Netiketiniz olsun

17-07-2011 / 17:55

Bəlkə də birilərinə bu söz yabançı görünəcək. Bəlkə də biriləri “etiket” yazmaq istərkən çaşıb “netiket” yazdığımı düşünəcəklər. Hətta bu sözü dilimizə gətirdiyimə görə (hərçənd mənə qədər bu söz dilimizə çoxdan daxil olub) məni qınayanlar da tapılacaq. Sözü anlamayanların və ümumiyyətlə heç nəyi anlamaq istəməyənlərin bu yazını oxumayacağı da istisna deyil. Ancaq mən yazıram. Oxuyacaqlar üçün yazıram. Oxuyub nəsə öyrənmək, öyrənib əməl etmək istəyənlər üçün yazıram. 

Netiket məsələsinə keçməzdən öncə onu deyim ki, bu yazını yazmaq haqqında fikrim demək olar uzun müddətdir ki, ağlımdadır. Buna səbəb isə sadəcə maarifləndirmə istəyimin olması deyil. Təəccüblü olsa da. Səbəb şəxsən özümün və ən yaxın adamlarımın günümüzün irəli texnologiyaları sayəsində uyğun olmayan münasibətə məruz qalmasıdır.

Bu gün sosial şəbəkələr, e-poçt, çeşidli İnternet resurslarında müzakirə imkanları, forumlar az qala hər evə daxil olmuş çağdaş texnoloji vasitələrdir. İndi elə bir ev, elə bir ailə təsəvvür etmək olmaz ki, orada İnternetdən, bilgisayardan xəbərsiz adamlar olsun. Hər kəs, hətta uşaqlar belə çağdaş informasiya-kommunikasiya texnologiyalarını yaşamın tərkib hissəsi kimi təsəvvür edir və bunda da haqlıdırlar. Bir zamanlar necə ki, biz, misal üçün, evlərimizi öncə radiosuz, sonra televizorsuz təsəvvür edə bilmirdik, indiki nəsil də həyatı bilgisayar və bütövlükdə İKT-siz təsəvvür edə bilmir. Qınamalı da deyil axı. Çünki bir insan gözünü açıb evində bilgisayar görürsə, təbii olaraq bunun həyatın tərkib hissəsi olduğunu düşünür və qəbul edir.

Netiket. Şübhə etmirəm ki, bundan çoxlarının xəbəri yoxdur. Hətta deyərdim ki, etiketdən xəbəri olmayanların netiketdən xəbəri olduğunu düşünmək də doğru olmazdı. Etiketin də etikadan, yəni türkün ana dilində desək əxlaq, tərbiyə, qaydalar toplusundan törədiyini izah etməyə bəlkə də ehtiyac yoxdur. Elə “netiket” dediyimiz şey də “etika”, “etiket” sözlərindən törəmədir. Necə törəmədir? Bu haqda irəlidə söz açarıq. Hələliksə, bu yazını yazdıran səbəblər haqqında danışaq.

Beləliklə, artıq 13 ildir İnternetdən fəal istifadə edirəm. 1999-cu ildə isə Azərbaycanda az sayda olan ilk İnternet resurslarından birini şəxsən mən hazırlamışam. Elə həmin ildən də e-poçt xəbər qruplarında, cürbəcür forumlarda iştirak edirəm. Gözümün qarşısından nələr gəlib keçməyib daha? Hələ son illər fərqli sosial şəbəkələrdə aparılan müzakirə və ünsiyyətlərdə rastlaşdığım durumlardan danışmıram. Həmişə istənilən qruplarla ünsiyyət qurarkən özümə uyğun adamlarla bir yerdə olmağa çalışmışam. Misal üçün, jurnalistlər, elm adamları, siyasi xadimlər və s. Elə işin dəhşətli tərəfi də budur! Bəli, əqlinə, zəkasına və əxlaqına şübhə etməyəcəyim adamlarla ünsiyyətə üstünlük verirəm… və bir gün də yanıldığımı görüb dəhşətə gəlirəm. İnsanlarımız nə qədər kobud, nə qədər ədəbsiz və hər kəs məni bağışlasın, nə qədər tərbiyəsizmiş! Bəli, bəli, belələri jurnalistlər arasında, müəllimlər arasında, siyasətçilər və ziyalı olduğunu iddia edən hər cür zümrədə var. Özü də bu ünsürlər texnologiyanın verdiyi imkanlardan sağa-sola… tərbiyəsizcəsinə istifadə edirlər. Xitab etdikləri adamın onları görmədiyini düşünərək hər nə gəldi yazırlar. Küçə söyüşləri ilə müzakirələrə qatılanlar belə var! Dəhşətdir bu! Bəzən biriləri deyir ki, mən bizə düşmən olanları söyürəm, sənə nə var? İndi bu adamlara izah edə bilmirəm ki, düşməni belə nəzakətli şəkildə “söymək” lazımdır! Anlamırlar! Anlamaq belə istəmirlər! Bu insanlar görəsən öz ailələrində necədirlər?! Öz anaları, bacıları, uşaqlarıyla da belə dildə ünsiyyət qururlarmı görəsən?

…Müəllimlər arasında müsabiqəyə aid bir İnternet resursunda təqdim edilmiş işlərdən birinə valideyn kimi verdiyim şərh: “İstənilən resursun hazırlanması zəhmət tələb edir və bu üzdən bu resursun sahibinin də əməyi dəyərləndirilməlidir. Ancaq bir valideyn olaraq düşünürəm ki, kommersiya məqsədli resursun bu müsabiqəyə təqdim edilməsi özlüyündə doğru deyildir. Yəni pul qazanmaq məqsədi güdüldüyü zaman təhsilimizə qarşılıqsız xidmətdən söhbət gedə bilməz. Rəylərdən birində 160 konturun bir şey olmadığı yazılmışdı. Əlbəttə, biriləri üçün belə ola bilər. Ancaq mən düşünmürəm ki, bu, hamı üçün keçərlidir. Başqa tərəfdən isə, saytın texniki tərtibatında ciddi qüsurlar var. Mozilla Firefox-la daxil olarkən (başqaları ilə yoxlamadım) sayt özü hardasa uzaq bir yerdə açılır. Yəni açılan pəncərə boş olur və sağa-sola, aşağı-yuxarı dartmaqla ana səhifəni tapmaq olur. Ümumiyyətlə hiss olunur ki, kommersiya məqsədinə üstünlük verən sayt sahibi onun tərtibat işlərinə o qədər də bələd deyil”.

Bu isə həmin şərhə aldığım cavab (yazıldığı kimi, hətta nöqtəsinə belə toxunmadan təqdim edirəm): “Həsrət sənin kompüter anlayışın yoxdur.Sən ya hazırlanmış,bu proyektdə iştirak edənlərə savadsız rəylər verməklə məşqul olan adam və yaxudda təhsilimizə kölgə salmaq istəyən vicdnını itirmiş bir şəxssiniz.Elə olmasaydı yetənə yetər yetməyənə bir daş atmazdınız. Brandmauzerlər haqqında isə sizin ümumiyyətlə anlayışınız yoxdur.Elə olmasaydı onların reklam və ya qeyri rəklam olmaları , istifadəçi marağından asılı olmasını dərk edərdiniz.Təhsilimizin inkişafında hansısa bir rolunuz varsa dəqiq ünvanınızı bilmək istərdik.Siz fırıldaqçısınız.İmza. (buradan adamın adı və telefon nömrəsini çıxardım – A.H.) Hörmətli savadsız hazırlanmış adam Həsrət xahiş edirik Rəyini dəqiq ünvanla və özünü təqdim edərək yaz.”

Bu münasibətlə bağlı saytın sahiblərinə rəsmi şikayət etməli oldum və onlar da bu cür cavab yazan “ziyalıya” xəbərdarlıq etməli oldular.

Eyni resursdan daha bir nümunə: “İlk öncə “təhsildə internet texnologiyaları” baş nominasiyasında iştirakçı olan hər bir şəxsə demək istəyirəm ki, bu nominasiya növündə yaradılmış olan sayt və ya bloglar heç bir saytın törəməsi olmamalıdır. Yaradılmış sayt nümunəvi olmalı, diqqət çəkən, daim yenilənən (bunu xüsusi ilə qeyd etməliyik) olmalıdır. Lakin, … müəllim, sizin və bir çox iştirakçıların saytları 7 və ya 10 gündən bir yenilənir. Lakin sayt törəmə də olsa, tədqirəlayiqdir. Sizə təşəkkürümü bildirirəm”. Göründüyü kimi, nəzakətli tərzdədir.

İndi isə “müəllimin”, özü də ali məktəb dosentinin cavabına baxaq: “Yazılarınızdan belə görünür ki, siz fikirləşib yazmayan, əksinə yazıb sonra fikirləşən insanlardansınız. Bu da təbiidir. Axı hamı eyni cür ola da bilməz. Əgər belə olsa idi, onda özünüzdən qayda uydurmaqdansa, müsabiqənin şərtlərinə diqqətlə baxardınız. Sizə əziyyət olsa da, həmin qaydaları aşağıda təqdim edirəm. Əvvəlcə onu oxuyun, sonra isə fikirləşib, nəhayət, nomal bir söz yazın: “(burada qaydalardan çıxarış verilib)”. Oxudunuzmu? Unutmayın ki, biz “Qonaqlıq” şou proqramında deyilik…”

Elə həmin səhifədən daha bir nümunə: “Məndən əvvəl rəy yazan istifadəçi ilə tamam razıyam. Bu nominasiyada yeni yaradılmış sayt olmalıdır. Lakin bu sayt isə azersayt-ın törəməsidir. Həm də işləriniz mayın 1-i yenilənib. Lakin mütəmadi olaraq yenilənməli idi. Sayt da çox bəsitdir. Lakin bu o demək deyil ki, rəyim mənfidir. Bunun üzərində işləməyiniz də özü bir təhsil ərməğanıdır”.

Və verilən cavab (redaktə etmədən verirəm): “Salam … . Qanunları Sizmi yaradırsınız, hər yetən şəxsimi yaradır, yoxsa Təşkilat komitəsimi? İcazə verin Sizi bir azca diqqətli və savadlı olmağa çağırım. Zəhmət olmazsa, müsabiqə qaydlarını bir daha oxuyun sonra isə başqalarına ağıl dərsi keçməyə başlayın: (müsabiqə qaydalarından çıxarış verilir). Əgər Allah tala sizlərin əlinə kiçik bir hakimiyyət versə idi, yəqin ki, özünüzdən başqa kimsəni salamat qoymazdınız. Bilirsinizmi bunu niyə yazdım? Yazmaya da bilərdim. Amma kimsə bir az ağ edəndə dözə bilmirəm. Sizi kimilərinə sadəcə olaraq hayıflar olsun deyirəm…”

Göründüyü kimi yuxarıdakı nümunələrdə şərh yazan vətəndaş (istənilən insan) yetərincə nəzakətli şəkildə fikrini ifadə edib. Ancaq bir pedaqoqun ona verdiyi cavab haqqında bunu demək olmaz. Cavablar olduqca kobud, qərəzli, əsəbi və savadsızdır! Bəli, savadsızdır! Və bu savadsız adam(lar) bizim məktəblərimizdə dərs keçir! Özü də onlardan biri hətta universitet müəllimi, elmlər namizədi və dosentdir! Müəllimlərimiz belədirsə, yetişməkdə olan gənclərdən nə gözləyək?

Yuxarıdakı kimi kobudluq hallarına daha çox həcmdə sosial şəbəkələrdə rast gəlmək artıq adi hala çevrilib. Ən çox istifadəçisi olan Facebook-da ən səviyyəsiz küçə sözlərinə belə rast gəlmək olur. Dəhşətə gəlirsən! Sosial şəbəkələrin fəal istifadəçisi olduğumdan dostlarımın çevrəsi də genişdir. Di gəl bu dostların bəziləri sonda arzuolunmaz şəxsə çevrilir! Hətta şəxsən tanıdığım, hörmət etdiyim adamlarla belə bəzən ayrılmalı oluruq. Qəzetlərdə dərc edilən yazılarını oxuyub dəyər verdiyim insanların burada nə qədər tərbiyəsiz davrandığını görəndə dəhşətə gəlməyə bilmirsən! Əlbəttə ki, mən öz fikirlərimi heç vaxt kimsəyə sırımıram. Və əlbəttə ki, başqalarının da ös fikirlərini mənə zorla sırımasına imkan vermirəm. Özü də belə müzakirələrdə yetərincə nəzakətli bir dildən istifadə edirəm. Mənimlə yazışanlar “lütfən”, “zəhmət olmasa”, “məncə”, “mümkünsə” və s. kimi sehrli sözlərə artıq alışmağa başlayıblar. Ancaq elələri də olur ki, onları belə sözlərə alışdırmaq heç mümkün olmur!

Bəzi insanlar düşünür ki, əgər bir adamla üz-üzə deyilsənsə, ona nə istəsən və necə istəsən deyə bilərsən. Yumşaq desək, ədəbsizlikdir! Və bu ədəbsizlik məsələləri ilə məşğul olan, yaxud da İnternetdə qaydaları tənzimləyən qaydalar toplusuna “netiket” deyilir. Nə yazıq ki, insanlarımızın çoxunun netiketdən xəbəri belə yoxdur!

“Netiket” iki sözün – “net” və “etiket” sözlərinin birləşməsindən yaranıb. “Net” anlaşıldığı kimi “şəbəkə” anlamı verir, “etiket” isə ümumiləşdirilmiş şəkildə davranış qaydaları toplusudur. Belə olduğu halda “netiket” şəbəkədə davranış qaydaları toplusu kimi anlaşılır. Elə “netiket”in rəsmi izahı da bu cür verilir: “Netiket Usenet, xəbər göndərişləri, bloglar, forumlar və s. şəbəkələr üzərində ünsiyyət mədəniyyətini tənzimləyən ictimai razılaşma toplusudur” (Vikipedia). Elə problem yaradan da deyəsən bu ictimai razılaşma məsələsidir. Bizim insanlarımız bəzən ictimai məsuliyyətin nə olduğunu bilmədikləri üçün düşünürlər ki, əgər üz-üzə deyilsənsə xəttin o başındakına nə istəsən deyə bilərsən. Hələ saxta adlarla şəbəkədə qeydiyyatdan keçənləri demirəm. Bu adamlar qarşılarına gələn hər kəsə nə gəldi yazır, insanların əsəbləriylə oynayır, dəyərli vaxtını alırlar! Nə deyək bunlara? Sadəcə bir cüt söz: Netiketiniz olsun!


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.