Nə üçün ölkəmizdə distant təhsil formasının tətbiqi ləngiyir?

07-08-2015 / 14:43

“Azərbaycanda distant təhsilin inkişaf strategiyaları hazırlanmalı, hüquqi normativ baza yaradılmalıdır”.

Distant təhsil -öyrədən və öyrənən arasında əlaqəni  telekommunikasiya  və kompüter şəbəkələri vasitəsilə müəyyən məsafədən  həyata keçirən təlim sistemidir.  Son illər  distant təhsilə  təhsil forması kimi  yox,  daha  çox  təhsil  texnologiyası kimi  baxılır.  Distant təhsil müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və  ya  ikinci ali  təhsil   almaq arzusunda  olan  şəxslərə  daha  əlverişli  imkanlar  yaradır.   

Distant  təhsillə bağlı suallarımızı Azərbaycan Dövlət  Pedaqoji Universitetinin  “İKT,  Monitorinq və Qiymətləndirilmə Mərkəzi”nin  direktoru,  dosent  İlham  Əhmədov cavablandırır.

- Distant təhsil formasının özəllikləri nədən ibarətdir?

- Əvvəlcə  təhsilimizdə  olan  real  vəziyyətə  diqqət yetirmək  istəyirəm,  çünki virtual  təhsil, distant  təhsil   real təhsilin nailiyyətləri üzərində qurulur, real təhsili  zəif olan ölkədə virtual təhsil  də  zəif olacaqdır.

 Faktiki  olaraq  aparılan  “ təhsil  islahatları”  nəticəsində  təhsildə  tənəzzül  baş verib. Təhsilimizdə  belə  ciddi  problemlərin  olduğu  şəraitdə  təhsilin informasiyalaşması (o cümlədən distant  təhsilin yaradılması)  xeyli  əlavə  çətinliklər  yaradır. 

İnformasiya  cəmiyyətində  yaşayırıq. İnformasiya  cəmiyyətinin təhsili isə  informasiya  təhsil mühitində,  informasiya texnologiyaları  vasitəsi  ilə  reallaşır.  Lakin  yeni  cəmiyyətin tələblərinə  təhsildə  keçid  inqilabı üsullarla  deyil, təkamül  yolu ilə  olmalıdır. Ümummilli  lider  H.Əliyevin söylədiyi kimi,   “…təhsildə  inqilab mümkün deyil, ancaq islahat yolu irəliləmək  olar”. 

Distant təhsil  öz  texniki  və  didaktik    imkanlarına görə ənənəvi ( klassik)  təhsili bir çox sahələrdə  ötüb. Distant təhsil -öyrədən və öyrənən arasında əlaqəni  telekommunikasiya  və kompüter şəbəkələri vasitəsilə müəyyən məsafədən  həyata keçirən təlim sistemidir.  Son illər  distant təhsilə,   təhsil forması kimi  yox,  daha  çox  təhsil  texnologiyası kimi  baxılır.  Distant təhsil müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və  ya  ikinci ali  təhsil   almaq arzusunda  olan  şəxslərə  daha  əlverişli  imkanlar  yaradır.  

- Distant təhsil texnologiyasının  tətbiqi  zamanı  tədris proqramları necə həyata keçirilir?  

- Təhsil proqramları ənənəvi təhsildə hansı məzmundadırsa (bu məzmun  dövlət təhsil standartları ilə müəyyən olunur),  distant təhsildə  də   tədris eyni   məzmunda  həyata keçirilir.  Distant  təhsili ənənəvi təhsildən  fərqləndirən  əsas  amil   burada  ünsiyyətin  İnternet üzərindən həyata keçirilməsidir. Bu əlaqə sinxron  və  asinxron ola bilər.

Distant təhsil proqram-texniki baxımdan   müəyyən bir platforma üzərindən həyata keçirilir. Bu platforma  xüsusi  proqram kompleksidir.  Orada distant  təhsilin  proqram təminatına,  servislərə,  distant təhsil  portalına,  faylların mübadiləsinə  və s.  tələblər,   standartlar  şərh edilir.

Təhsilin məzmun  standartlarından əlavə proqram və texniki təminatın standartları da rol oynayır. Həmçinin kompüterin interaktivlik,  fərdi yanaşma, əyanilik kimi   imkanları da rol oynayır.  Təlim alan  şəxs istənilən şəraitdə, fərdi qaydada   öz kompüteri vasitəsi  ilə  tədris planındakı ardıcıllıqla fənnləri müstəqil şəkildə mənimsəyir. Buradakı   mühazirə  materialları  mətn, audio, video və  interaktiv  formada ola  bilər.  Hər məşğələnin sonunda tələbənin   öyrəndikləri  məzmun   elektron test üsulu ilə qiymətləndirilir. Həmçinin,  təlim  statistikası  dəqiqliklə aparılır.  Bu statistik məlumatlara   virtual universitetin hazırda neçə tələbəsinin  onlayn olaraq universitetin portalında tədris materialını öyrənməsi, hər tələbənin   gün ərzində neçə  saat məşğul olması,  hansı fənnlərə  daha çox üstünlük verməsi, testin neçə faizinin düzgün cavablandırması   və s.  daxildir.  Yəni,   burada statistika çox ətraflı şəkildə   təqdim edilir. 

Distant universitetlər öz potensialı ilə kifayətlənmir. Qısa zamanda dünya universitetlərində hansı nailiyyətlər var -  mühazirə mətnlərini, dərslikləri, multimediya  materialları   universitetlər öz aralarında əlaqə yaradaraq   mübadilə edə bilərlər,  müəllif hüququ qorunmaqla  öz portallarında yerləşdirə  bilərlər.

- Hazırda təhsilin distant forması hansı universitetlərimizdə tətbiq olunur ?

- Bildiyiniz kimi, ölkəmizdə  1999-cu  ildən başlayaraq təhsil islahatları həyata keçirilir.  İqtisadiyyat Universitetində   distant  təhsillə  əlaqədar  bir sıra işlər görüldü.  Belə  ki, əlavə təhsil alan müdavimlərin  təlimində   distant  təhsil  texnologiyası elementlərindən istifadə edərək  müvafiq  xidmət göstərilməyə başlanıldı.

Distant təhsil sisteminin yaradılması ölkə səviyyəli  problemdir,  bunu  bir  universitetin  gücü ilə həll etmək  mümkün deyil.   Bunun üçün Azərbaycanda distant təhsilin inkişaf strategiyaları hazırlanmalı, hüquqi normativ baza yaradılmalıdır.  İlk öncə universitetlərdə  distant təhsili həyata keçirə bilən  komanda hazırlanmalı idi. Təəssüf  ki, nazirlik səviyyəsində bu istiqamətdə zəruri  işlər görülmədi və İqtisadiyyat Universitetində  başlanan təşəbbüs sonadək   tam  reallaşa bilmədi.  Bu səbəbdən İqtisadiyyat Universitetində 10 ildən uzun müddətdə fəaliyyət göstərən  distant təhsil  sistemi  hələ də beynəlxalq standartlara çata bilməyib. Azərbaycanın   digər  universitetlərində distant təhsil  texnologiyasının tətbiqi  ilə əlaqəli hər  hansı  işlər  aparılmır.

- Bizdə hazırda distant formada xarici universitetlərdə təhsil alanlar  varmı?

-Respublikadan  kənarda   distant  texnologiyalar  əsasında təhsil alan gənclərimizin sayı  kifayət qədərdir. Onlar  Avropanın,  Amerikanın,  Asiyanın  universitetlərində distant təhsil alırlar.  Gənclərimizin çoxu  Rusiya  və   Türkiyə universitetlərində   distant  təhsilə üstünlük verirlər.  Hesab edirəm ki, distant  texnologiyalar  əsasında  xaricdə təhsil  almaq  daha yaxşıdır, nəinki,  əyani təhsil almaq. Bu vətəndaşlara  iqtisadi  baxımdan  sərfəlidir. Digər  tərəfdən distant təhsil  prosesi  tələbəni  müasir  informasiya  cəmiyyətində yaşamağa  və  işləməyə  daha  yaxşı hazırlayır,  nəinki  qiyabi  və  ya  əyani  təhsil.  Bir  sıra  ölkələrdə  işəgötürənlər  distant  məzunları işə  daha  həvəslə qəbul edirlər,  çünki  onlar  rəqəmsal  iqtisadiyyata  daha  yaxşı  hazırlaşıblar.

Gənclərimizin   xaricdə distant  təhsil alması bizim  milli  universitetləri də müəyyən qədər rəqabətə dəvət edir. Artıq  təhsil bazarı  qlobal  xarakter  daşıyır. Təəssüf  ki,  bizim universitetlər  bu  rəqabətə  hazır  deyillər. Onlayn təhsil genişləndikcə  bizim  gənclər  arasında   bu universitetlərə   virtual axın artacaq. Bunun  qarşısını  qadağalarla,  süni maneələrlə  almaq  mümkün olmayacaqdır.  Oxford, Harvard, Stenford, MİT kimi tanınmış  universitetlər    onlayn,  açıq  kurslar vasitəsi  ilə pulsuz  təhsilə keçirlər, belə  getsə   universitetlərimizin  auditoriyalarında  tələbələr  xeyli azalacaq.
 Futuroloqlar  yazırlar  ki, yaxın  gələcəyin  universitetləri  və  məktəbləri serverlərdə  yerləşəcək,  virtual  formada  işləyəcək, onların heç  bir  binası , divarları olmayacaq.  Google  şirkəti  bir  milyard  tələbəni əhatə edə  bilən  virtual universitet  layihəsi üzərində  işləyir,  bu  universitet  bütün ölkələri əhatə edəcəkdir. Analoji layihələr digər şirkətlərdə  də  reallaşır.

- Azərbaycan universitetlərində distant təhsilə keçid mümkündürmü?  

- İKT sahəsində özümüzün xeyli uğurlarımız var,  kosmik dövlətik, ölkəmizdə  ASAN xidmət kimi mütərəqqi bir ideya həyata keçirilib. Bu sadaladıqlarım  göstərir ki, istəyimiz  olanda   nailiyyət əldə edə bilərik. Artıq bütün dünya distant təhsildən istifadə edir. Dünya xəritəsini göz önünə gətirsək, az sayda ölkənin bu təhsil  texnologiyasına   keçmədiyini görə bilərik. Müşahidələrimə əsasən deyə  bilərəm ki,  bəzi  universitetlərin  rektorları  4-5  il əvvəl  öz  müsahibələrində  qeyd  edirdilər ki,  onların  universitetlərində yaxın zamanlarda  qiyabi təhsil distant təhsillə əvəz olunacaq. Hətta  bu keçidin  2015-ci ildə baş tutacağını da bildirirdilər. İndi  2015-ci ilin yarısı keçib, amma  hələ  ki, nəticə yoxdur.  Bu ciddi  məsələdir,  bunun üçün    peşəkar  komanda,   həm xeyli  vaxt,  həm də güclü  investisiya  lazımdır.  Bizdə  bu  resursların heç biri universitetlərdə yoxdur.   

- İlk növbədə hansı addımlar atılmalıdır ?

Distant təhsilin yaradılması üçün güclü elektron kitabxana sistemi lazımdır. Tədris planında olan bütün fənlər üzrə elektron dərsliklər  hazırlanmalıdır.  Professor-müəllim heyətinin hamısının uzunmüddətli, sistemli təkmilləşdirmə kursu keçməsi  zəruridir.  Yüksək səviyyəli texniki avadanlıqlarla təminat  problemi həll olunmalıdır və mütəmadi olaraq bu sistem zənginləşdirilməlidir.

5 il bundan öncə Azərbaycan Dövlət Pedoqoji Universitetində 3 ixtisas  üzrə  qiyabi təhsili  distant  texnologiyalar  əsasında  qurmaqla  əlaqəli  bir layihə üzərində işlədik, layihəni  təhsil nazirliyinə təqdim etdik. Gözlənilən standart cavab aldıq:  “Layihəyə  maliyyə dəstəyi verə bilməyəcəyik.  Daxili imkanlarınızla icra edin”. Amma  distant təhsil formasına keçid universitetin öz   imkanları hesabına başa gələ biləcək məsələ deyil. 

- Distant təhsil formasına keçid üçün nə qədər maliyyə tələb olunur?

-Ekspertlər bildirirlər ki, 10. 000 nəfər tələbəsi olan universitetdə  beynəlxalq  standartlara  cavab verən  distant təhsil  sisteminin  yaradılması üçün 5-10 il vaxt  (universitetin səviyyəsindən asılı  olaraq) , 30-50 milyon  dollar  pul lazım ola bilər. Bu rəqəm bizim ölkədə  daha  az ola bilər. Hesab edirəm ki,  distant təhsilin yaradılması  üzrə ölkəmizdə  bəzi universitetlərdə müəyyən ixtisaslar  üzrə   pilot layihələr  hazırlayıb  həyata  keçirməyin zamanı çoxdan yetmişdir.

- Təhsilin hansı pilləsində distant təhsil səmərəli hesab olunur?

Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsil forması qədər,  bəlkə  də  bir  az  artıq  səviyyədə   səmərəli ola bilər. Dünyada distant təhsilin imkanları getdikcə  sürətlə artır.  Bir çox təhsil müəssisələri və treninq mərkəzləri fəal şəkildə məktəbdə   eksternat  təhsildən  başlamış ali təhsilə və MBA-ya qədər bütün  səviyyələrdə  distant təhsil kursları təşkil edirlər.

 Hazırda hətta  pulsuz  xeyli  distant  kurslar  fəaliyyət  göstərir. Fikrimcə ölkəmizdə  ixtisasartırma  və  təkmilləşdirmə kurslarını  distant  texnologiyalar əsasında   təşkil etmək olar, bu   həm  daha asan,  həm də maliyyə cəhətdən daha sərfəli olar.  Təəssüf  ki, ölkəmizdə  heç bir  nazirlikdə  korporativ  təhsil sistemi  inkişaf etməyib, bu insan  kapitalı   və  kadrların   diplomdansonrakı  fasiləsiz təhsil sisteminin zəif  durumda olmasını göstərir. Korporativ təhsil sistemi  bu  gün bütün  dünyada  distant texnologiyalar əsasında fəaliyyət  göstərir. Biz  belə distant  korporativ təhsil sisteminin  (korporativ virtual  universitetin)  yaradılması  təşəbbüsü  ilə  bir neçə nazirliyə  təkliflər  verdik, amma  onlarda  bu  ideyaya  maraq olmadı.

-Distant təhsil daha çox kimləri cəlb edə  bilər?

-Bakalavr, magistr, doktorantura  pillələrində  təhsil  almaqla yanaşı,  daim inkişafa  həvəs edən kadrların  fasiləsiz  təkmilləşdirilməsi  üçün , əlavə  ali təhsil almaq istəyən insanlar  üçün, evdar qadınlar üçün,  müəyyən fiziki qüsurlarla əlaqəli cəmiyyətdən qismən təcrid olunmuş,   lakin fəal həyata qoşulmaq üçün bilikləri az olan  insanlar üçün,  məhbus həyatı yaşayanlar üçün  v.s.  kateqoriyadan  olan vətəndaşlarımız    üçün  distant  təhsil  maraqlı  ola  bilər. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var.

- Distant təhsilin müsbət cəhətləri hansılardır?

- Müsbət cəhətləri distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar,  müəllimlər eyni zamanda daha çox tələbəni öyrədə bilərlər,  bunun da sayəsində distant təhsilin qiyməti münasib olur . Distant texnologiyalar  təhsili hamı üçün əlçatan edir. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə İnternet lazımdır.  

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə