Ölkəmizdən qlobal İT müsabiqədə kim iştirak edir?-Video

05-02-2018 / 16:01

GIST Tech 2018 beynəlxalq yarışmanın yarımfinalçıları açıqlanıb.

 Belə ki, Azərbaycan startapı da beynəlxalq Gist Tech yarışmasının yarımfinalında iştirak edir.

Xeberler.az məlumat verir ki, Wand adlı startap layihəmiz yarışmanın finalına yüksəlmək üçün mübarizə aparır.

Qeyd edək ki, hazırda müsabiqənin yarımfinalında 46 ölkədən 109 startapların səsverməsi davam edir.

Layihəmizə buradan səs vermək mümkündür.

Layihə barədə daha ətraflı Wand-ın təsisçisi Anar Əliyev ilə söhbət etdik.

Anar Əliyev saytımıza bildirib ki, Wand müvəqqəti mürəkkəb istifadə etməklə, kağız üzərində etdiyiniz hər cızma-qaranı yazıldığı şəkildə Bluetooth vasitəsilə telefonunuza göndərən ağıllı qələmdir:

“Müvəqqəti mürəkkəbin 30 dəqiqədən sonra buxarlanması və bu zaman kəsiyində yazdığınız məlumatların serverlərimizdə etibarlı şəkildə saxlanması sizə eyni kağızı sonralar dəfələrlə yenidən istifadə etməyə imkan verir. Yazılar telefona yazıldığı şəkildə, yəni əl yazısı şəklində ötürülür və proqramın funksionallığı sayəsində çap yazısı formatına da çevrilir”.

Öyrənirik ki, layihənin artıq ilkin prototipi də hazırdır. Belə ki, qələmdən istifadə etmək mümkündür.

Anar Əliyev bildirib ki, hazırda layihə ilə bağlı biznes netvörkinq yaradırlar. Onlar fəaliyyətlərinə xaricdə davam etməyi planlaşdırır. Hazırda bununla bağlı akselerator proqramları axtarırlar.

Xatırladaq ki, Wand layihəsi ötən il NRYTN yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində qalib olaraq 12 min AZN qazanıb.

Qeyd edək ki, hər il təşkil edilən müsabiqədə dünyanın müxtəlif yerlərdən olan startap layihələr iştirak edir.

Bu yaxınlarda medianın gündəmini zəbt edən Reyhan Camalova da bu müsabiqədə iştirak edib.

Qlobal tədbirdə iştitak edib, investorlar qarşısında startap  və ya ideyasını təqdim etmək istəyən hər kəs yarışa müraciət edə bilər.

Bu il GIST Tech 2018 GEC 2018 (GEC Global Entrepneurship Congress) İstanbulda baş tutacaq.

Onu da bildirək ki, startap sektorundan yaxından tanıdığımız Leyla Tağızadəyə GIST Tech 2018 -də mentor olmaq təklif edilib.

Belə ki, həmyerlimiz GIST Tech ilə bununla bağlı müqavilə imzalayıb.

Müsabiqənin finalına seçilən startaplara Türkiyədə aprelin 16-18 arası təlimlər keçiriləcək.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə