Ölkəni tərk edən İT mütəxəssislər – Növbəti yazı

11-04-2017 / 12:50

Son vaxtlar Azərbaycanı tərk edib, öz fəaliyyətlərinə xaricdə davam etmək qərarı  verən İT mütəxəssislərimizin sayı artır.

Xeberler.az olaraq bir çox İT mütəxəssislərimizin fəaliyyətini yaxından izləyib, Azərbaycanda sektora verdikləri töhfələr barədə geniş məlumatları da zaman-zaman açıqlayırıq.

Bu mövzu ətrafında son dövlərdəki yazılarımızı "Azərbaycanı tərk edən İT mütəxəssislər harada və nə edir?" və "Azərbaycanı tərk edən İT mütəxəssislər-Onlar haradadır?" başlıqları ilə saytımızdan oxuya bilərsiniz. 

Xaricə köçən İT mütəxəssislər barədə araşdırmaya, onları oxucularımıza təqdim etməyə davam edirik.

Xaricə köçən mütəxəssislərdən biri də Azərbaycanda rəqəmsal marketinq xidmətləri ilə tanıdığımız Niyazi Qasımovdur.

Belə ki, həmyerlimiz hazırda Gürcüstanın MAQRO holdinq şirkətinin Rəqəmsal Departamentinin rəhbəridir.

Qeyd edək ki, Niyazi Qasımov ölkəmizdə  Qasımsoy veb agentliyinin təsisçisi və direktoru olub. O, Kaymu, MilliKart, Times Consulting kimi şirkətlərdə rəqəmsal marketinq üzrə mütəxəssis olaraq fəaliyyət göstərib.

Bundan əlavə, Niyazi Qasımov Azərbaycanda və ölkədən kənarda bir neçə layihə və ya şirkətlər üçün rəqəmsal marketinq üzrə konsaltinq xidməti göstərib. Hazırda da Google Partner olaraq bəzi şirkətlərlə əməkdaşlıqları davam edir.

Gürcüstandakı işi barədə Xeberler.az-a məlumat verən həmyerlimiz bildirib ki, işlədiyi yerdən razıdır:

“MAQRO Gürcüstanın ən çox investisiya edən ilk 5 şirkətindən biridir. Burada böyük işlər, planlar qurmaq olur. Amma ümumi öz iş keyfiyyətim barədə düşünürəm ki, beynəlxalq bazarda olan rəqəmsal konsultant və ya ekspetlərlə yarışmaq üçün biraz daha çalışmaq lazımdır ”.

Niyazi Qasımovun da hələlik vətənə qayıtmaq fikri yoxdur. O, məsələyə aydınlıq gətirib:

“Hamı istəyər ki, ailəsinin, dostlarının yanında öz doğma dilində danışdığı ölkədə yaşasın, nəinki, Amerikaya və ya hansısa Avropa ölkəsinə gedib ən yaxşı halda 2-ci növ millət nümayəndəsi kimi. Sadəcə o mühiti yaratmaq lazımdır. İcazə vermək lazımdır ki, ölkə istər rəqəmsal, istərsə də təfəkkür olaraq çalışqan gənclər tərəfindən inkişaf etdirilsin. Gürcüstan rəqəmsal marketinq sahəsində çox  inkişaf edib. Burada inkişaf üçün daha yaxşı şərait var”.

Elşad Yarəliyev də fəaliyyətinə xaricdə davam edən İT mütəxəssislərimizdəndir.

Həmyerlimiz hazırda ABŞ-ın Iowa ştatında Data Science üzrə xüsusi təcrübə proqramı keçir.

Elşad Yarəliyev Azərbaycanda tələbə olduğu vaxtda  2 il Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstutunda proqramlaşdırma üzrə  çalışıb. O, həmçinin SİNAM şirkətində 6 il fəaliyyət göstərib.

Həmyerlimiz Xeberler.az-a bildirib ki, ABŞ-a getməkdə məqsədi yaxın vaxtda nəhəng İT şirkətlərində eləcə də, Amazon, Google kimi şirkətlərdə karyera imkanları eldə etməkdir.

Anar Abbasov da Amerikaya köçən İT mütəxəssislərdəndir.

Həmyerlimiz hazırda ABŞ-da sürətlə inkişaf edən T-Mobile  şirkətində ödəmə sistemləri üzrə baş mühəndis olaraq çalışır.

O, Azərbaycanda Azercell şirkətində 15 ilə yaxın ödəmə sistemləri üzrə qrup  rəhbəri  vəzifəsini icra edib.

Hazırki işi barədə Xeberler.az-a məlumat verən həmyerlimiz bildirib ki, işindən çox razıdır:

“Çalışdığım şirkətin xidmətləri Amerikada olan Sim-Sim sisteminin bir növüdür. Hazırki işimdən və şəraitdən çox razıyam. Amerika imkanlar ölkəsidir. Burada miliyyətindən, dinindən, yaşından aslı olaraq heç kimə məhdudiyyət qoyulmur. Xüsusən də burada bacarıqlı insan mütləq yüksək naliyyət əldə edir”.

Elgün Mirzə də ölkəni tərk edib, fəaliyyətinə xaricdə davam edən mütəxəssislərdəndir.

Həmyerlimiz hazırda Latviyanın Riqa şəhərində  Senior Software Developer olaraq fəaliyyət göstərir.

O, Azərbaycanda  6 il  Muğanbankda pul köçürmə sistemində proqramçı  işləyib.

Elgün Mirzə xaricə getməkdə məqsədi barədə Xeberler.az-a ətraflı məlumat verib:

“Muğanbankda işlədiyim zaman kollektivdən, işimdən, rəhbərlikdən çox razı idim. Sadəcə olaraq öz biliklərimi inkişaf etdirmək üçün buraya gəldim”.

Həmyerlimiz deyib ki, hazırki işindən çox razıdır.

Elgün Mirzə onu da qeyd edib ki, Azərbaycan onun vətənidir və daha da güclü biliklərlə bir gün ölkəyə qayıdıb, bu bilikləri tətbiq etmək istəyir.

 

Emin Əliyev də ABŞ-da fəaliyyətinə davam edir.

Həmyerlimiz  hazırda Amerikanın Çikaqo  şəhərində yaşayır. O,  Trextel ve Techlink  şirkətləri üçün  Network və Voice Consulting engineer vəzifəsində çalışır.

O, həmçinin  Azerics Company və Midwest Networks IT Training Center-in də yaradıcısıdır.

Emin Əliyev Azərbaycanda RİSK şirkətində 5 ilə yaxın Networks və Voice engineer vəzifəsində çalışıb.

Həmyerlimiz  də işindən razıdır:

“Burada daha çox imkanlar var. İşim adətən şirkətlərə konsaltinq təkliflər verib, problemləri həll etməkdir. Bir sözlə, artıq İT biznesi idarə etmək maraqlıdır. ABŞ-a gəlməkdə məqsədim İT biliklərimi inkişaf etdirib, böyük layihələrdə təcrübə toplamaqdır”.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.