“Potensialı və ambisiyası olan qadına uğur qapıları hər zaman açıqdır”

22-04-2015 / 13:06

 “Rabitə dünyası” qəzetində gedən bir səhv mənim bütün günümü alt-üst etməyə yetirdi

Xəbərlər  “İKT QADINLAR” rubrikası çərçivəsində  “Femmes Digitales” - Azərbaycan qadınları İKT-də” klubunun üzvü,  “Rabitə dünyası” qəzetinin, “www.ictnews.az” elektron xəbər xidmətinin və nazirliyin rəsmi internet səhifəsi olan “www.mincom.gov.az” saytının redaktoru Zamirə Ədilova ilə  müsahibəni təqdim edir:

Necə oldu ki, İKT sahəsinə marağınız yarandı? 

-İxtisasca jurnalistəm. Digər peşə sahiblərindən fərqli olaraq jurnalistlər fəaliyyətini çoxşaxəli qurmağa məcburdur. Bütün sahələrdən ən az məlumatlı olmaq bizim iş prinsipimizin əsasını təşkil edir. Xoşbəxtlikdən uşaqlıq və gənclik illərim müstəqillik illərinə, belə desək, ölkəmizin intibah dövrünə təsadüf edib. Artıq bir çox insanlar kimi mən də inkişafdan doğan yeni tendensiyalara qoşulmağa can atırdım. Hələ orta məktəbin 10-cu sinfində oxuyarkən digər fənlərlə yanaşı, kompüter kursları məşğələlərində iştirak edirdim. O vaxtlar kompüterin klaviaturasına toxunmaq mənə royalın klavişlərinə toxunmaq qədər ecazkar təsir bağışlayırdı. Kommunikasiya ilə ilk ibtidai tanışlığım isə mobil telefonla başlayıb. Orta məktəbdə oxuyarkən mobil telefonlardan istifadə intellektuallıq, nailiyyət sayılırdı. Yadımdadır, atamın gündəlik verdiyi xərclik pulların yığıb özümə mobil telefon almışdım. Çoxfunksiyalı olmayan bu telefondakı bütün tətbiq və komandaların hansı işə yaradığını da çözmüşdüm. Təəssüf ki, texnikaya olan xüsusi həssaslıq mənim ixtisas seçimimdə həlledici rol oynamadı. Çünki lap uşaqlıqdan yeganə arzum jurnalist olmaq idi. Beləliklə, 2002-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmaqla arzumu reallaşdırmış oldum. Kodlaşdırmada etdiyim səhv məni qiyabi təhsil almaq məcburiyyətində qoymuşdu. O vaxtlar fikirləşirdim, bu mənim üçün taleyin ironiyasıdır, həyatımın sonrakı gedişatında anladım ki, o səhv mənim uğur açarım olub.

-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?

-Birinci kursdan etibarən işləməyə başladım. Fəaliyyət istiqaməti olaraq iqtisadiyyatı seçmişdim. Bu səbəbdən iqtisadiyyatın aparıcı sahəsi kimi informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə də müxtəlif janrlarda yazılar hazırlayırdım. Hətta ilk araşdırmam belə İKT sahəsi ilə bağlı olmuşdu. Mövzunu bütün istiqamətlər üzrə təhlil etmişdim, tək qalırdı rəsmi münasibət öyrənmək. Redaktorum tapşırıq vermişdi ki, rəsmi münasibət mütləq rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovdan olmalıdır. Çox utanırdım cənab nazirə o sualı vermək üçün. Həmkarlarım məni ürəkləndirdi ki, ölkənin ən səmimi məmurlarından biridir, çox mehribandır, ətraflı cavablandıracaq sualı. Deyildiyi kimi də oldu. Bu da mənim İKT sektorunda uğurlu debütüm kimi hafizəmə həkk oldu. Mənim İKT sektoru ilə bağlılığım Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan İnternet Forumunun  təşkilatçılığı, “HP” və “ULTRA” şirkətlərinin dəstəyi ilə jurnalistlər arasında keçirilən “İnformasiya Cəmiyyətinin Jurnalisti” müsabiqəsi çərçivəsində “525-ci qəzet” in müxbiri kimi birinci yerə layiq görülməyimdən sonra aktiv fazaya qədəm qoydu. Nazirliyin məsləhətçi-mətbuat katibi (hazırda nazirin müşaviri) Müşviq Əmirovun birgə əməkdaşlıq təklifi ilə 2008-ci ildən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışıram. İlk əvvəl “Rabitə dünyası” qəzetinin, daha sonra isə nazirliyin elektron xəbər xidməti və rəsmi internet səhifəsinin redaktoru kimi fəaliyyətimi davam etdirdim. 
İndi bütün yaradıcı fəaliyyətim İKT ilə harmoniya təşkil edir. Texniki olaraq sektorun dərinliyini bilməsəm belə, nəzəri olaraq kifayət qədər məlumatlıyam. 

-Adətən kişilər bu sahəyə maraq göstərirlər. İKT sektorunda qadın olmaq çətindir?
-Tək texniki sektorda deyil, ümumiyyətlə, digər sahələrdə də kişilər dominantlıq təşkil edir. Bu, bütün dünyada da belədir. Cinsi diskriminasiya beynəlxalq təşkilatlar səviyyəsində müzakirə edilən və həll yolları axtarılan qlobal məsələlərdəndir. Bəli, bu gün İT sahəsinin də magikanları kişilərdir. Dünyanın ən varlı insanı Bil Qeyts, mobil telefon sənayesində inqilab yaradan Stiv Cobs, sosial media trendinin banisi Mark Zuckerberg və başqaları. Amma bu gün İT təşkilatlarında rəhbər vəzifədə çalışan və İT şirkətlərinə rəhbərlik edən qadınlar da az deyil. Zənnimcə, gələcək illərdə bu rəqəm müsbətə doğru dəyişəcək. Hesab edirəm ki, kişilər İT sənayesinə keyfiyyət, davamlılıq, qadınlar isə ecazkarlıq, zəriflik bəxş edir. Qadınlar İKT sektorunda ilhamverici qüvvədir. 
Bu sektorda qadın olmaq çətin deyil. Əgər əzmlə çalışırsansa texnoloji baxımdan ən qarışıq bir işə mütləq töhfə verəcəksən. Şərt o deyil ki, hansısa mikrosxem ərsəyə gətirməlisən, hansısa yeni həll kəşf etməlisən və ya proqram təminatı yaratmalısan. Ola bilsin ki, qadın o texnoloji kəşfin nəzəriyyəsini daha yaxşı bilir, amma praktikada tətbiq edən kişi olur. Bu baxımdan həyatda olduğu kimi, istənilən sahədə də qadın-kişi tandemi qaçılmazdır.

-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?

-Təvazökarlıqdan uzaq olacaq bəlkə, amma xüsusi çətinliklərim olmayıb. Əvvəllər məsuliyyətdən qorxurdum. "Rabitə dünyası" qəzetində gedən bir səhv mənim bütün günümü alt-üst etməyə yetirdi. Cümə günü həftənin ən sevdiyim günüdür, amma həmin gün qəzet çapdan çıxır və bütün gün təşvişlə keçir ki, görəsən, səhv yoxdu qəzetdə, kimsə zəng edib nəsə deməyəcək ki!? Amma bütün bunlar inkişaf üçün zəmin yaradan məqamlardır. Bütünlükdə özümü uğurlu karyerası olan qadınlardan sayıram.

-Övladlarınız da informasiya texnologiyalarından istifadə edirmi? Hansısa qadağalar varmı və siz onlara necə nəzarət edirsiniz?

-Subay olduğum üçün heç kimə nəzarət sistemi tətbiq edə bilmirəm. Amma onu bilirəm ki, gələcək uşaqların texnoloji bilikləri məndən çox olacaq. İndiki uşaqlar daha kreativdirlər. Sanki, robot uşaqlar dünyaya gəlir.

-İKT sahəsindən əlavə hansısa biznesiniz varmı?

-Xeyr. Mən heç vaxt iki işi bir arada görməmişəm. Bir çox layihələrə təkliflər gəlir. Bilirəm ki, layiqincə öhdəsindən gələ bilməyəcəm. Çünki əlavə iş üçün vaxtım məhduddur, hazırkı işim məsuliyyətlidir və hər baxımdan məni qane edir.


-Tələbəlik illəri. Deyirlər ki, İKT üzrə təhsil alan tələbələr ünsiyyətcil olmurlar. Siz necə, tələbəlik illərində oğlanlara münasibət qura bilirdiniz?

