Ölkədə texnologiya ilə bağlı hansı qrant layihələr olub?-Hesabat

27-04-2018 / 11:30

AMEA İnformasiya Texnologiyaları İnstitutu müvafiq fondlar tərəfindən təşkil olunan qrant layihələrdə yaxından iştirak edir. Yerinə yetirilən qrant layihələrin icra vəziyyəti ilə bağlı mütəmadi olaraq məlumatlar verilir və görülmüş işlər barədə hesabatlar dinlənilir.

Bu məqsədlə institutda qrant layihələr üzrə cari ilin ilk rübündə görülmüş işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Xeberler.az məlumat verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev institut əməkdaşlarının müxtəlif qrant layihələrdə iştirakının vacib məsələlərdən olduğunu bildirib.

Alim şöbələrin elmi potensialının daha da gücləndirilməsi, elmi-nəzəri və innovativ fəaliyyətin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

R.Əliquliyev institut əməkdaşlarına Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun təqdim etdiyi layihələrdə daha fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədözümlü tədqiqatlarla məşğul olmağı tövsiyə edib.

Dünyanın nüfuzlu elmi bazalarında məqalələrin çap olunmasının institutda əsas hədəf kimi qarşıya qoyulduğunu söyləyən akademik riyazi biliklərin dərinləşdirilməsi, akademik yazı qabiliyyəti və elmmetrik biliklərin inkişaf etdirilməsinin vacibliyindən söz açıb.

R.Əliquliyev rəhbərlik etdiyi qurumun əməkdaşlarına nüfuzlu beynəlxalq elmi bazalardan istifadə üçün bütün imkanlarının yaradıldığını qeyd etdi, onları bu istiqamətdə fəal olmağa səsləyib.

Sonra çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov EİF-in maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi üzrə yerinə yetirilmiş işlər haqqında məlumat verib.

  Layihənin 2015-ci ildən icra olunduğunu qeyd edən alim elektron-elmin elmi-nəzəri və praktiki əsaslarının müasir vəziyyətinin analizi, elektron elmin mövcud vəziyyətinin monitorinqi və prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, e-elmin konseptual-arxitektur-texnoloji modelinin işlənməsi, e-elm mühitində şəbəkə, hesablama və yaddaş resurslarının optimal paylanması üçün modellərin və yanaşmaların təklif olunması, müxtəlif səviyyələrdə elmi fəaliyyətin qiymətləndirilməsi üçün metodların və indekslərin işlənməsi istiqamətlərində tədqiqatların aparıldığını bildirib.

Qeyd etdi ki, e-elmin “Elektron sənəd dövriyyəsi” altsisteminin arxitektur və texnoloji  prinsiplərinin işlənilməsi, e-elmin terminoloji informasiya sisteminin arxitektur prinsiplərinin işlənməsi, e-elm mühitində e-xidmətlərin təşkilinin arxitektur və texnoloji  prinsiplərinin işlənilməsi, eləcə də e-elmin “Elmi problemlər reyestri” altsisteminin arxitektur və texnoloji prinsiplərinin işlənməsi və e-elmin təhlükəsizliyi, monitorinqi və idarəolunması üçün model və yanaşmaların təklif olunması qrant layihəsi çərçivəsində nəzərdə tutulmuş elmi tədqiqatlara daxildir.

Alim tədqiqatların elmi nəticələrinin 66 elmi işdə öz əksini tapdığını diqqətə çatdırıb. O, həmçinin layihə çərçivəsində “Elektron sənəd dövriyyəsi” sisteminin işlənərək istismara verildiyini qeyd edib.

R.Ələkbərov SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihəsinə dair hesabatı təqdim edib. Layihə çərçivəsində Əşyaların İnterneti (Internet of Things, IoT) texnologiyalarından istifadə etməklə neft platformasında olan işçilərin fiziki vəziyyətinin monitorinqinin  müasir vəziyyətinin analizi, IoT texnologiyalarının neft-qaz kompleksində tətbiqinin arxitektur-texnoloji prinsiplərinin işlənməsi, IoT-dan məlumatların toplanması, ötürülməsi, emal edilməsi və yadda saxlanması üçün konseptual modelin işlənməsi, IoT Big Data-nın paylanmış analizi üçün maşın təlimi alqoritmlərinin işlənilməsi, eləcə də, IoT-dan istifadə etməklə neft platformasında işçilərin fiziki vəziyyətinin izlənməsi üçün monitorinq sisteminin metodoloji əsaslarının işlənilməsi və s. istiqamətlər üzrə araşdırmaların aparıldığını söyləyib.

Daha sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev çıxış edərək “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihə haqqında məlumat verib. Alim EİF tərəfindən maliyyələşdirilən qrant layihənin 2016-cı ildən icra olunduğunu söylədi. Bu məqsədlə müxtəlif informasiya təhlükəsizliyi obyektlərində toplanmış böyük həcmli verilənlərdə anomaliyaların aşkarlanması üçün metod və alqoritmlərin işlənilməsi, milli informasiya infrastrukturuna olan DDoS hücumların aşkarlanması üçün metod və alqoritmlərin işlənilməsi və sosial medianın analizi əsasında milli təhlükəsizliyə təhdidlərin və cəmiyyətdə anomal proseslərin aşkarlanması üçün text mining yanaşmalarının təklif edilməsi ilə bağlı tədqiqatların aparıldığını bildirib.

Layihə üzrə 16 məqalənin çap olunduğunu, 5 məqalənin çap mərhələsində, 3 məqalənin isə rəydə olduğunu söyləyən alim çap olunmuş məqalələrin “Scopus”, “WoS” və digər elmi bazalara daxil olduğunu diqqətə çatdırdı.

R.Aliquliyev, həmçinin qeyd edib ki, layihənin növbəti mərhələlərində hədəfyönümlü hücumların aşkarlanması və analizi üçün modellərin işlənilməsi, məxfiliyi təmin etməklə fərdi məlumatların intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi, təklif olunmuş metod və alqoritmlərin korporativ şəbəkələrdə tətbiqi nəzərdə tutulur.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev “DeepOil ML: intellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi” mövzusunda qrant layihə üzrə yerinə yetirilmiş işlər haqqında məlumat verib. O, SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi layihə üzrə birinci mərhələdə açıq mənbələrdə nəşr edilmiş hesabatlar əsasında aparıcı neft-qaz şirkətlərinin Machine Learning (ML) və Deep Learning texnologiyalarının tətbiqi üzrə layihələrinin analiz edildiyini, 4-cü sənaye inqilabı gedişində meydana çıxan informasiya texnologiyalarının tətbiqi ilə yeni nəsil intellektual neft mədənləri üçün konseptual modelin işləndiyini, toplanmış geofiziki-mədən verilənlərinin təmizlənməsi və ilkin emalı ilə bağlı işlərin görüldüyünü diqqətə çatdırıb.

Məruzəçi bildirib ki, bu mərhələdə neft quyularının gündəlik debiti üzrə verilənlərdən istifadə etməklə hasilatın proqnozlaşdırılması üçün dərin neyron şəbəkələri əsasında metod işlənmiş, karotaj verilənləri əsasında fasiyaların klassıfikasiyası üçün hibrid yanaşma təklif edilmiş və neft yataqlarının bəzi xarakteristikalarının proqnozlaşdırılması üçün korrelyasiya modeli işlənib.

Hər üç yanaşma real verilənlərlə test edilmiş və ümidverici praktiki nəticələr alınmışdır. Deep Learning əsasında geofiziki verilənlərin analizi, neft-qaz sənayesində qəzaların erkən mərhələdə proqnozlaşdırılması və geoloji-texniki tədbirlərin seçilməsi üçün üçün metod və alqoritmlərin işlənməsi və onların əlyetər verilənlər üzərində sınaqdan keçirilməsi, işlənəcək ML modelləri əsasında sistem arxitekturasının qurulması və s. tədbirlər layihənin növbəti mərhələlərində həyata keçiriləcək.

Y.İmamverdiyev qrant layihəsi üzrə hazırlanacaq məqalələr, eləcə də layihə çərçivəsində işlənilmiş texnologiyaların neft-qaz sənayesində tətbiqləri üzrə həyata keçiriləcək tədbirlər haqqında da məlumat verib.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev “ARDNŞ-də elektron tullantıları problemlərinin analizi və onların həlli istiqamətində effektiv idarəetmə sisteminin yaradılması üçün təkliflərin işlənməsi” mövzusunda qrant layihənin fəaliyyət planı üzrə hesabatını təqdim edib. SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi qrant layihənin I mərhələsi üzrə elektron tullantıları və onların yaratdığı problemlərin araşdırıldığını, elektron tullantıları idarəetmə sistemləri (ETİE), ETİE sahəsində xarici ölkələr və Azərbaycanda mövcud vəziyyətin təhlil olunduğunu, bir neçə məqalənin hazırlandığını diqqətə çatdırıb.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.