Ölkədə yeni ödəniş platformaları yaradılacaq-Müsahibə

08-11-2017 / 13:02

Məlum olduğu kimi, 2017-ci il yanvarın 1-dən “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə minib. Belə ki, bununla əlaqədar Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib.

Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərovun bu müddət ərzində görülən işlər və nəzərdə tutulan  yeniliklər barədə müsahibə verib.

Xeberler.az Ömər Cəfərovla müsahibəni təqdim edir:

 - Ömər müəllim, Qanunun qüvvəyə minməsindən ötən müddət ərzində onun tətbiqi və əldə edilən nəticələri barədə vəziyyəti ümumi şəkildə necə qiymətləndirmək olar?

 - Bu gün nağdsız iqtisadiyyat dünya ölkələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Əksər ölkələrdə nağd ödənişlərin məhdudlaşdırılmasına dair qanunlar qəbul edilmişdir. Almaniya, İtaliya, Fransa, İspaniya, Çexiya, Slovakiya, Belçika, İsveçrə və digər Avropa dövlətlərinin qanunvericiliyində nağd ödənişlərin məhdudlaşdırılmasına və qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə sərt tədbirlər nəzərdə tutulub. Bu baxımdan, Azərbaycanda da məhdudlaşdırmaların tətbiqi dünya praktikasına tamamilə uyğundur və “Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul edilməsi bundan irəli gəlir.

 - “Nağdsız hesablaşmalar haqqında” Qanunun vergi məqsədləri üçün əhəmiyyəti nədədir?

 - Sənədə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan ödəyicilər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə aparılan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

- Qanunun tətbiqi ilə bağlı qiymətləndirmələrin nəticəsi necə olub?

- 2017-ci ilin ötən 9 ayı ərzində apardığımız qiymətləndirmələr onu göstərir ki, qanunun qüvvəyə minməsi, eyni zamanda Vergi Məcəlləsində edilmiş müvafiq əlavə və dəyişikliklər nağdsız iqtisadiyyata keçidə öz mühüm töhfəsini göstərir. Qanunun icrası ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin olunmasına, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına, nəticədə ölkənin beynəlxalq reytinqinin daha da yüksəldilməsinə şərait yaradıb.

- Nağdsız ödəmə avadanlıqları olan POS-terminalların tətbiqinin genişləndirilməsi ilə bağlı hansı işlər aparılır?

- Nağdsız dövriyyənin artırılması üçün güclü infrastrukturun yaradılması əsas şərtlərdəndir. Vergilər Nazirliyi Mərkəzi Bank və kommersiya bankları ilə birlikdə ölkənin ticarət və xidmət sektorunda ödəmələrin nağdsız qaydada aparılması üçün zəruri infrastrukturun qurulması istiqamətində 2014-cü ilin fevral ayından başlayaraq ciddi tədbirlər həyata keçirir. Bu sahədə son illər xeyli mühüm dəyişikliklərə nail olub, POS-terminalların quraşdırılmasında əhəmiyyətli nəticələr əldə olunub. 2010-cu ilin sonunda Azərbaycanda fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərində cəmi 6978 POS-terminal mövcud idisə, 2016-cı ilin dekabr ayında bu rəqəm 10 dəfədən çox artaraq 70.913 ədəd təşkil edib.  Dövriyyədə olan kartların sayı da əhəmiyyətli dərəcədə artaraq 5,3 milyonu ötüb. Yəni, indi ölkəmizdə kart bazarında geniş rəqabət üçün hər cür şərait vardır. Hazırda respublika üzrə 68816 aktiv POS-terminal var. Bunlardan 41141-i Bakı şəhərinin, 27675-i regionların payına düşür. Hazırda banklar tərəfindən POS-terminalların infrastrukturunda da müvafiq texniki işlər aparılır və təmassız kartların qəbulu üçün yeni imkanlar yaradılır. Bir neçə bank POS-terminallarla bağlı xüsusi korporativ kartların emissiyasına start verib. Bu, ticarət obyektinin sahibinin öz bankına müraciət etmək ehtiyacını aradan qaldırır, ona POS-terminal vasitəsilə aparılmış bütün əməliyyatlar üzrə vəsaiti birbaşa öz kartından əldə etməyə imkan yaradır, ticarət obyektinin işini daha da asanlaşdırır.

- Bu sahəyə müasir texnologiyaların tətbiqi nə səviyyədədir?

- Əksər banklarda müştərilər “Mobile-banking”, “SMS-banking”, “İnternet-banking” kimi onlayn xidmətlərdən rahat faydalanırlar ki, bu da nağdsız ödənişlərin inkişafında mühüm amildir. Kommersiya bankları maqnit zolaqlı kartlardan imtina etməklə öz müştərilərinə çip tipli və ya daha müasir təmassız kartlar təklif edirlər. Nağdsız ödənişlər bu prosesdə iştirak edən bütün tərəflər üçün əlverişlidir. Kart vasitəsilə ödənişlərin aparılması, ilk növbədə, ticarət və iaşə obyektləri üçün əhəmiyyət kəsb edir. Bu, onların imicini və nüfuzunu yüksəldir, POS-terminal vasitəsilə aparılan əməliyyatlar müştərilərin sayını çoxaldır. Təcrübə göstərir ki, POS-terminallardan istifadə edən ticarət obyektinin dövriyyəsi 25-30% artır. Nağdsız ödənişlər ticarət obyektləri ilə yanaşı, kart istifadəçiləri üçün də sərfəlidir. Çünki onlar nağd vəsaiti özləri ilə gəzdirmirlər və nəticədə pulun itirilməsi riski aradan qalxmış olur. Kart itirildikdə isə müvafiq banka müraciət etməklə kart bloklaşdırılır və hesabda olan vəsait toxunulmaz qalır.

- Sahibkarların banklardan müəyyən olunmuş limitdən artıq nağd pul vəsaitlərinin çıxarılmasına görə 1 faiz dərəcəsi ilə tutulan sadələşdirilmiş verginin ləğvi barədə təkliflərini necə dəyərləndirərdiniz?

- Vergi Məcəlləsində (VM) qeyd olunan müddəalara əsasən, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru VM-in 220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar. Bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vergi orqanında uçotda olan hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən ƏDV qeydiyyatında olan, sadələşdirilmiş verginin ödəyicisi olan, mənfəət və ya gəlir (xüsusi notariuslar istisna olmaqla) vergisinin ödəyicisi olan şəxslərə aid edilir. Fikrimcə, bu, bütün tərəflər üçün ən məqbul mexanizmdir. Bu sahədə bir əsas məqama da diqqət yetirmək lazımdır ki, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik ən çox vergilərin yığılmasına deyil, ölkədə daimi hərəkətdə olan pul vəsaitlərinin uçotunu aparmağa, hesablaşmalar üzrə şəffaflığı artırmağa və zaman keçdikcə nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəz edilməsinə, bununla da ölkədə bank sisteminin inkişafına səbəb olacaqdır. Vergi orqanları tərəfindən həyata keçirilmiş inzibati tədbirlər nəticəsində 571 ödəyici tərəfindən 117,3 milyon manat vəsait banka bərpa edilmiş, 467 vergi ödəyicisinə 17,9 milyon manat vergi hesablanmış, 795 vergi ödəyicisi barədə isə tədbirlər davam etdirilir.

- Növbəti ildə nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Cəmiyyətdə kartla ödəniş vərdişlərinin artırılması vacibdir. İnkişaf etmiş ölkələrdə plastik kartlarla həyata keçirilən ödənişlərin payı 50-60% arasında, bəzi ölkələrdə 80%-dən çox olsa da, Azərbaycanda bu rəqəm 10-11% həddindədir. Amma ölkəmizdə nağdsız ödənişlərin inkişafı üçün böyük imkanlar mövcuddur. !anuna uyğun olaraq, bu prosesdə iştirak edən bütün tərəflər, o cümlədən banklar tərəfindən sağlam rəqabətlilik şəraitində müştərilərə daha əlverişli və rahat ödəniş üsullarının təqdim olunması davam etdiriləcək. Yaxın gələcəkdə ölkəmizdə NFC (Near Field Communication), Apple Pay və Samsung Pay kimi ödəniş platformalarının yaradılması üzrə müzakirələr aparılacağı gözlənilir. Nağdsız ödəniş və elektron xidmətlər sahəsində çoxsaylı tədbirlər həyata keçirən Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi və digər dövlət qurumlarının fəaliyyəti bir daha təsdiqləyir ki, qarşıya qoyulmuş strateji vəzifələrin öhdəsindən uğurla gəlinəcək.

- Elektron ödəmələrin stimullaşdırılması məqsədilə kredit-debet kart şirkətləri (banklar) ilə razılığa əsasən kart vasitəsilə ödəmələrdə bonus proqramlarının tətbiq edilməsinə necə baxırsınız?

- Bu, işin xeyrinə olardı. Məsələn, əməkhaqqı və təqaüd kartlarında olan pul vəsaiti ilə bir ay ərzində edilən nağdsız ödənişlərə görə (müəyyən bir məbləğədək, məsələn, 500 manat) aparılan nağdsız ödənişlərin 3%-i məbləğində mükafatın verilməsi yaxşı nəticə verə bilər. Kredit-debet kartı vasitəsilə ödənişin qəbul olunmasından imtina edilməsinə görə sahibkarlara inzibati cəza tədbirlərini nəzərdə tutan qanunvericilik aktının qəbul  olunması da bu qəbildəndir. Bundan əlavə, ictimai nəqliyyat vasitələrində, taksilərdə, özünəxidmət tipli kafelərdə, köşklərdə və digər ticarət obyektlərində nağdsız ödənişlərin aparılması üçün Paypass funksiyalı ödənişlərin və mobil telefonlar vasitəsilə aparılan ödənişlərin genişləndirilməsi məqsədilə NFC (Near Field Communication) sisteminin tətbiqi məqsədəuyğun olardı. Yanacaqdoldurma məntəqələrində kredit-debet kartı vasitəsilə ödəmə edən şəxslərə endirim kartının təqdim edilməsi və ödənilən məbləğin kiçik bir faizinin həmin karta yüklənməsi, nağdsız ödəmələr edən istehlakçılar üçün uduşlu lotereyaların keçirilməsi də səmərəli ola bilər. Hesab edirəm ki, müəyyən məbləğdən yuxarı vergilərin yalnız nağdsız şəkildə ödənilməsinin tələb olunması, vergilərin bankomatlar vasitəsilə ödənilməsi imkanının yaradılması, vergilərin elektron ödənilməsinə görə əlavə bank xərclərinin ləğvi və gəlirdən çıxılmasına yol verilən bir sıra xərclərin yalnız nağdsız şəkildə ödənildiyi halda, gəlirdən çıxılmasının mümkünlüyü nəzərə alınarsa, bu, nağdsız ödənişlərin genişlənməsinə öz töhfəsini verə bilər.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə