“Öyrəndiklərimizin əksəriyyətini təlimlərdən və İnternetdən əldə edirik”

09-04-2015 / 13:14

“Məktəblərdə İT sahəsinə maraq yaratmaq lazımdır”

“İT tələbə” rubrikasının budəfəki müsahibi  Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və Kibernetika  fakültəsinin, kompüter elmləri  ixtisası üzrə təhsil alan proqramçı Xanmədli Rəfidir.

O, eyni zamanda, komandası ilə birlikdə  Startap Azərbaycan yarışmalarına da qatılıb.

Xəbərlər daha çox proqramçı kimi tanınan Xanmədli Rəfi ilə müsahibəni təqdim edir:

-Rəfi bəy, İT sahəsinə marağınız nə vaxtdan başlayıb?

- 8-ci sinifdə oxuyanda kompüterdə oyunlardan çox proqramlaşdırma ilə maraqlanırdım. Düzdür, proqramlaşdırmanın tam olaraq nə olduğunu bilməsəm də, buna marağım var idi. (gülür) İlk dəfə 10-cu sinifdə Paskal dili ilə tanış oldum. Marağım əvvəldən bu sahəyə idi  və istədiyim fakültəyə də qəbul olundum.

-Hansısa İT şirkətində və yaxud da hansısa bir qrumun İT sahəsində çalışırsınızmı?

-Hazırda işləmirəm, amma öz üzərimdə çalışıram.

- Özəl bir İT layihəniz, startapınız varmı?

- Startap Azərbaycan günlərində komandam ilə birlikdə  iştirak etsək də qalib ola bilmədik. Yarım finala qədər çata bilmişdik.

-İT sahəsi ilə məşğul olan insanlarda  ən spesifik xüsusiyyət, sizcə, nədir?

-Məncə İT ilə məşğul olan insanlarda beynin işləmə sürəti güclü olur. İT ilə məşğul olan insanlar daha kreativ olurlar.

- Əsasən virtual aləmdə olan proqramçılar üçün ətraf aləmlə real informasiya münasibətləri qurmaq çətindirmi ?

- Düzdür, adətən proqramistlərin çoxu özünəqapalı insan olur. Amma, bu tam olaraq da o demək deyil ki, proqramistlər ünsiyyət qura bilmir.

- Artıq öz sahənizdə  püxtələşmisiniz. Əgər sizə yaxşı gəliri olan iş yerindən təklif gəlsə, təhsilinizi yarımçıq qoyub gedərdinizmi ?

- Təhsil deyəndə sırf Universitet nəzərdə tutulursa, bu ixtisası öyrənmək üçün, demək olar ki, mən yalnız tanışlardan və İnternetdən məlumatlanaraq öyrənirəm. Amma yenə də, hələki yox. Təhsilimi davam etdirərəm.

- Proqramçı olmaq üçün əsas hansı keyfiyyətlər vacibdir. Xarici dil bilmək əhəmiyyət kəsb edirmi ?

-Bu sahəyə maraq göstərən hər bir kəs mütləqdir ki, ingilis dilini yüksək səviyyədə bilsin. Hazırki dövrümüzdə ədəbiyyatların əksəriyyəti ingilis dilindədir. Amma tək ingilis dili, təbii ki, kifayət etmir. Həmçinin rus dillini də bilmək vacibdir. Hazırda ingilis dilində “advenced” səviyyəsindəyəm. Rus dilini isə gələcəkdə mükəmməlləşdirməyi düşünürəm.

-Belə deyirlər ki, proqramçıların çoxu gündüz yatıb daha çox gecə işləyirlər. Sizdə vəziyyət necədir ?

-İlk öncə onu demək istəyərdim ki, məncə,”proqramistin iş saatı” adlı bir məhfum yoxdur. Çünki, o hər bir zaman işinin arxasında durmalıdır. Əgər bir web-proqramçıdırsa, saytda problem yaranarsa, vaxtdan asılı olmadan problemi aradan qaldırmalıdır. Vaxt söhbətinə gəldikdə isə bu iş rejimi insandan-insana dəyişir. Məsələn, hələki tələbəyəm və gündüzlər dərsdə oluram. Buna görə də gecə saatlarında işləmək mənimçün daha əlverişlidir. 

- Belə fikir var ki, istənilən proqramçı özünü təsdiq etmək üçün heç olmasa ən azı bir dəfə hakerliklə məşğul olur. Siz heç hakerliklə məşğul olmusunuzmu ?

-Hakerlikdən anlayışım var, amma məşğul olmuram. Məncə, özümü təsdiq etmək üçün hakerlikdən başqa yollar da var. Məsələn, hansısa ideya və hazır proyektlə meydanda olmaq.

-Hazırda ölkəmizdə freelance-sifarişlə işləmək geniş yayılıb. Siz də sifarişlər qəbul edirsiniz? Əgər sirr deyilsə bundan nə qədər qazanc əldə edirsiniz?

-Düzünü desəm, cəmi 1 dəfə 1 dostumla ortaq sifariş qəbul etmişəm. Bundan da 1200 AZN qazanmışam. Hazırda qəbul etmirəm, çünki biliklərimi mükəmməlləşdirməliyəm.

-Gün ərzində İnternetdən nə qədər istifadə edirsiniz?

- Elə gün olur 2 saat, elə gün də olur 8 saat İnternetdən istifadə edirəm. Amma nə qədər az istifadə etməyə çalışsam da, İnternet qaçılmazdır.

- Ən çox istifadə etdiyiniz sosial şəbəkə və saytlar hansılardır?

- Ümumilikdə İnternetde ən çox proqramlaşdırmayla bağlı onlayn video-dərslər izləyirəm. Sosial şəbəkələrdən isə Facebook, Twitter.  Facebook-dan həm məlumatlanmaq üçün, həm də əyləncə üçün istifadə edirəm.

-İT ilə bağlı olan seminarlarda, təlimlərdə, konfranslarda iştirak edirsinizmi?

-Bəli, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin təşkil etdiyi seminarlarda dəfələrlə iştirak etmişəm. Bu sahədə peşəkar olan şəxslərlə görüşüb məsləhət almışam. Bunun mənə böyük faydası olub, hansı ixtisasa yiyələnəcəyimi  müəyyən etmişəm.

- Son dövrlər insanların İT-ə bu qədər maraq göstərməsinin səbəbini nədə görürsünüz?

- Düzdür, əvvəlki illərdə nisbətdə İT-ə maraq çoxalıb, amma, zənnimcə, daha da çox olmalıdır. Əsas səbəbi odur ki, həyatımızı asanlaşdırır.

- Elə dostlarınız var ki bu sahəylə məşğul olub, özünə gözəl həyat qurub- ev alıb, maşın alıb və s?

- Bəli, yaxın dostlarım var. Bəziləri İT sahəsində Web-proqramist kimi fəaliyyət göstərir. Biri isə sistem-administrator kimi hələ tam gün ərzində işləməsə də, maddi gəliri çoxdur.

- Bu sahədə təhsil alanlar,adətən, deyirlər ki, İT ilə bağlı biliklərini oxuduqları təhsil müəssisələrindən deyil, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər. Bununla bağlı sizdə vəziyyət necədir?

-Tamamilə doğrudur. Ümumilikdə götürsək, universitetdə texniki cəhətdən problem yoxdur, amma savadlı kadrlar olduqca azdır. Praktiki dərslər yox dərəcəsindədir. Öyrəndiklərimizin əksəriyyətini təlimlərdəm, seminarlardan, İnternetdən əldə edirik.

-İT sahəsindəki bilik və bacarıqlarınızın tələbə yoldaşlarınıza, müəllimlərinizə hansısa köməyi dəyirmi?

- Əlbəttə, olur. Hansısa bir alqoritmin yüklənməsi, hazırlanmasında və başqa bu kimi işlərdə köməyim dəyir.

-Hazırda ölkədə İT ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz?

- Düzdür, çox inkişaf edib, amma digər ölkələrlə müqayisədə bu bir o qədər də ürəkaçan deyil. Məktəblərdə bu sahəyə maraq yaratmaq lazımdır. Universitetlərdə isə, bayaq da qeyd etdiyim kimi, praktiki saatlar artırılsa və gənc kadrlar daha çox olsa sevindirici hal olar.

 

                                                                                                    Nəzrin Cavid

Fotolar: Nəcəf Nəcəfli


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə