirimi üçün ciddi real imkanlar yetərincədir.
 
Nə etməli ?
Fikrimcə RİTN və digər dövlət qurumları  daha sərt tədbirlərə əl atmalıdır.  RİTN mütəxəssisləri tərəfindən təcili İnternet bazarında mövcud vəziyyətlə bağlı araşdırma aparılmalıdır. Biz bu məsələdə RİTN-ə köməklik göstərməyə hazırıq. Artıq Azərbaycan İnternet Forumu tərəfindən RİTN-ə bu istiqamətdə təkliflər də təqdim edilib.
Provayderlər,  Delta Telecom və vətəndaş cəmiyyəti qurumaları ilə birgə mövcud situasiya müzakirə olunmalıdır.
Fikrimizcə, indiki halda İnternet qiymətlərinin xeyli endirilməsinə imkanlar var.
Delta Telecom tərəfindən  də topdan İnternet qiymətlərinin endirilməsi çox vacibdir. Xüsusilə də hazırda optik İnternetin xeyli baha olmasının səbəbləri məhz  bu qiymətdən çox asılıdır.
O cümlədən ATS-lərdə Provayderlərdən toplanan  ödənişlər bir daha nəzərdən keçirilməli, qeyri-qanuni ödənişlərə imkan verilməməli, bu sahədə ciddi islahatlar aparılmalıdır. Bəzən ümumiyyətlə izahı mümkün olmayan tariflərə rast gəlmək olur.
Görünən odur ki İnternetin qiyməti və keyfiyyəti ilə bağlı real vəziyyət Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun deyil və belə vəziyyətin davam etməsi ölkəyə ciddi ziyan vurur.
İnternetin qiyməti və keyfiyyəti ilə bağlı  ölkədə İKT sahəsində, İnternetin inkişafı istiqamətində,  elektron hökumət quruculuğu sahəsində  aparılan uğurlu siyasətlə uzlaşmayan bir situasiya yaranıb.
Dövlət tərəfindən İKT-nin inkişafına qonşu ölkələrlə müqayisədə qat-qat ciddi dəstək olduğu halda İnternetin qiymətləri və keyfiyyəti ilə  müqayisədə vəziyyət heç də xoşagələn deyil.

Osman Gündüz
18.02.2014
 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.