-Yuxarıda da qeyd etdiyim kimi, mən İKT sahəsində təhsil almamışam. Ünsiyyət baxımından jurnalistika kommunikativlik tələb edir. Buna baxmayaraq mən özümü ünsiyyətcil insan hesab etmirəm. Hətta çox danışmaq məni həddindən artıq yora bilər. Qaldı oğlanlara münasibətə, qızlar qədər oğlanlarla münasibətim də normal olub. Hətta qrup yoldaşlarımla əlaqələrimiz indi davam edir. Ən yaxın oğlan dostum elə qrup yoldaşımdır.


-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərində kişilər, yoxsa qadınlar çoxluq təşkil edir?

-Düzü, xarici ölkələrdə İT tədbirlərində iştirak etmək mənə nəsib olmayıb. Amma virtual olaraq bütün tədbirləri izlədiyimdən elə iştirak etmiş kimiyəm. Yenə də əvvəldə qeyd etdiyimiz söhbətə gəlib çıxırıq. Bəli, balans kişilərin xeyrinə pozulur. Amma son zamanlar qadınların aktivliyi daha çox müşahidə olunur.


- Ailənizdən və yaxınlarınızdan uzaq qalanda özünüzü necə hiss edirsiniz?

-Artıq 3 ildir ki, bacımdan uzağam. O, təhsili ilə bağlı başqa ölkədədir. Valideynlərim yanımdadır, işdəki insanlar doğmadır mənə, dostlarımın əhatəsindəyəm. Amma yenə də özümü tək hiss edirəm. Hər gün İnternet vasitəsi ilə əlaqə saxlayırıq. Buna baxmayaraq çox darıxıram. Həmişə deyirəm ki, Allah heç kimi yaxın insanların yoxluğu ilə sınağa çəkməsin. Və bütün ayrılıqların sevincli səbəbləri olsun. 

-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?

-Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən aparılan tədqiqatın gedişatında müəyyən olub ki, qadınların yalnız 30 faizi orta texniki heyətdə, 15 faizi rəhbər vəzifələrdə, 11 faiz  isə strategiya və planlaşdırma sahəsində çalışırlar.
İKT sektorunda işə qadınların və qızların cəlb edilməsi yalnız sosial ədalət nöqteyi-nəzərindən düzgün mövqe deyil. Bu, həmçinin effektiv iqtisadiyyatı ifadə edir.
Bu gün dünyada iki milyarddan artıq İnternet istifadəçisinin yarıdan çoxunu qadınlar təşkil edir. Azərbaycanda kompüter istifadəçilərinin yarı faizi və müəssisələrdə İnternetdən istifadə edən işçilərin təxminən 48  faizi qadınlardır. Bütün bu statistik göstəricilər qadınların sektordakı rolunu aydın şəkildə əks etdirir.

-Sosial şəbəkələrdən istifadə edirsinizmi?

- Təbii ki. Bütün sosial şəbəkələrin aktiv istifadəçisiyəm. Hətta mənə zarafatla deyirlər ki; “hansı sosial şəbəkədən qeydiyyatdan keçirik, sən artıq orda olmuş olursan”. Yeniliklərdən məlumatlı olmağı sevirəm. Mənə kimsə desə ki, filan tətbiq çıxıb, filan sosial şəbəkədə yeni funksiya “update” olub, ya da yeni oyun var top trendə girib, mən bundan məlumatsız olsam utanıram.

-Facebook-da paylaşdığınız şəkillərin altında sizi narahat edən şərhlər alırsınızmı?

-Praktikada belə bir halla rastlaşmamışam. Bilirsiniz ki, sosial şəbəkələrdə gizlilik ayarları var, paylaşımları istədiyin formada idarə etmək mümkündür. Kontakt listimdə olan insanlar da həqiqətən tanıdığım, özünə və ətrafına hörmət bəsləyən insanlardır ki, onlar da yalnız xoş söz yazırlar. Məsələn, mənim şəklimin altında həmişə yazılan rəy bu olur –“bir az gül”. Gərək nəzərə alım bunu.(gülür)


- Siz öz şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiniz? Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı? 

-Çoxsaylı spam məktublar alıram. Milyonlar təklif edən “missionerlər”dən. Əvvəllər məlumatlarımı “iCloud” və “Dropbox”da saxlayırdım. İndi bir müddətdir deaktiv etmişəm. Mən bütün ödənişlərimi elektron qaydada həyata keçirən insanlardanam. Hətta bəzi saytlarda kredit kart məlumatlarımı da saxlayıram. İki dəfə kredit kartımdan lazım olan məbləğdən artıq pul çıxılıb. Biri beynəlxalq şirkət idi. Bir ay sonra pul balansa geri qaytarılıb. Digəri isə yerli ödəniş sistemi idi, serverdə texniki nasazlıq var imiş, eyni məbləği üç dəfə silmişdilər balansdan. Amma 3 gün ərzində bərpa olundu. Qəribədir, texnikaya böyük inamım var. Hətta insanlara olan inamdan daha çox. Mən telefonumun “Qeydlər” hissəsində bütün şəxsi məlumatları qeyd etmişəm. Elə olub ki, hansısa məsələ ilə bağlı sosial şəbəkələrdə status yazmaq istəmişəm, sonra fikrimi dəyişib “Qeydlər” bölməsinə cızma-qara etməklə kifayətlənmişəm. Məncə, emosiyaları cilovlamaq üçün yaxşı taktikadır.

-Sizə kişilərlə, yoxsa qadınlarla işləmək daha rahatdır?

-Heç bir cinsin nümayəndəsi ilə ciddi problem yaşamamışam. Digər kollektivlərdə olduğu kimi, bizim də kollektivdə kişilər üstünlük təşkil edir. Məndən yaşca böyüklər də var, yaşca kiçiklər də. Özümdən böyüklərlə işləmək daha asandır. Onlar daha nəzakətlidirlər. Hər hərəkətlərini ölçüb biçirlər. Xanımlar isə daha incə məxluqlardır, onlarla daha həssas rəftar edirəm. Bacardığım qədər səmimiyyətlə ciddiyyətin tandemini yaratmağa çalışıram. İkisindən biri üstünlük təşkil edəndə balans pozulur.

-Qərar qəbul edərkən kiminlə məsləhətləşirsiniz?

-İşlə bağlı qərarları təbii ki, Müşfiq müəllimlə məsləhətləşirəm. Hətta bəzi qərarların alınmasında kollektivimizin digər üzvləri də iştirak edir. Şəxsi həyatımla bağlı qərarları isə anamla, bacımla, rəfiqələrimlə müzakirə edirəm. Ümumiyyətlə, insanlarla məsləhətləşməyi sevirəm. Bir məsələyə müxtəlif yanaşmaların olması ümumi işin xeyrinədir. “Ağıl ağıldan üstündür” prinsipi ilə hərəkət etmək lazımdır.


- Qadına fəaliyyət sahəsində uğur qazanmaq üçün nə lazımdır?

-Potensialı və ambisiyası olan qadına uğur qapıları hər zaman açıqdır. İntellektual səviyyə, təfəkkür, kreativlik və bir az da qadın şarmı varsa, uğur qazanmaq şansı daha çoxdur. Məsələn, mənim “Yahoo!” şirkətinin rəhbəri Marissa Mayerə xüsusi simpatiyam var. O xanımın fəaliyyətini yaxından izləyirəm. Hətta onun geyimi və istifadə etdiyi aksesuarlar belə diqqətimi çəkir.


- İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?

- İşimiz sırf İnternetlə bağlıdır. Səhər işə gələndə “WhatsApp” messencerində rəfiqələrimlə salamlaşıram. Bu, günə yaxşı başlamaq üçün qanunauyğunluqdur.  Bütün işlərimi mahnı sədaları altında görürəm. Musiqi mənim üçün motivasiya edici vasitədir. İşdaxili bütün yazışmaları Facebook və Skype vasitəsi ilə reallaşdırıram. Bir sözlə, səhərdən axşama qədər müəyyən fasilələrlə İnternetlə təmasda oluram.

- İKT sahəsində mükafatlarınız varmı?

-Azərbaycan İnternet Forumu və Multimedia Mərkəzinin təşkil etdiyi “İnformasiya Cəmiyyətinin Jurnalisti” Müsabiqəsinin qalibi olmuşam. 2009-cu ildə rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasov tərəfindən Azərbaycanda rabitənin yaradılmasının 128 illiyi və internetin 40 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilmişəm. 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə