Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

01-08-2012 / 18:36

Elçin Əlibəyli: “Türkiyə provayderləri bu hücumu görürlər, amma qarşısını almırlar”

İyulun 28-də, günorta saatlarından başlayaraq ölkənin bir sıra aparıcı saytlarına haker hücumları olub. Hücuma məruz qalan saytlar arasında trend.az, publika.az, müsavat.com, qafqazinfo.az, milli.az, day.az kimi kimi nüfuzlu agentliklər və tanınmış xəbər portalları da var. Bundan öncə də Azərbaycanın həm dövlət, həm də qeyri-dövlət qurumlarına məxsus bir sıra saytları vaxtaşırı kiberhücumlara məruz qalıblar.

Ona görə də sonuncu hücum iki məsələni - Azərbaycanın informasiya təhlükəsizliyinin və saytların təhlükəsizliyinin nə dərəcədə etibarlı olub-olmadığını çox ciddi şəkildə gündəmə gətirib. Azərbaycanın Ermənistanla müharibə şəraitində olması narahatlığı daha da artırıb. Belə bir sual yaranır: “Sabah müharibə başlasa, vəziyyət necə olacaq?” Digər maraqlı məqam isə saytlara “Türk Telekom”a məxsus IP ünvanlardan hücum edilməsindədir. Əgər əvvəllər Azərbaycan saytlarına əsasən İran və Ermənistan üzərindən hücumlar olurdusa, indi Türkiyə üzərindən bu hücumlar gerçəkləşdirilir.

Hücuma məruz qalan publika.az saytının baş direktoru Elçin Əlibəyli “Gündəlik Teleqraf”a bildirib ki, Azərbaycanın özünün serveri formalaşdıqdan sonra saytların müdafiə sistemi daha da güclü ola bilər: “Amma bu hücumların qarşısını almaq ümumiyyətlə, mümkün deyil. Budəfəki hücumlar Türkiyə üzərindəndir. Özü də eyni vaxtda 2 minə yaxın IP ünvandan edilir. Məsələ ondadır ki, Türkiyə provayderləri bu hücumu görürlər. Amma onlar bunun qarşısını almırlar. Halbuki, onlar bu hücumun qarşısını ala bilərlər”.

E.Əlibəyli bu hücumda siyasi məqsəd olduğunu düşünmür: “Əgər belə bir məqsəd olsaydı, ən azı “Avroviziya-2012”nin keçirildiyi ərəfədə olardı. Amma iyulun son günlərində olması mənim özümü də düşündürür və burada məqsədin nə olduğu mənim üçün də maraqlıdır. Hər halda analiz etdikdən sonra müəyyən bir cavab verə bilərik”.

E.Əlibəyli saytın serverinin daha təhlükəsiz yerdə yerləşdirilməsi üçün xüsusi mexanizm üzərində işlədiklərini də vurğulayıb.

Musavat.com saytının redaktoru Xalid Kazımlı qeyd edib ki, hücum iyulun 29-da günorta saatlarında başlayıb. Ona görə də provayderlər saytın fəaliyyətini müvəqqəti dondurublar: “Bizim sayt bu gün (dünən-S.H) günortadan sonra işə düşdü, sayt açılır, amma materialları yeniləmək olmur. Bunun üçün admində olan problemlər həll olunmalıdır”.

X.Kazımlı qeyd edib ki, sayta hücumla bağlı dəqiq məlumata malik olmasa da, gümanları var: “Gümanın biri budur ki, bizim saytda “Böyük Kürdüstan” dövləti projesi yenidən gündəmdə” adlı tutarlı bir yazı var idi. Ola bilsin ki, bu yazı Türkiyədə kimlərinsə, məsələn, o dövlətin yaranması ilə məşğul olan qüvvələrin xoşuna gəlməyib. Mənim gümanım hələlik bundan ibarətdir. Onlar hücum edə bilərlər. Çünki biz Türkiyə ilə dost-qardaş dövlətik. İndiyədək Türkiyə üzərindən saytımıza total hücum edildiyi yadıma gəlmir.

Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud da qəzetimizə açıqlamasında deyib ki, sayta hücumla bağlı hələlik heç kimdən şübhələnmirlər. E.Ərud qeyd edib ki, saytların müdafiə mexanizmini qurmaq, ona hücum etməyi sıfıra endirmək mümkün deyil: “Sayt varsa, ona hücum da olacaq. Vikiliks saytına hücum edirlər, onu dağıdırlar, nəinki qafqazinfonu. Digər tərəfdən sayt dağılmayıb. Hücum olduğu üçün arxivi qorumaq məqsədilə saytı serverdən ayırmışıq. Hücum səngiyən kimi sayt serverə qoşulacaq. Məncə, bu düzgün qərardır”.

E.Ərud qeyd edib ki, saytlara hücumun Türkiyədən edilməsi şərti məsələdir: “Hücumu təşkil edən burda oturub Türkiyədə hansısa hakerə sifariş verə bilər. Yaxud, hücum edilən ünvanı yanlış göstərə bilir. Məsələn, Hollandiyadan ola bilər, amma Türkiyəni göstərər. Ümumiyyətlə, mən məsələni siyasiləşdirmək istəmirəm”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, olaya adi texniki hadisə, saytların dağıdılması faktı kimi yanaşmaq düzgün olmazdı. Onun sözlərinə görə, əgər bir neçə resursun eyni vaxtda sıradan çıxarılmasından söhbət gedirsə bu, artıq informasiya təhlükəsizliyi məsələsidir: “Özü də söhbət auditoriyası kifayət qədər geniş olan resurslardan gedir. Mənim fikrimcə, bu, Azərbaycanın milli informasiya resurslarına qarşı olan məqsədyönlü hücumdur. Bu hücum milli informasiya təhlükəsizliyinə təhdid kimi dəyərləndirilməlidir”.

O.Gündüz qeyd edib ki, bu prosesin son dövrlər həm dövlət, həm də qeyri-dövlət qurumlarının saytlarına qarşı təkrarlanması təəssüf doğurur: “Bununla bağlı ciddi tədbirlərin görülməsi vacibdir. Bir müddət öncə Prezident İlham Əliyev dövlət qurumlarının informasiya resurslarının təhlükəsizliyinin təmin olunması ilə bağlı fərman verdi. Fərmana əsasən, dövlət qurumlarına məxsus saytlar Xüsusi Dövlət Mühafizə Xidmətinin serverində yerləşəcək. Bununla bağlı müəyyən addımlar atılır. Amma qeyri-dövlət, media qurumlarının saytlarının təhlükəsizliyi Allahın ümidinə qalıb. Ona görə də mən hesab edirəm ki, bunun üzərində xeyli dayanmaq lazımdır”.

O.Gündüz deyib ki, milli informasiya resurslarının təhlükəsizliyinin qorunması ilə bağlı hökumətdə konseptual yanaşma yoxdur: “Burada informasiya resurslarının sahiblərinin də müəyyən mənada məsuliyyəti məsələsi gündəmə gəlməlidir. Əgər bir informasiya resursuna gün ərzində 20 min adam daxil olursa, demək, həmin resursun sahibi onun təhlükəsizliyini qorumaq üçün ciddi investisiya qoymalıdırlar. Çünki bu cür geniş auditoriyaya malik resurslar müəyyən maraq dairəsinə daxil olur və təbii ki, təhlükələr də olur”.

Ekspert həmçinin bildirib ki, dövlət təhlükəsizliyini təmin etməyən və ya etməkdə çətinlik çəkən saytlara təhlükəsizliyini gücləndirmək üçün maddi dəstək göstərə bilər: “Hökumətin bu məsələyə yanaşması olmalıdır. Dövlət 5 nəfərin oxuduğu hansısa qəzetə 20 min pul ayırır. Amma 20 min adamın daxil olduğu sayta təhlükəsizliyini təmin etmək üçün vəsait ayrılmır. Halbuki, sabah Azərbaycan müharibəyə başlaya bilər. Müharibəyə başlayan ölkə üçün bu cür resurslar əhəmiyyətlidir. Çünki informasiya insanlara bir dəqiqəyə, beş dəqiqəyə lazımdır. Sonra o informasiya heç kimə lazım deyil. Bunu nəzərə alaraq informasiya saytlarının dayanıqlılığı təmin olunmalıdır”.

 

Səxavət Həmid


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə