Poçtap e-xidməti portala inteqrasiya edildi

17-03-2017 / 15:39

Azərpoçt-un istifadəyə verdiyi  Poçtap  xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

Bu barədə Xeberler.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat  verilib.

Qeyd edilib ki, bu xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması məqsədi daşıyır. Belə ki, əgər hər hansı bir sənədinizi itirmisinizsə, onu tapmaq üçün “Elektron hökumət” portalında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin siyahısındakı “POÇTAP - itirilmiş sənədlərin axtarışı” xidmətindən istifadə edə bilərsiniz.

Açılan səhifədə ilk olaraq sənədin qrupu seçilir. Sonra vətəndaş tələb olunan xanada sənədin nömrəsini, soyadını, adını və ata adını qeyd edərək axtarış düyməsini aktiv edir. Axtarışa uyğun nəticə dərhal ekranda görünür.

Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş 169 çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.

Xidmətdən istifadə üçün portalda qeydiyyatda keçmək tələb olunmur.

Məlumat üçün bildirək ki, Poçtap xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN  xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və Şəbəkə xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

Qeyd edək ki, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökümət” portalına inteqrasiya etdirdiyi elektron xidmətlərinin sayı 38-ə çatıb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.