Özəl provayderlər kənd və qəsəbələrə gedir

26-12-2014 / 15:15

“Aztelekom” İB-də özəl provayderlərin, Azərbaycan İnternet Forumu və İnternet Cəmiyyətinin iştirakı ilə toplantı keçirilib.

Xeberler.az-ın məlumatına görə, toplantıda Aztelekom İB tərəfindən yaradılan İntellektual İdarəetmə Mərkəzi və “Birgə əməkdaşlıq” layihəsi müzakirə edilib.

Tədbiri giriş sözü ilə “Aztelekom” İB-in Baş Direktoru Məhəmməd Məmmədov açaraq qeyd olunan məsələlər haqqında qısa məlumat verib. O, regionlarda özəl provayderlərin fəaliyyəti üçün yetərli şərait və “Aztelekom” İB-nin infrastrukturundan güzəştli şərtlərlə istifadə imkanlarının yaradıldığını bildirib. Güzəştli şərtlərə kabel-kanalizasiya qurğularından və digər rabitə sistemlərindən istifadə imkanlarının da yaradıldığını diqqətə çatdırıb.

M. Məmmədov həmçinin bütün provayderlə kömək məqsədilə vahid bir servis mərkəzinin də Aztelekom tərəfindən yaradıldığını bildirib. O, provayderlərin bu sistemə qoşulmasından sonra ölkə üzrə bütün internet istifadəçilərə servis xidmətinin operativliyinin və keyfiyyətinin xeyli artacağını qeyd edib.

Baş direktor provayderləri bu şəraitdən və imkanlardan faydalanmağa çağırıb.

Tədbirdə İB-in əməkdaşları R.Tağıyev və F. Cəfərov “Birgə əməkdaşlıq” layihəsi və Multimedia Xidmətlərin İntellektual İdarəetmə Mərkəzi haqqında geniş təqdimatlar ediblər. Bildirilib ki, Çağrı mərkəzinin operatoru tərəfindən, sabit və mobil telefondan edilən zənglər, elektron poçtundan göndərilən mesajlar, mobil telefondan göndərilən mesajlar, mobil telefondan göndərilən SMS-lərin hamısı qəbul edilir.

Daha sonra çıxış edən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bildirib ki, ölkə üzrə geniş rabitə infrastrukturuna və imkanlara malik dövlət qurumunun özəl Provarderlərə təqdim etdiyi təkliflər kifayət qədər əhəmiyyətlidir. O, bu təkliflərin ölkədə İnternet xidmətləri sahəsində əlçatımlıq və keyfiyyətin artmasına ciddi təsir edəcəyini qeyd edib.

O, xüsusilə keyfiyyətli və operativ servis xidmətinin hazırda problemli olduğunu diqqətə çatdıraraq adı çəkilən İdaretmə Mərkəzinin yaradılması və özəl Provayderlərin bu Mərkəzdə birləşməsinin xeyli faydalı olacağını bildirib.

Osman Gündüz özəl provayderlərin regionlarda , xüsusən də kənddə son nöqtəyə internet xidmətləri göstərə bilməsi üçün AzTelekom tərəfindən ciddi təminatların yaradılmasının vacibliyini diqqətə çatdırıb. O, özəl provayderlərə Aztelekom-un yerli qurumlarının daha həssas yanaşmasının da vacib olduğunu bildirib.

Osman Gündüz qurulacaq sistemin daha şəffaf və əlçatan olması üçün ayrıca onlayn resursun da yaradılmasının faydalı olacağını bildirib.

Görüşdə provayderləri maraqlandıran suallar cavablandırılıb və İntellektual İdarəetmə Mərkəzinə baxış olub.

Mirvari Nəcəf

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.