Osman Gündüz: Elektron hökumətlə bağlı bütün səlahiyyətlərin ASAN-a verilməsi doğru yanaşmadır

18-01-2019 / 10:18

Prezidentin yanvarın 15-də imzaladığı fərmanlarla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə əlavə səlahiyyətlər verilib. Bu səlahiyyətlərin bir qismi xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsindən ibarətdir. “ASAN xidmət” xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görəcək.

Bundan əlavə, prezidentin digər fərmanı ilə “Güzəştli mənzil” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Mənzil İnşaatı Dövlət Agentliyi və MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə köməklik göstərilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) alınaraq ASAN-a verilib.

Edilən müraciətlərin cavablandırılması, o cümlədən yaranan çətinliklərlə bağlı müraciətlər və onların aradan qaldırılması “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçiriləcək.

Xeberler.az  bildirir ki, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “Yeni Müsavat”a dediyinə görə, hər iki istiqamətdə xidmətlərin elektronlaşdırılması nəzərdə tutulur ki, bunun üçün zəmin bir müddət əvvəl qoyulub:

 “İnformasiya sistemləri, onların yaradılması, onlara qoyulan tələblər, inteqrasiya məsələləri ilə bağlı səlahiyyətlər bir müddət əvvəldən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilib. Yəni bir altyapı vardı - ümumiyyətlə, elektron hökumətlə, informasiya sistemlərinin yaradılması və inteqrasiyası ilə bağlı məsələləri əhatə edirdi”.

Onu da qeyd edək ki, sosial mənzillərin elektron satışı sistemi olan “Güzəştli mənzil”in fəaliyyətində ciddi problemlər yaranmışdı. Bu problemlər üzündən MİDA-nın birinci güzəştli mənzil satışı prosesi pozuldu, satışın nəticələri ləğv edildi. Buna görə də “Güzəştli mənzil” sisteminə nəzarətin NRYTN-dən alınaraq “ASAN xidmət”ə verilməsini əksəriyyət bu amillə bağlayır. O.Gündüz isə hesab edir ki, verilən qərarda bu amilin rolu böyük olmayıb:

 “Bu, elektron hökumətlə bağlı səlahiyyətlərin, fəaliyyətlərin bir mərkəzdən idarə olunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Və hesab edirəm ki, məntiqli addım və doğru yanaşmadır”.

Forum prezidentinin fikrincə, konsulluq xidmətlərinin ASAN-a həvalə edilməsi həmin xidmətlərin alıcılara operativ və keyfiyyətlə çatdırılması baxımından düzgün addımdır: 

“Bu xidmətlərin əldə olunması ilə bağlı zaman-zaman narazılıqlar olub, müəyyən problemlər yaşanıb. İndi bu xidmətlərin ASAN-a verilməsi vətəndaşların onları daha rahat və asan əldə etməsinə gətirib çıxaracaq”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.