Onbranch bazarda uğur qazanacaqmı?

06-05-2017 / 14:41

Məlumat verdiyimiz kimi, dünən  Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycandan yeni platform olan Onbranch beynəlxalq layihəsinin təqdimatı keçirilib.

Bir qrup gənclərimiz tərəfindən yaradılan Onbranch yeni nəsil paylaşım sosial şəbəkədir.

Qeyd edək ki, layihə rəhbəri Elçin Əskərovdur. Onbranch-ın komandasında İT sektorunda bir neçə layihəsi ilə tanıdığımız Elşad Yusifli də var.

Layihənin yerli və qlobal bazardakı potensialı, inkişaf hədəfləri ilə bağlı daha ətraflı İT müəxəssislə söhbət etdik.

Öyrənirik ki, Elşad Yusifli ilk dəfə bu ideyanı eşidəndə çox bəyənir və Elçin Əskərov ilə əməkdaşlığa başlayaraq, layihə üzərində işə başlayırlar:

“Biz layihənin texniki tərəfini işləyirik. Elçin Əskərovla da bir dostumuz vasitəsi ilə tanış olduq. O, layihənin ideyasını danışanda çox bəyəndim. Hətta, şok oldum deyərəm. Əmin oldum ki, belə bir layihə mütləq uğurlu olmalıdır. Yəni, bunun istifadə edilməməsində heç bir problem görmədim. Ona görə də ilk gündən elə sorğusuz, sualsız layihədə iştirak edib, komandanın tərkibində işləmək istədim. Daha sonra da bütün vaxtımızı ayırdıq və maksimum şəkildə layihəni tamamlamağa çalışdıq. Elə vaxt olub ki, layihə üçün səhərə qədər işləyirdik. İndiki rəylərdən görürük ki, hamı tətbiqi bəyənir, müsbət qarşılanır”.

Layihə barədə ətraflı məlumat verən mütəxəssis deyir ki, Onbranch unikal bir platformadır. Yəni, bu layihənin bazarda rəqibi yoxdur:

“Əslində, çox  iddialı bir layihədir. Burada söhbət yeni nəsil sosial mediadan gedir. Belə desək, platformada virtual və real həyat kəsişir. İndiki sosial media platformalarının hamısı virtualdır. Realıqla o qədər də əlaqəli deyil. Məsələn, siz evdə oturub Facebook-da müxtəlif mövzu ilə bağlı paylaşım edə bilərsiniz, amma bunun realıqla əlaqəsi olmaya bilər. Onbranch-ın unikallığı isə məhz bu hissədədir. Belə ki, hər hansı şəxs müəyyən məkana daxil olduqda, telefonla həmin məkanın virtual formasına daxil olur və onun proyeksiyası yaranır. Yəni, real həyatda aktivsinizsə, virtual da aktiv olacaqsınız. Məsələn, Siz hər hansı bir kafedəsiniz, o virtual da görünəcək. Bununla yanaşı, həmin ərazidə olan insanları görə, ünsiyyət qura, tanış ola bilərsiniz”.

Elşad Yusifli qeyd edib ki, bu konsepsiya patentlidir. Belə ki, layihə rəhbəri artıq platformanı patentləşdirib.

Məlumata görə, layihə həm istifadəçilər, həm də mencer və digər xidmət sahəsi üçün də  bir çox imkanlar təqdim edir:

“Layihə yalnız istifadəçiləri nəzərdə tutmur. Onbranch həm də menecerlərin işini asanlaşdırır. Onlar bu platform üzərindən müştəriləri, istifadəçiləri ilə əlaqə qurub, müxtəlif kampaniya, təkliflər həyata keçirə bilər”.

Elşad Yusifli deyir ki, hazırda yerli bazarda layihəyə böyük maraq müşahidə edilir. Artıq böyük kafe və restoranlardan təkliflər alırlar:

“Ölkədə olan ən qabaqcıl restoran, kafelər artıq təklifəri göndəriblər ki, platformaya qoşulmaq istəyirlər. Onlarla əməkdaşlığa başlamışıq. Ətrafdan çox müsbət rəylər alırıq. Bu da növbəti inkişaf üçün çox vacib məqamdır”.

Mütəxəssis vurğulayıb ki, layihənin qlobalda bənzəri yoxdur deyə uğurlu olma potensial böyükdür. Layihə komandası test mərhələsini Bakıda həyata keçirdikdən sonra qlobal bazarda fəaliyyəti hədəfləyir.

“Qlobalda olanların bəziləri sadəcə restoran proqramıdır. Və yaxud da müxtəlif proqramlar var ki,  sırf tanışlıq üçün istifadə edilir. Onlar da bu layihənin rəqibi sayılmır”.

Məlumatımıza görə, artıq qlobal bazardan da təkliflər var. Qeyd edilib ki, Onbranch ilk olaraq Londonda xidmətə başlaya bilər.

Elşad Yusifli onu da xatırladıb ki, təqdimatda göstərilən layihə işin yalnız 30 faizidir. Belə ki, platforma xidmət sahəsini daha da genişləndirməyə hazırlaşır.

Tətbiqi buradan yükləyə bilərsiniz.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.