Niyə alpinistləri texnologiya ilə yox, “lapatka” ilə axtarırıq?

06-01-2018 / 11:59

Hazırda Azərbaycanda demək olar ki, hər kəs Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərimizdən xəbər gözləyir.

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış Gilavar- hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Dekabrın 27-dən başlanan axtarışlara helikopterlər və xarici mütəxəssislər də cəlb olunub.

Hələ də axtarışlar davam edir.

Baş vermiş hadisəyə müxtəlif yanaşmalar var. Belə ki, alpinistlər barədə indiyə qədər hər hansı iz və məlumatın olmaması müxtəlif iddialara səbəb olur.

İddialarda maraqlı məqamlardan biri yeni texnologiyalarla bağlıdır. Belə ki, ekspertlər də qeyd edir ki, texnologiyaların cəlb edilməsi ilə alpinistlərin axtarışını sürətləndirmək və asanlaşdırmaq olar.

Müşahidələrimiz göstərir ki, sosial mediada insanlar texnologiyaların işə cəlb edilməməsinə görə qurumları günahlandırır.

Facebook-da yazılan bir status diqqətimi daha çox cəlb etdi və məsələ üzərində dayanmaq qərarına gəldim:

“Kosmosa peyk çıxarmaqla fəxr edirlər. Texnologiya əsrində isə itkin düşən alpinistləri "lapatka" ilə axtarırlar”.

Görəsən, həqiqətənmi vəziyyət belədir? Niyə alpinistləri “lapatka” ilə axtarmalı oluruq?

Əslində, məsələyə real yanaşsaq, poblemin səbəbini lap əvvəldə axtarmaq lazımdır. 

Alpinizm dağlara piyada qalxmanı əhatə edən qeyri-olimpiya idman növüdür. Hazırda bu idman növünə dünyada böyük maraq var və sürətlə inkişaf edir. Alpinistlər üçün xüsusi ayrılmış dağ zonaları mövcuddur.

İnkişaf deyəndə bu sahənin artıq müəyyən qədər formalaşması və peşəkarlaşması və yaxud peşəkarlaşdırılmasını nəzərdə tuturam.

Təəssüflər olsun ki, Azərbaycanda alpinizm inkişaf edə bilməyən idman növlərinə məxsusdur. Bunu da təsadüfi demirik. Yadımdadır, bu yaxınlarda Azərbaycanda turizmlə bağlı araşdırma edirdim. Əyləncələrə daxil ola biləcək idman növlərinə və onlar üçün yaradılan şəraitlərə, məkanlara baxdım. Ölkəmizdə alpinizmlə bağlı məlumatlarda bir qıtlıq var. Etiraf edim ki, bu sahə- alpinistlərin ölkəmizdəki marşrut cədvəlləri barədə konkret məlumat əldə edə bilmədim. Olan məlumatlar da sırf turistlər üçün nəzərdə tutulub.

İndi hələ formalaşmayan bir idman növündə yeni texnologiyaların tətbiqini axtarmaq və gözləmək sadəlövhlik olmaz ki?!

Həm də ki, hansı texnologiyaların tətbiqindən söhbət gedir axı?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə itkin düşən alpinistlərin sonuncu telefon əlaqəsi zamanı harada olmasını müəyyənləşdirmək üçün göndərilən sorğunun cavabasız qalması ölkədə bu sahədə texnologiya yoxdur anlamına gəlmir.

Əgər etiraz ediriksə, konret hədəf olmalıdır. Bu sahədə texnologiyanın tətbiq edilməməsi Nazirliyin günahı yox, elə hamımızın problemidir.

Dünyada alpinizimlə bağlı qısa araşdırma etdik. Müşahidəmiz göstərir ki, bu sahənin inkişaf etdiyi ölkələrdə alpinistlər üçün xüsusi proqram və avadanlıqlar mövcuddur.

Yeni texnogiyalardan istifadə ilə bağlı alpinistlər üçün təlimlər keçirilir. Görəsən, Gilavar klubu alpinistlər üçün bu təlimlərdən neçə dəfə təşkil edib, ümumiyyətlə edibmi?

Məsələn, alpinistlərin dağlara yürüşü zamanı faydalana biləcəyi çoxsaylı mobil tətbiqlər var. 

Mobil tətbiqlərdən FATMAP  alpinistləri bir araya gətirir. Belə ki, hər hansı dağa yürüş edən alpinist oradan endikdən sonra təəssüratlarını platformada qeyd edir və növbəti gedənlər bunlardan yararlanır.

Digər The Rockfax App  tətbiqi isə alpinizm üçün ayrılan dağ zonaları, hərəkət marşrutları barədə məlumat kitabçasıdır və bu kimi digər maraqlı mobil əlavələr mövcuddur.

İspaniyanın Alikante Universitetinin alimləri tərəfindən hazırlanmış bir başqa mobil proqram  isə meşə və dağlarda itkin düşmüş insanların axtarışına kömək etməyi hədəfləyir. Belə ki, ispaniyalı alimlər problemin həlli üçün smartfondan Wi-Fi-ı siqnal göndərən mayak kimi istifadə etməyi təklif ediblər.

Bununla da istifadəçi mobil proqramı işə salan kimi o, vaxtaşırı qurğunun GPS koordinatlarını göstərən və “Mən yaralanmışam”,  yaxud “Mən itkin düşmüşəm” mesajlarından ibarət siqnal göndərməyə başlayır. Bir neçə kilometr məsafədə qeydə alına bilən siqnalın qəbulu üçün xilasedicilər onların öz smartfonuna qoşulan antenaya malik xüsusi yığcam qəbuledicidən istifadə etməlidirlər.

Ümumiyyətlə, dünyada alpinistlər daha çox GPS saatlardan istifadə edir. Belə ki, bu saatlar koordinatları tapa bilir. Təbii ki, koordinatların digər yerlərə ötürülməsi üçün də mobil əlavələri mövcuddur.

Qlobalda xüsusi səhra GPS-ləri mövcuddur. Bunlara taktiki GPS-lər də deyilir.

Bu cihazlar məkan müəyyən edilən kimi xüsusi protokollar vasitəsi ilə GSM internet bağlantısına ehtiyac duymadan həmin məkanı baza stansiyasına göndərə bilir.

Bundan əlavə, alpinistlərin üzərlərində götürməli olduğu bəzi texnoloji avadanlıqlar var.

Beacon adlı cihaz alpinist tufana düşəndə və hər hansı təhlükə ilə qarşılaşanda həyacan siqnalı yayır. Siqnalı alan şəxslər dərhal yardım gələ bilir.

Big Bro böyük çatlamalarda təhlükədən qorunmaq üçün hazırlanmış daha yeni avadanlıqdır. Cihaz istənilən uzunluğa qədər genişləndirə və kilidlənə bilir.Bununla da o, alpinistin iplərini daha rahat birləşdirməsinə və dırmanmasına imkan verir.

Görəsən, bizim alpinistlərin üzərində bu kimi avadanlıqlardan hansısa olubmu? Olmayıbsa da, niyə!?

Əgər onların üzərində bu avadanlıqlardan heç biri olmayıbsa, bu, onları göndərən qurumun məsuliyyətinə aid edilməlidir.

Məsələnin bir başqa tərəfinə də diqqət çəkmək yaxşı olardı. Çox vaxt belə fikirlərlə qarşılaşırıq ki, ölkəmizdən maraqlı, faydalı startap layihəsi çıxmır. Bu sahədə yeni ideya ilə çıxış edən hər hansı startap görübsünüz? Biz sektorun içindəyik, amma hələ rast gəlməmişik. Bəlkə nəzərimizdən qaçır?

Əslində, uğurlu startaplar problemdən doğanlar, yeni həll variantı göstərənlərdir.

Neçə gündür bu hadisə davam edir, bir şəxsdən maraqlı bir innovativ ideya eşitdiniz? Mən eşitmirəm.

Azərbaycanda hər il İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun startap layihələrinə dəstək vermək üçün hər layihəyə 20 min AZN-ə qədər vəsait ayırır.

Bu günə qədər olan layihələrə baxdıq, bu sahə ilə bağlı hər hansı startap gözümüzə dəymədi.

İndiyə qədər olan startapların əksəriyyəti əyləncə, elektron ticarət və təhsil ilə bağlıdır.

Belə baxanda startapçılar da deyə bilər ki, inkişaf edə bilməyən bir sahədə startap yaratmaq nəyə lazımdır axı? Kim istifadə edəcək?

Son baş verən hadisə isə onu deyir ki, əvvəlcədən hər şeyə hazırlıqlı olmaq lazım imiş. Əksinə, elə problem olan yerdən başlamaq lazımdır. Burada bizim əsas problemimiz dünya araşdırması etməməyimiz, sektora bələd olmamağımızdır.

Hər şeyin kökündə də ölkədə nə alpinizmin, nə də texnologiyanın hələ də inkişaf edə bilməməsi dayanır. İki inkişaf edə bilməyən sahə bu hadisədə üzünü daha aydın göstərir.

İnanırıq ki, alpinistlərimiz geri gələcək. Və onlar özləri ilə bu sahəyə də yenilik gətirmiş olacaq. Bu hadisələrdən sonra həm alpinizm, həm də texnologiya sahəsində daha ciddi, real və uzaqgörən addımların atılmasını gözləyirik.

Birdəki, heç nəyi sıfırdan yaratmağa ehtiyac yoxdur. Dünyaya baxsaq, kifayətdir.

 

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə