“Proqramçı həmişə optimal həllər tapmağa çalışır”

27-07-2015 / 13:37

“Bir proqramçının başı adi insanın başından daha yaxşı işləyir”

 “İT TƏLƏBƏ” rubrikasının növbəti müsahibi Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinin IV kurs tələbəsi, proqramçı  Samir Həbiblidir.

Xeberler.az müsahibəni təqdim edir:

-Samir bəy, İT sahəsinə  marağınız nə vaxtdan başlayıb?

-X-XI sinifdə oxuyanda sayt yığmağa başlamışdım. Saytları ilk dəfə yığarkən proqramlaşdırma dilindən yox,  hazır sistemlərdən istifadə etmişdim. Daha sonra bu sistemlərin necə hazırlanması mənə çox maraqlı gəldiyindən, proqramlaşdırma dillərini öyrənməyə başladım. İnsan əziyyət çəkdiyi işin bəhrəsini görəndən sonra daha da ruhlanır. Ekrana bir “Salam Dünya” yazısı çıxarmaq belə yeni başlayanlar üçün böyük şeydir. Proqramlaşdırmanı müəyyən səviyyədə bildikdən sonra artıq hazır sistemlərdən yox, öz sistemimi qurub ondan istifadə etməyə başladım. Sonralar Rəşad Əliyevin Xəzər universitetində keçdiyi seminarlara qatılıb, onun layihəsində könüllü fəaliyyətinə başladım. Və təxminən 1 illik könüllülük həyatı mənə çox böyük təcrübələr qazandırdı.

-Hazırda hansısa bir İT şirkətində və ya digər bir qurumun İT sahəsində çalışırsınızmı ?

-İndiyədək bir çox agentliklərdə çalışmışam. Hazırda heç bir şirkətdə işləmirəm, öz layihəmə hazırlaşıram, amma frelance qaydada işlərim olur. İndiyədək çox saytlar yaratmışam. Gördüyüm işlərdən onu deyə bilərəm ki, bir neçə dövlət qurumlarının saytlarını da mən yığmışam. Adlarını açıqlamaq istəmirəm (gülür).

-Sirr deyilsə, freelance-sifarişlə işləməkdən nə qədər qazanc əldə etdiyinizi deyə bilərsinizmi?

-Kişidən qazancını soruşmazlar (gülür).  Sayt qiymətləri demək olar ki standart 500 AZN-dən başlayır.

-İT sahəsindəki fəaliyyətiniz dərslərinizdə davamiyyətinizə təsir edirdimi?

-Ümumiyyətlə, işimlə dərslərim həmişə tərs mütənasib olub. Çünki dərslə işi paralel olaraq aparmaq çox çətindir. Mənə görə, işim dərslərdən daha vacib olduğu üçün dərslərə çox da maraq göstərmirəm. Çünki universitetdə qazandığım təcrübə və bilikdən daha çox iş həyatında qazanıram. Belə baxanda bizim universitetdə bizə gərək olan zəruri bilikləri, bacarıqları almaq çətin olur. Hər hansı bir geridə qalmış proqramlaşdırma dilini öyrənməkdənsə, zamanın tələbinə uyğun olan proqramlaşdırma dilini öyrənməyə üstünlük verirəm. Nümunə olaraq, Pascal proqramlaşdırma dilini deyə bilərəm ki, indiki dövrdə o dilin tələbəyə öyrədilməsinə ehtiyac yoxdur. Müəllimlərin belə bu sahə üzrə təcrübəsi azdır və universitetdə proqramlaşdırmadan dərs deməli olan müəllimin, kompüterin ilkin anlayışlarından mühazirə deməsi sadəcə gülüncdür. Zənnimcə, bu anlayışlar 4-5- ci sinif şagirdlərinə tədris olunur.

-Bu barədə öz iradlarınızı müəllimlərinizə bildirmisinizmi?

 -Bəzi müəllimlər təklif və iradları qəbul etmirlər.  Düzdür, universitet illərində dünya görüşümüz artır. Sosial mühitə düşmək, dostlar ətrafında olmaq gözəl hissdir. Dərs keçən müəllimlərin hərəsindən bir şey öyrənirsən və bu, gələcəkdə tələbənin iş həyatına başlaması üçün önəmli hesab olunan məsələlərdəndir. Hətta universitet mənə böyük həyati təcrübələr yaşatdı deyə bilərəm. Amma, yenə deyirəm, bizim fakültədə təhsil alan tələbələrə zamanın tələbinə uyğun texnologiya biliyi verilməlidir, bir sözlə, təhsilin səviyyəsi artırılmalıdır.

-Elə tələbə yoldaşlarınız varmı ki, İT sahəsindəki fəaliyyətindən ciddi uğurlar əldə edib, maşın alıb, özünə gözəl həyat qurub ?

- Bu günə kimi işlədiyim şirkətdəki işçilərin əksəriyyəti tələbələr olub. Şahidi olmuşam ki, bu tələbə işçilər  III-IV kursun sonlarından işləməyə başlayıb və bu sahədə uğur qazana biliblər. İT sahəsində çoxlu pul qazanmaq mümkündür. Elə mən özüm də kifayət qədər ciddi uğurlar əldə etmişəm.

- Özəl bir İT layihə üzərində çalışırsınızmı?

-Bəli, çalışıram. Bir müddət öncə Events.az layihəsini yaratmışıq. Bu resurs Azərbaycanda keçiriləcək bütün tədbirlər haqqında informasiya verən veb sayt kimi fəaliyyət göstərir. Events.az-ı yaradanda bu sahəyə tələbatın olduğunu nəzərə aldıq və işə başladıq. Azərbaycanda fəaliyyət göstərən bir sayt yox idi ki, bütün tədbirləri özündə birləşdirsin və insanlara əlçatımlılıq yaratsın. Konfrans, seminar, konsert, yarışma, sərgi, festival, təqdimat, konqres və s. bütün növ tədbirlərlə bağlı events.az-da məlumat  tapmaq mümkündür. Saytın imkanları böyükdür və günü gündən daha da təkmilləşdirilir.

-Ən çox istifadə etdiyiniz sosial media vasitələri hansılardır?

-Facebook-dan məlumat əldə etmək üçün aktiv şəkildə istifadə edirəm. İnstagram-da yaxın dostlarımı izləyirəm. Əslində WhatsApp-dan fərqli olaraq, bütün sosial şəbəkələrə nifrət edirəm (gülür).

-İT sahəsindəki bilik və bacarıqlarınızın digər fənlərin mənimsənilməsində sizə hansı köməyi dəyirmi ?

-Çox köməyi dəyir. Bir proqramçının beyni adi insanın beynindən daha yaxşı işləyir. Bir az sərt oldu, deyəsən (gülür). Amma reallıq budur. Proqramlaşdırma ilə məşğul olan insan elə bir insandır ki, o, həmişə qısa həllər tapmağa çalışır, alqoritmlərlə işləyir, hər hansı bir problemin həllində ən tez və ən asan çıxış yolu axtarmağa məcbur olur.

-İT sahəsi ilə əlaqəli konfranslarda, seminarlarda , təlimlərdə, yarışmalarda  iştirak edirsinizmi ?

-Bəli, mütəmadi olaraq iştirak edirəm. Hətta bəzən özüm həmin tədbirlərin təşkilatçısı oluram. Startap Azərbaycan, MilliNet müsabiqələri və digər Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən bütün tədbirlərdə  təşkilati tərəfdən iştirak edirəm.

-Ölkəmizdə xarici ölkələrin proqramçılarına proqram yazdırmaq geniş yayılıb. Sizcə, bunun səbəbi nədir?

-Tam olaraq belə düşünmürəm, amma səbəb kimi proqramçılarımızın məsuliyyətsiz olduğunu deyə bilərəm. İçi mən qarışıq, proqramçılarımız işə məsuliyyətsiz yanaşır (gülür). Bəlkə  də xaricdə freelance fəaliyyət göstərən proqramçılar daha ucuz işlədiyindən ola bilər, onlar bir proqramı 40 dollara yazırlar. Amma bizim proqramçılar bundan qat-qat yüksək məbləğlə işi yerinə yetirirlər. Amma, fikrimcə, iş görənlər sifariş verərkən üz-üzə tanıdığı insanlara daha çox etimad göstərirlər.

-İxtisasınız üzrə xaricdə magistr təhsili almağı düşünürsünüzmü?

-Xaricdə təhsil almaq istəyirəm. Amma bunu konkret məqsəd kimi qarşıma qoymamışam. Hər şeyi zamanın öhdəsinə buraxmışam.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə