Ödəniş sistemlərinin təhlükəsizliyi təkmilləşdirilir

14-09-2015 / 09:43

Azərbaycan Mərkəzi Bankı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə birgə ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi məqsədi ilə layihələr həyata keçirir.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, nazirlikdən verilən məlumata görə, qeyd edilən layihələrdən biri hazırda icrası başa çatmaq üzrə olan "Milli Ödəniş Sisteminin Modernizasiyası", digəri isə "Kart Ödənişləri üzrə Milli Şəbəkə"nin yaradılmasıdır.

"Milli Ödəniş Sisteminin Modernizasiyası" layihəsi çərçivəsində görülən işlər nəticəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi beynəlxalq infrastrukturlarla yanaşı, RYTN tərəfindən təqdim olunan Lokal Telekommunikasiya Şəbəkəsi üzərindən də fəaliyyət göstərməyə başlayıb. Eyni zamanda sistemdə informasiya təhlükəsizliyinin təmin olunması üçün artıq Mərkəzi Bankın "Bank Sertifikat Xidmətləri Mərkəzi"nin xidmətlərindən istifadə olunur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Milli Ödəniş Sisteminin əsas komponentinin fəaliyyətinin müstəqilliyi və təhlükəsizliyi tam təmin olunub.

Layihənin növbəti mərhələsində Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin funksional imkanları təkmilləşdirilərək beynəlxalq praktikada geniş istifadə olunan birbaşa debitləşmə ödəniş aləti ilə əməliyyatların aparılması imkanı yaradılacaq, informasiya təhlükəsizliyi isə milli məhsullardan istifadə olunmaqla təmin olunacaq. Bu tədbirlərlə yanaşı, ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təşkili məqsədilə Mərkəzi Bankın ehtiyat mərkəz infrastrukturu müvafiq standartlar əsasında təkmilləşdiriləcək.

Digər tədbir isə ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsinin təmin olunması məqsədilə həyata keçirilən "Kart Ödənişləri üzrə Milli Şəbəkə"nin yaradılması layihəsidir. Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart təşkilatlarının infrastrukturları arasında interfeys yaradılacaq və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.