Pokemon GO Azərbaycanda yaradıla və uğur qazana bilərdimi?

19-07-2016 / 11:26

Yəqin ki, hamı 1990-2000-ci illərdə yaradılan və böyük maraqla izlənilən Pokemon cizgi filmini xatırlayır. Həmin zamanlarda dünyada məşhurlaşan ekran əsəri artıq Pokemon GO oyunu olaraq yenidən gündəmə gəlib.

Son günlərdir ki, bütün dünyanı küçələrə tökən Pokemon GO oyunu artıq Azərbaycanda da populyarlıq qazanır.

Demək olar ki, küçədə hər gün pokemon-ları axtaran dostlarımızla rastlaşırıq.

Məlumat verdiyimiz kimi, qısa müddət ərzində oyunun populyarlığı Tinder, Instagram, WhatsApp, Twitter və Facebook  kimi böyük platformaları geridə qoya bilib.

Oyun Nintendo və  Niantic-ın ortaq işi olaraq ərsəyə gəlib.

İyulun 5-də  təqdim olunan oyun 10 gün ərzində Nintendo-ya 15 milyon dollara yaxın pul qazandırıb.

Bu gün artıq oyun nəinki istifadəçilər arasında populyarlıq qazanıb, hətta digər şirkətlərə, mağazalara da pul qazandırmağa başlayıb. Belə ki, həm xaricdə, həm də Azərbaycanda artıq şirkətlər oyundan PR məqsədi ilə istifadə edir.

Oyunun istifadəsi isə belədir:

Pokemon GO tətbiqini telefona yükləyirsiniz.  Qeyd edək ki, oyun hələlik Android platformalı telefonlar üçün təqdim edilib. Pokemon oyunu ağıllı telefonun kamerasından və GPS funksiyasından istifadə edərək real həyatla əlaqəli bir şəkildə oynanılır. Xəritə sistemini istifadə edən Pokemon GO oyununda məsələn, su pokemon-larını tutmaq üçün dəniz, göl və ya çaya yaxın olmaq lazımdır. Oyunçular ətrafı gəzməklə fərqli pokemon növləri kəşf edə bilər. Bir sözlə, bu oyun oturaq şəraitdə oynanılmır, mütləq ətrafı gəzib pokemon-ları tapmalısınız. Oyunçular  pokemon-ları 4 səviyyədə böyüdür.

Bəs görəsən  Pokemon GO oyununa bu qədər məşhurluq  qazandıran nədir? Heç bir oyun komandasının bu qədər qısa vaxtda belə uğura sahib ola bilməməsini Pokemon GO necə etdi?  Dünyanı silkələyən oyunun arxasında nələr dayanır? Maraqlıdır ki, Azərbaycanda bu oyun yaranmış olsa idi, belə uğur qazana bilərdimi? Yerli bazarımızın məhsulu olsa idi, Pokemon bugünki kimi dünyanı fəth edə bilərdimi?

Xeberler. az olaraq elə bu suallarla Azərbaycanda Pokemon GO oynayan və bu sahədəki mütəxəssislərlə söhbət etdik.

Tor Digital Agency-nin baş direktoru, yerli məhsulumuz olan məşhur Fatal Fight oyunun yaradıcısı Toğrul Səmədov  deyir ki, hamı kimi oyun onun da diqqətini çəkib.

Toğrul Səməd oyunun aludəçisi olmasa da, oyunun uğurunu araşdırmaq üçün tətbiqi yükləyib:

“Tətbiqi yükləməkdə məqsədim əyləncə yox, oyunun uğurunun səbəblərini araşdırmaq idi. Ona görə də başqa istifadəçilər kimi  pokemon tutmaq üçün qonşunun evinə və ya dənizin ortasına getmirəm (gülür)”.

Oyunlar üzrə mütəxəssis Toğrul Səməd  Pakemon GO  uğurunun bir neçə səbəbi olduğunu bildirib:

“Oyuna  uğur qazandıran ilk səbəb kimi  qoyulan  investisiyanı göstərmək olar. Məlumunuz olduğu kimi, Pokemon GO-ya Google və Nintendo  tərəfindən 30  milyon dollar investisiya yatırılıb. Əslində, oyuna baxıb bir çoxlarımız deyə bilərik ki, mənim də belə ideyam vardı və investisiya ayrılsa idi, eyni məhsulu hazırlaya bilərdim.  Amma bu, yanlış fikirdir. Çünki, reallıq ondan ibarətdir ki, bu fikirdə olan insanlara  Pokemon-a ayrılan qədər investisiya ayrılsa idi belə, bu uğuru təkrarlaya bilməzdi. Çünki onlar Jon Xenk deyil. Jon Xenk Pokemon Go-nu hazırlayan Niantic Labs şirkətinin baş direktorudur. Niantic Labs  bundan öncə Google-un himayəsi altında Ingreress adlı AR (arqumentləşdirilmiş reallıq)) üzərindən oyun hazırlamışdı. Düzdür,  Pokemon GO qədər olmasa da,uğurlu layihə idi.  Bu oyunda kartoqrafiya çox önəmli məqamdır.  Jon Xenk  isə 20 ilə yaxın  ömrünü yaxın kartoqrafiyaya sərf edib. Ona  görə də bu uğurun əsas  səbəbi Jon Xenkin və Niantic Labs-in  təcrübəsidir. Hətta bu məqamda təcrübə sözünü böyük hərflərlə yazardım (gülür)”.

Toğrul Səmədovun sözlərinə görə,  bu uğurun digər səbəbi isə dünyada milyardlarla fanatı olan Pokemon brendidir:

“ Sözsüz ki, brendin gücü bu uğuru sığortaladı. Çünki Pokemon cizgi filminin fanatları artıq böyüyüb və 20-25 yaşındadır. Yaradıcılar bilirdi ki, onlar nostalji hisslərə qapılıb  oyunu yükləyəcək. Yaş kateqoriyasının artması  isə istifadəçilərin ödəniş qabiliyyətli olması deməkdir”.

Mütəxəssis hesab edir ki, oyunun dünyanı bu qədər silkələməsinə səbəb təcrübəli komanda, proffesional görülmüş keyfiyyətli iş və virallıqdır:

O, Pekemon GO oyununun Azərbaycanda yaradıla və uğur qazana bilmə ehtimalına da münasibət bildirib:

“Azərbaycanda bu tip layihələri reallaşdırmaq hələlik mümkün deyil. Çünki bizim bazarda oyun hazırlanmasına 30 milyon vəsait ayrıla bilməz. Qeyd edim ki, bu miqdarda yatırımlar Clash of Clans, Candy Crush Saga və.s  kimi oyunlara da ayrılıb. Bunun digər bir səbəbi isə  Azərbaycanda  təcrübəli kadrların yox səviyyəsində olmasıdır”.

Toğrul Səməd deyib ki, belə  oyun mütəxəssislərini ölkəmizdə yetişdirmək üçün bir müddət xarici təcrübədən faydalanmaq lazımdır:

“Əvvəllər Azərbaycanda tikinti sektoru çox aşağı səviyyədə idi. Yerli kadrlar, tikinti materialı istehsal eden zavodlar yox idi. O müddət ərzində ölkəyə xarici mütəxəssislər cəlb edildi və onların yanında yerli kadrlar yetişdirildi, zavodlar açıldı. Və nəticədə xarici şirkətlərə ehtiyac qalmadı.  Eyni təcrübəni bu gün İT sektorunda da tətbiq etmək olar. Təəssüflər olsun ki, bu gün ölkə sahibkarlarının xarici vətəndaşı işə cəlb etməsinin qarşını alan bir çox rüsum və məhdudiyyətlər var. Ona görə də bu sahədə maraqlı olan sahibkarlar investisiyanı  xarici şirkətlərə yatırmalı olur.  Bunları nəzərə alanda yaxın on ildə Azərbaycan komandalarından ciddi uğur gözləmək  olmur”.

Şikətlərin Pokemon-la gəlirlərini artırma məsələsinə gəlincə isə o, deyib ki, hazırda oyunda oyundaxili  ödəmələr var və böyük restoran şəbəkələri  müqavilə  ilə pokestopar-i öz məkanlarının yaxınlığında sifariş edə bilir:

“Ən böyük pullar başqalarının görmədiyi yerdədir. Kartoqrafiya, Ingressin ve Pokemon GO- nun əsas məqsədi istifadəçilərin hərəkət etdiyi yerlərin xəritəsini çəkməkdir. Bu layihələrin sayəsində Google qapalı yerlərin də xəritəsini çəkə bilir. Həmçinin istifadəçi telefonlarından tutulan  pokemon-un və ya ingress-də açılan portalın şəklini çəkir. Ona görə  Google istədiyi yerin şəklini çəkmək istəyəndə ora yeni pokemon yerləşdirməyi yetərlidir”.

 Hazırda aktiv şəkildə Pokemon GO oynayan Eldar Tanrıverdiyev deyir ki, bu oyun bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir:

“Lakin mənim ən xoşuma gələn cəhəti Pokemon Go -da əlavə reallıq elementlərinin olmasıdır. Bundan əlavə istifadəçi oyunu oynamaq üçün hərəkət etməli, yəni evdən bayıra çıxmalıdır. Pokemonlar əsasən şəhərin məşhur yerlərində, parklarda, heykəllər və s ərazilərdə ortaya çıxır ki, bu da həmin əraziləri, gəzməyə öyrənməyə imkan verir. Oyunun başqa bir üstün cəhəti isə Pokemon tutduğun zaman eyni ərazidə başqa bir gamer-i ( oyunçu) görmək, onunla ünsiyyətdə olmaq, dost qazanmaq imkanın olmasıdır”.

O,  Pokemon GO oyunun adətən gün ərzində  iki və ya üç saat oynayır:

“Bu rəqəm boş zamana görə dəyişir. Pokemon-ları isə işlədiyim ofisin yaxınlığında – Heydər Əliyev parkı, 28 may metrosu və qaldığım Sumqayıt şəhəri ərazisində axtarıb, tuturam”.

Eldar Tanrıverdiyev deyir ki, Pokemon GO oynayan zaman ətrafdakıların münasibəti fərqli olur. O, bununla  bağlı qarşılaşdığı maraqlı məqamları bizimlə bölüşüb:

“Cavan insanlar adətən söhbətin nədən getdiyini anlayır. Orta və yaşlı insanlar  isə hər şeyi maraqla izləyir. Bəzən isə bu oyun müəyyən anlaşılmazlıqlara səbəb olur. Nümunə olaraq Pokemon Go oyununda poke station-lardan biri Sumqayıt şəhər İcra hakimiyyətinin binasıdır. Yəni gamer-lər bir birilə döyüşmək, öz pokemon-larını inkişaf etdirmək üçün bu ərazidə olmalıdır. İlk dəfə gamer-lər ( oyunçular) ora toplaşanda binanı qoruyan mühafizəçilərlə kiçik anlaşılmazlıq yaşanmışdı. Lakin sonradan oyun barədə məlumat verdikdən sonra onlar əraziyə toplaşanlara maneə olmadılar. Ən maraqlı hadisələrdən biri özümüz də bilmədən sinif yoldaşımla eyni ərazidə Pokemon ovuna çıxmağımız və onu tutmaq uğrunda mübarizə aparmağımızdır. Düzdür pokemon-u mən tutsam da, sonrakı mübarizə zamanı pokemon əldən çıxdı”.

Oyun həvəskarının müşahidələrinə görə, Pokemon-u adətən 25-35 yaşlı şəxslər oynayır:

“Bu da başa düşüləndir. Çünki oyun onlardan nostalji hisslər oyadır. Məhz bu yaşda olan şəxslər öz uşaqlıq illərində pokemon animasiya filminə baxıb, oyun kartlarından oynayıb. Oyunun personajları bütün dünyada olduqca məşhurdur. Animasiya filminin qəhrəmanı Pokemon Pikachu-nu dünyada tanımayan adam yoxdur. Hətta Yaponiya millisi 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatına qatılan zaman milli komandanı aparan təyyarənin üzərinə məhz pokemon-ların şəkli vurulmuşdu. Bu oyunun bütün dünyada məşhur olmasının əsas səbəbi məncə elə budur. Çünki istifadəçilər, gamer-lər bu oyunu oynayaraq adətən öz uşaqlıq illərinə qayıdırlar”.

Eldar Tanrıverdiyev deyir ki, Azərbaycanda İT sektoru, game developer-lər belə bir oyunu yaradacaq qədər inkişaf etməyib. Buna görə də o, oyunun Azərbaycanda yaradıla və  onun dünyada bu qədər uğur qazana bilmə ehtimalını düşünmür:

“Çünki Pokemon GO-nun çox güclü “pre-story”si var. Nintendo şirkətinə məxsus personajlar bütün dünya tərəfindən tanınır və onlardan istifadə oyunu daha da məşhur edir. Çox təəssüflər olsun ki, ölkəmizə xas heç bir hekayə, nağıl personajı dünyada elə də məşhur deyil”.

MultiBon, Xercim.az- iKeebon, Kvotter  layihələrindən yaxından tanıdığımız Orxan Əhmədov  deyir ki, oyun ilk çıxanda elə də əhəmiyyət verməyib. Ancaq sonradan çox populyar olduğunu görüb, texnoloji yeniliklərə marağından dolayı oyunu yükləyib və sırf hansı məntiqlə işlədiyini öyrənmək üçün oynayıb:

“Əslində Pokemon-nun belə uğur qazanmasının səbəbi çox sadədir. 1990 və 2000-ci illərin populyar cizgi filmlərinin qəhrəmanlarını izləyən uşaqlar, bu gün mobil telefonlarda oyun oynadıqlarından təbii yeni çıxmış oyun, onların maraqlarına səbəb olmaya bilməzdi. Üstəlik oyunun real xəritə üzərində qurulması, rəqabət və müsabiqə yönümlü olması da öz işini görüb. Çox dərinə getsək, oyunda psixoloji məqamların vacib yer tutduğunu görə bilərik”.

Orxan Əhmədov bildirib ki, 2013-cü ildə MultiBon üzərində işləyərkən oxşar məntiqlə bir oyun qurmaq istəyiblər:

“ Oyun demək düzgün olmazdı, oyun məntiqli bonus qazanma sistemi idi. Planımıza görə şəhərin müxtəlif yerlərində QR kodlar yerləşdirib, xəritədə yerlərini göstərəcəkdik. İstifadəçilər bu kodları tapıb oxumalı və təsadüf nəticəsində xal, hədiyyə və ya kupon qazanacaqdılar. Ancaq müəyyən problemlərdən dolayı ideyanı başa çatdırmadıq. Lakin bu, bizim bazarda  son cəhd deyildi. Bir müddət sonra, Azərbaycanda Augmented Reality ilə məşğul olan Fərid Yusifoğlu ilə oxşar ideyanı bu dəfə QR kodu AR ilə əvəz etmək ideyasını müzakirə etsək də, sonradan Multibon-dan ayrılmağıma görə edə bilmədik.  Daha sonra bilirəm ki, Fəridin özü və komandası da, oxşar ideya ilə mobil operatorlardan birinə təklif ilə müraciət etsələr də, müsbət cavab almayıblar. Bəlkə oxşar ideyalar ilə digər şəxslər də işlər görmək istəyiblər, bundan xəbərsizəm. Məsələnin ikinci tərəfi isə yuxarıda dediklərimizi etsə idik, uğurlu olardılarmı? Bəlkə hə, ancaq Azərbaycan üçün bəlkə də yox. İstənilən halda Pokemon GO yaradıcılarının komandasında kifayət qədər bilikli və təcrübəli mühəndislər, iş adamları və oyun sektorunda uşaqlıqdan tanıdığımız Ninetondo şirkətinin olması məncə, uğurun əsas faktorlarındandır. Bu uğur davamlı olacaqmı, olmayacaqmı, onu da zaman göstərəcək. Məncə bir müddət sonra ajiotaj yatacaq və yalnız ən sadiq oyunçular oyuna davam edəcək. Bəlkə də, Pokemon GO-nun planlarında bilmədiyimiz yeniliklər də var ki, onların hesabına oyun daha da populyar olacaq”.

Orxan Əhmədov deyir ki, Azərbaycanda da bacarıqlı oyun mütəxəssisləri var. O hesab edir ki, bizdə bu sahədə uğur olmamasının səbəbi isə çox qəliz bir iş olduğundan hələ düzgün oyun məntiqi qura bilən birinin olmamasıdır. 

Hazırda Böyük Britaniyanın Edinburq şəhərində yaşayan, qlobal ShareClever və Getguided startaplarını həyata keçirən Cavid Nadirov deyir ki, özü Pokemon GO oynamasa da, Edinburqda oyun çox populyardır.

Həmyerlimiz  isə Pokemon-dan layihələrinin  PR-ı  üçün istifadə edir:

“Edinburq və başqa yerlərdə oyun çox populyardır. Oyundan sırf PR məqsədi ilə istifadə edirəm.  ShareClever və Getguided olaraq  Pokemon GO-nun  kütləvi oynanılmasını təşkil etmək üçün Facebook-da event yaratmışıq. İyulun 22-də olacaq tədbir üçün  220-dən çox  adam gəldiyini bildirib. Bu o deməkdir ki, küçədə eyni anda 200 insan yeriyəcək və  pokemon tutacaq”.

Cavid Nadirov deyir ki, oyunun belə uğurlu olmasına səbəb qurucusunun çox bilikli və təcrübəli olmasıdır.

Onun sözlərinə görə, indiki gənclərin  hamısı Pokemon üzərində böyüyüb və ona görə də bu brendə qarşı emosional yanaşma var:

“İnsanlara bir məhsulu satmağın ən yaxşı yolu onlara bağlılığı göstərməkdir. Hamı uşaqlıqda pokemaster olmaq istəyib. İndi isə bu, mümkündür”.

Pokemon GO oyunçularından Fatih Hədisov deyir ki, oyunun üstünlüyü tarixə dayanmasıdır. Onun sözlərinə görə, uşaqlıqdan seçdiyi pakemon üzün müddətdən sonra qarşısına çıxdığı üçün doğma gəlib:

“ Gün ərzində vaxtım olduqca Pokemon oynayıram. Hələlik bina və məhəllədəki pokemon-ları tuturam. İlk vaxtlar telefonu müəyyən vəziyyətdə tutanda  insanlar elə başa düşürdü ki, şəkillərini çəkirəm. Sonradan bir-birimizi anlamağa başladıq. Hələ bir dəfə adı yadımda qalmayan Pokemon-u həyətdə xalanın ayağının yanında tapdım. O, skamyada oturmuşdu, yanına getməyə çəkindim. Sonra nəvəsi gəldi. Sən demə o da oynayırmş. Təəssüf ki,  o götürdü pokemon-u”.

Azərbaycanda Augmented Reality ilə məşğul olan Fərid Yusifoğlu deyir ki, Pokemon-a bənzər oyun hazırlamaq istəyiblər, amma yetərli invetisiya olmadığı üçün bunu həyata keçirə bilməyiblər:

“Layihəni hazırlayıb Azercell-ə göndərdik, heç üzünə baxan da olmadı. Təəssüflər olsun ki, bizim ölkədə insanlar yalnız tənqidi sevir. Ona görə də  inkişaf və dəstək yoxdur. Biz bu layihəni iki il əvvəl hazırlamışdıq. Ölkədə yetəri qədər bacarıqlı mütəxssislər var. Sadəcə investisiya dəstəyi bu inkişafa mane olur”.

İT sahəsindən yaxından tanıdığımız Vaqif Abbasov deyir ki, Pokemon GO  fərqli oyundur. İnsanları küçəyə çıxmağa, gəzməyə, qaçmağa motivasiya edir. O hesab edir ki, zamanla oyun öz seqmentinə uyğun oynanılacaq:

“Bunu müsbət element kimi qəbul edirəm. Hazırda hər kəs bu yeni oyunu yoxlayır, amma zamanla yalnız öz seqmentinə uyğun oynanılacaq. Məsələn, oyun çıxan ilk gün mən də, yüklədim. Oyuna baxdım, incələdim və sildim. Hələlik çoxu küyə düşüb. Bunun arxasında komandanın düzgün marketinq strategiyası durur. Bir də Pokemon cizgi filminin insanlarda olan nostalji hissləri var. Buda təsirli amildir”.

Vaqif Abbasov deyir ki, Azərbaycanda bundan da yaxşı oyun düzəltmək olardı, amma istənilən nəticəni almaq mümkün deyil:

“Bu kimi layihələri mütləq ki, böyük bazarlarda,  xüsusilə ABŞ- da etmək lazımdır. Oyun üzərində maraqlı gəlir modelləri düşünmək olar, təsisçilər yəqin ki düşünüblər. Müxtəlif istiqamətli gəlir əldə etmə metodları ola bilər. Oyun içində satınalmalar (in-app purchase) hazırda aktivdir. Müəssisələrə yeni müştərilərin cəlb olunmasında istifadə etmək olar. Amma burada da seqment məsələsi əsas əngəl kimi görünür. Hələlik viral yayılmanın təsirindən hamı maraq göstərir, bir müddət sonra yalnız uyğun seqmentin oynayacağı bir oyun olacaq”.

Pokemon GO-nun  aktiv oyunçularından, Biznesin İnkişafı üzrə mütəxəssis Nicat Manafov bildirib ki, oyun hərəkətli və interaktiv olduğu üçün onun da diqqətini  çəkib və gündə bir saat Tarqovi və 28 May tərəfdə oyanır:

“Ətrafda hamı oynadığı üçün bizə qarşı münasibət anlaşılandır. Hətta bir gün oyunu oynayarkən bir məmur avtomobilini saxlayıb bizə yaxınlaşdı. Xahiş etdi ki oyunu onun da telefonuna yükləyək. Şəhərdə Pokemon GO oynayanlar əsasən 15-35 yaş arası insanlardır”.

Nicat Manafov deyir ki, oyunun arxasında Google olması və AR texnologiyasından istifadə edilməsi oyunu belə maraqlı edir:

Mütəxəssis bildirib ki, belə oyun bizim bazarda yaradıla bilməzdi:

“Çünki bizim bazarda bu layihəni həyata keçirə biləcək bir resurs, təşəbbüs tapıla bilməzdi. Azərbaycan oyun bazarının öz reallıqları var. Həmçinin oyun mütəxəssislərinin Azərbaycanda ən böyük problemi kapitaldır. Nəinki oyun təşəbbüskarlarının, həmçinin  bütün təşəbbüskarların öz layihələrini həyata keçirə bilməmələrinə səbəb investisiyadır. Əgər oyun sahəsində lazımi səviyyədə kapital dövriyyə etsə, mütəxəssislər özləri yetişəcək”.

Times Consulting şirkətində Rəqəmsal Departamentin rəhbəri Niyazi Qasımov deyir ki, ümumiyyətlə bu oyunun fonunda AR (arqumentləşdirilmiş reallıq) oyunlarının bazarının əslində necə böyük bir paya sahib ola biləcəyini nəhayət ki, Amerikadan kənarda olan ölkələr də ciddi formada hiss edə bildi:

“AR və VR ( virtual reallıq)  formatlı interaktiv tətbiqlər artıq insanlara daha maraqlıdır. İnsanlar artıq "smayl"lar yox, birbaşa öz hisslərini ortaya qoymaq istəyirlər. Təbii ki, oyunun maraq yaratmağında uşaqlığımızın qəhrəmanı olan Pikachu-nun da rolu böyükdür. Reallıq budur ki, oyun hər nə qədər uşaqlar üçün olsa da, oynayan və oynaya biləcək şəxslər mobil telefonu olan və rahat şəhər gəzintisi edə biləcək 16+ insanlardır”.

Niyazi Qasımov deyir ki, Pokemon cizgi filmi kifayət qədər sevilən personaj olsa da, bu, əsas məsələ deyil:

“Əsas məsələ investorların və proqramlaşdırma tərəfində olan Google Maps -ı hazırlamış möhtəşəm komandadır. Düşünürəm ki, o adamlar sabah çox sadə bir xəbər saytı da açsa ciddi reytinq ala biləcək”.

Onun sözlərinə görə, Azərbaycanda belə bir  oyunun yaradılma ehtimalı yoxdur:

“Çünki ölkəmizdə AR üzrə kod yaza biləcək developer qıtlığı var. Yaza bilənlər də ölkəmizdə yaşayış xərci çox olduğu üçün çox böyük rəqəmlər tələb edirlər və ölkəmizdəki sahibkarlar belə layihələrə pul xərcləmirlər. Bizdə əksər hallarda ideyalara "sədərək bazarı prinsipiləri" tətbiq edilir. Fərqli ideya olanda riskə getmirlər. Oyun bizim bazarda hazırlansa idi, bu qədər uğurlu ola bilməzdi, çünki dil problemi var. İngilis dilində hazırlanmış olsaydı, bəlkə biraz şansı ola bilərdi ki, viral olaraq çoxalsın. Amma yenə də qeyd etdiyim kimi, burada işi görən komandanın da çox böyük rolu var”.

Niyazi Qasımov hesab edir ki, oyun mütəxəssislərini bizim ölkədə yetişdirməyin əsas yolu Təhsil Nazirliyində düzgün təhsil tətbiqindən başlayır. Onun sözlərinə görə, təəssüf ki, hazırda ölkədə  informatika sahəsində istər orta məktəblərdə, istərsə də dövlət universitetlərində vəziyyət heç də ürək açan deyil:

“Bununla yanaşı, bu gün bunu öyrənən şəxslərə, ümumiyyətlə, işləməyin necə olduğunu öyrətmək və sahibkarlara isə biraz qorxaqlıqdan əl çəkməyi təbliğ etmək lazımdır. Oyun sənayesi çox ciddi bir sahədir və burada çox böyük məbləğlər dövr edir. Bunun üçün ciddi addımlar atılmalıdır ki, bəlkə 10 il sonra biz lazımi mühiti formalaşdıra bilək”.

Şirkətlərin Pokemon GO-dan gəlir məsələsinə gəlincə isə o, bildirib ki, şirkətlər bu oyuna uyğunlaşdırılmış bir çox layihələr edə bilər:

“ Söhbət Pokemon obrazlı şəkilin səhifədə paylaşılmağından getmir. Məsələn, biz bu barədə TimesConsulting şirkəti olaraq artıq bir neçə şirkətə çox yaxşı ideyalar təklif etmişik. Hansı ki, birbaşa şirkətlər bundan çox ciddi nəticələr əldə edə bilər”.

Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz  isə hökumətin bu məsələyə qarşı diqqətli olmasının vacibliyindən danışıb:

“Burada milli hökumətlərin, qərar qəbul edən şəxslərin diqqətini cəlb edəcək məqam Pokemon GO -nu hazırlayanların bir anda milyardlarlavəsait qazanmasıdır. Təsəvvür edin ki, bizdə Vergilər Nazirliyinin bir il ərzində böyük - əzab -əziyyətlə topladığı büdcə vəsaiti, bu təxminən 5 -10 milyard manat həcmindədir, Nitendo  şirkət bir anda əldə etdi. Deməli əgər hansı ölkə ki bu tip şirkətlər, bizneslər qurmaq iqtidarındadırsa , bununla da onlar daha böyük problemlərini həll etmiş olur”.

Ekspert xatırladıb ki,  artıq dövlət başçısının da son çıxışlarında qeyd etdiyi kimi, neft , təbii resurslar arxa plandadır. Onun sözlərinə görə, kim bu sahədə, internet biznesdə, oyun biznesində, ağıllı texnologiyaların müxtəlif sahələrə tətbiqində irəli çıxacaqsa, dünyada söz sahibləri də onlar olacaq:

“Düşünürəm ki, bizdə də  bu istiqamətdə uğurlar əldə oluna bilər. Amma bu uzunmüddətli, geniş komanda formasında hazırlanacaq bir prosesdir. Əlbəttə burada böyük investisiyalardan söhbət gedir. Hansı ki, bizdə hələlik bu sektorda investisiya mühiti yetərincə inkişaf etməyib. Bizdə indi konkret bu sahə üzrə məşğul olan çox az sayda gənclər var. Düşünürəm ki, bu cür mütəxəssislərin dəstəklənməsi və bacarıqlarının artırılması, ilk öncə bu sahə üzrə peşəkar mütəxəssislərin hazırlanması  vacibdir. Xaricdən peşəkarlar cəlb edilməsi, universitetlərdə bu sahə üzrə ixtisasların hazırlanması, qlobal bazara istiqamətlənən məhsulların hazırlanması üzərində işləmək çox yaxşı olardı ”.

Qeyd edək ki, hazırda Pokemon GO oyunu rəsmi olaraq 4 (Almaniya, Yeni Zelandiya və Avstraliya, ABŞ)  ölkədə  təqdim edilib. Yaxın vaxtlarda Rusiyada da rəsmiləşdirilməsi gözlənilir. Sentyabrdan  sonra isə bütün dünya ölkələrində rəsmi olaraq tanıdılacaq.

Pokemon GO oyunu üçün xəritə üzrə 15 milyondan çox məkan təklif edilib. Hazırda oyun 5 milyon məkanda yerləşdirilib. 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.