“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016 / 10:48

Dünən AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova AMEA İnformasiya Texnologiyaları İnstitutunda oldu. Məqsəd institutun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elektron elmin texnoloji platforması AzScienceNet elm kompüter şəbəkəsi haqqında məlumat verib.

 Elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet-in akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərdiyini, Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını bildirdi. Alim AzScienceNet-in Prezident Administrasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA rəhbərliyinin dəstəyilə Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyasında Azərbaycanı təmsil etdiyini vurğulayıb.

Rasim Əliquliyev institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) fəaliyyəti haqqında məlumat verərək ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə keçirildiyini qeyd edib.  Dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris edildiyini nəzərə çatdırdı. TİM-də 2011-ci ildən distant tədris xidmətlərinin göstərildiyini bildirən akademik Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların İnformatika fənni üzrə təşkil edilmiş kursları məsafədən dinlədiklərini və gələcəkdə digər bölgələrdə də distant tədris mərkəzlərinin yaradılmasının planlaşdırıldığını vurğulayıb.

Doktorluq imtahanlarının elektron test üsulu ilə həyata keçirildiyini bildirən Rasim Əliquliyev tədrisin keyfiyyətinə nəzarət üçün mərkəzdə quraşdırılmış video-müşahidə sisteminin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

 Rasim Əliquliyev Elektron Kitabxana Mərkəzinin  beynəlxalq standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb.

Ulduz Həşimovaya AMEA-nın ElmTV İnternet televiziyası, İnternet-kafe, o cümlədən Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatı, burada Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə məlumat verilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə