“Qadın-kişi münasibətlərində virtual tanışlığa ciddi yanaşmaq lazımdır”

11-06-2015 / 11:10

“Əgər sən qarşı tərəflə görüşmüsənsə və başını aşağı salıb İnternetdə nə iləsə məşğulsansa bunu hörmətsizlik kimi qəbul edirəm”.

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı tanınmış psixoloq Rəvan Soltanovdur.

-Rəvan bəy, İnternetdən ilk dəfə nə zaman istifadə etmisiniz və hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İnternetdən ilk dəfə 18 yaşımda istifadə etmişəm, Narod.ru-da mail açmışdım. Bunu özümə uğur hesab edirdim. İkinci nailiyyətim isə o oldu ki sayt açdım. İndi isə o saytın varlığı, yoxluğu, fəaliyyəti haqqında heç nə bilmirəm. 

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz? Mailinizi gün ərzində neçə dəfə yoxlayırsınız?

-Gmail və Yahoo-dan istifadə edirəm. Bütün şəxsi hesablarımı eyni mailə bağlamışam. Mail ünvanım isə belədir: [email protected]. Hər səhər gözümü açan kimi ilk işim mailimi yoxlamaq olur. Çünki istənilən iş adamı, korporativ insanlar, şəxslər birbaşa maillə işləyir. Bir şeyi də unutmayaq ki, yaradıcı insan üçün zaman faktoru mövcud deyil. Yaradıcı insan zamanı düzgün şəkildə idarə etməlidir, amma yaradıcı insan zaman tanımır, gecə-gündüz işləyir. Ona görə də mən günün 24 saatını işləyirəm və mailimi mütəmadi olaraq yoxlayıram.

-İşdən evə gedəndə, evdə də mobil telefon, kompüterdən istifadə edirsinizmi?

-Bəli, evdə də Wi-Fi var. Gün ərzində bütün işlərimi kompüterdən istifadə edərək həll etdiyimi nəzərə alaraq evimdə texnoloji avadanlıqlardan ibarət balaca bir küncüm var. Bütün işgüzar görüşlərimi orada edirəm. Təbii ki, orada İnternet də mövcuddur.

-Spamlar alırsınızmı?

-O qədər. Hərdən texniki səhvlər olur: hər hansı bir şirkət xoş məqsədlə hansısa bir təklifini göndərir, amma spama düşür. Onlar istisna olmaqla digər spamlar məni maraqlandırmır. Həmin spama baxanda viruslar, lazımsız informasiyalar olur. Bu, sadəcə olaraq hədəfi və məqsədi bəlli olmayan insanlar tərəfindən edilən bir hərəkətdir. Fikir vermirəm təbii ki.

-Ən çox hansı sosial şəbəkələrdən istifadə edirsiniz?

-Ən çox Facebook-dan istifadə edirəm. Çünki bu sosial şəbəkədə şəxsi səhifəm var. Twitter-dən köməkçi vasitə kimi korporativ məqsədlərlə istifadə edirəm. Amma İnstagram-da yoxam, bu sosial şəbəkəyə həvəsim yoxdur.

-Facebook-un imkanlarından yetərincə faydalana bilirsinizmi?

-Təbii ki, faydalanıram. Düzünü desəm, Facebook məndə elə iş üçün mövcuddur. Çünki başqa məqsədlərlə istifadə etməyə heç vaxtım da yoxdur.

-Facebook-da qruplarda varsınızmı?

-Bəli, bir neçə qruplarda varam. Ən çox iş adamları, psixologiya, ümumiyyətlə tədris xarakterli qruplarda ünsiyyət qururam.

-Facebook-da qarşınıza xoşagəlməz informasiya çıxanda reaksiyanız necə olur?

-Maraqlı sualdır. Bir çox qruplar mövcuddur ki, cəlbedici, məsuliyyətli bir başlıq altında paylaşımlar edir, amma oxuyanda görürsən ki, nəinki heç də adına uyğun maraqlı informasiya, eyni zamanda sosial şəbəkə üçün heç də doğru məlumat deyil. Hərdən başlığa elə cəlbedici adlar qoyurlar ki, xəbəri oxuyanda görürsən ki, mövzuya aid informasiya tapmaq qeyri-mümkündür. Artıq bunlara fikir vermirəm.

-Bəs paylaşımlarda etik qaydaları gözləməyənlərə  münasibətiniz necə olur?

-Düşünürəm ki, hər şey insanın özündən asılıdır. İstər virtual, istərsə də real aləmdə söz azadlığı olsa da bu azadlıqdan sui-istifadə etmək olmaz. İnsanlar işlətdikləri sözlərə fikir verməli, etik qaydalara riayət etməlidir. Etikanın biznes və şəxsi olaraq iki növü vardır və bunlar ümumi kütlənin şəxsi maraqları üçün nəzərdə tutulmuş amillərdir. Ona görə də hər iki etikanı gözləsək daha yaxşı olar.

-İndi insanlar elə bil ki sosial şəbəkələrlə nəfəs alır. Psixoloq kimi bu vəziyyətə münasibətiniz.

-Bir şeyi unutmayaq ki, ümumiyyətlə, hər bir xidmətin  ifratı, çox istifadəsi təbii ki pisdir, yaxşı deyil. Mən ona yaxşı baxmıram, nəyə görə bilirsinizmi? Bəzən olur ki, sırf kütlənin içində olmaq üçün ictimai nəqliyyatdan istifadə edirəm. Adamların kitab oxumadığının şahidi oluram, çoxları ya Facebook-la və yaxud da hansısa bir lazımsız informasiyaların ötürülməsi ilə məşğuldur. İnsanların bu vəziyyətinə gülmürəm. Sadəcə anlayıram ki, sosial şəbəkələrdən aşırı istifadə insanlarda asılılıq yaradır. Unutmayaq ki, biz insanıq. Yəni, hər hansı bir lazımsız informasiyaların ötürülməsi zamanı insanlar aqressiv ola bilir. Gəlin sosial şəbəkələrdən asılı olmayaq, doğru şəkildə istifadə edək. Mənə görə, sosial şəbəkələr yalnız informasiyaların tez çatdırılması üçün bir metoddur.

-Hansısa bir restoranda qızla oğlan oturub və hərəsi telefonda nə iləsə məşğuldur. Bu kimi halları necə qiymətləndirirsiniz?

Təbii ki, normal hal deyil. Bu, qadın kişi münasibətləri ilə bağlı olan məsələlərə aiddir. Bu haqda insanlar məsləhət almağa gəlirlər. Təlimlərdə belə mövzulara da toxunulur. Nəzərə alsaq ki, insan cəmiyyətində yaşayırıq, bu emosional mövzu həmişə aktualdır. Düşünürəm ki, qarşılıqlı görüş zamanı texnologiyadan, sosial şəbəkələrdən çox istifadə etmək olmaz. Əgər sən qarşı tərəflə görüşmüsənsə və başını aşağı salıb İnternetdə nə iləsə məşğulsansa bunu hörmətsizlik kimi qəbul edirəm. Hər bir şeyin baryerini, normasını qoruyub saxlasaq belə çətin məsələlərlə üzləşmərik. Konkret olaraq pis baxıram, yaxşı baxmıram.

-Bir psixoloq kimi sosial şəbəkədə tanışlığı necə qiymətləndirirsiniz?

-Əvvəllər Facebook, Odnoklassnik-də tanışlığa qəribə baxırdılar və çox pis qarşılayırdılar, amma sonradan qismən də olsa normal qarşılayanlar var. Hətta mənə müraciətlər belə olunurdu ki, Facebook-da xanımla tanış olmuşam, ona bağlanmışam, bilmirəm bunu necə idarə edim, doğrumu edirəm, yoxsa yox. Hesab edirəm ki, əslində bir insanı tanımaq üçün vacib deyil ki, onu sosial şəbəkədən yaxud da real həyatdan tanıyasan. Ümumiyyətlə, indiki dövrdə cəmiyyətin iki həyatı mövcuddur. Sosial şəbəkə üzrə  və ümumi sosial həyat. Yəni biri var İnternetdən istifadə edərək dəyərləndirilən həyat, biri də var sırf İnternetsiz həyat. Bu iki amil artıq hər bir insanda var. Yəni əgər həmin insanı İnternetdən tanıdınsa sənin tam olaraq ixtiyarın və imkanların var ki, onu şəxsi həyatda da tanıyasan. Həmçinin də şəxsi həyatda tanıdınsa sənin tam olaraq imkanın və ixtiyarın var ki, onu sosial şəbəkədə tanıyasan. Hər birimiz sosial şəbəkələrdə varıq, insanlarla müxtəlif vasitələrlə tanış ola bilirik. Sosial şəbəkələrdə tanışlığı normal qiymətləndirirəm. Təbii ki, sırf qadın-kişi münasibətlərində virtual tanışlığa ciddi yanaşmaq lazımdır. Çünki bu kimi vəziyyətlərə sırf primitiv deyil, peşəkar yanaşma böyük rol oynayır. Nəzərə almalısan ki, bir insanla ömür boyu yaşayacaqsan, buna görə də onu yalnız sosial şəbəkədə deyil, real həyatda da tanımalısan.

-İndi insanlar qohum tanışlarla da real həyatda deyil, daha çox virtual ünsiyyət saxlayırlar. Bunu necə qiymətləndirirsiniz?

-Normal qarşılayıram. Əgər insanların görüşməyə vaxtı yoxdursa, hansı ki bir çoxlarımız bundan əziyyət çəkirik, vaxt problemini nəzərə alaraq bu tip imkanlardan istifadəyə pis baxmıram.

-Şəxsi hesablarınızın informasiya təhlükəsizliyini necə qoruyursunuz?

-İki dəfə şəxsi hesabımın şifrəsini sındırıblar. Bir dəfə  zarafat etmək istəyiblər, uğursuz alınıb, sonradan tanımışam həmin adamı. Bir dəfə isə mail hesabımın şifrəsini sındırıblar. İndi isə informasiya təhlükəsizliyimin qorunması üçün müəyyən tədbirlər görmüşəm.

-Şəxsi hesabınızı kiməsə etibar edə bilərsinizmi?

Xeyr, heç vaxt.

-İndi uşaqlar həyətdə oynamaq əvəzinə kompüter, telefonlarla məşğul olurlar. Psixoloq kimi bu kimi halları necə qiymətləndirirsiniz?

-Təbii ki, normal hal deyil. Yadıma gəlir, biz uşaq olanda həyətdə yığışıb elmi məsələləri müzakirələr edərdik, rüblüklərdən danışardıq, ingilis dili öyrənərdik. Amma indi fikir versəniz görərsiniz ki, orta məktəblərdən tutmuş kiçik yaşlı uşaqlara kimi hamısı bütün günü sosial şəbəkələrdə yazışırlar. Anormal məqsədlər üçün sosial şəbəkələrdən istifadə edənlər də var.  Ona görə də uşaqların İnternetdən istifadəsinə valideynləri nəzarət etməlidir. Ümumiyyətlə, uşaqdan böyüyə hamı texnologiyadan qədərində istifadə etsə daha yaxşı olar.

-Sizcə valideynlər texnologiya ilə bağlı uşaqlara hansı məhdudiyyətləri qoymalıdır?

-Maraqlı sualdır. Məsələn, yalnız axşamlar İnternetdən istifadə etməyə icazə verə bilərlər. Və yaxud da birlikdə istifadə metodunu işə salmaq olar. Nəticədə uşağın həm sosial marağını öyrənə, həm də daha çox ünsiyyətdə ola bilərlər.

-Ani məktublaşma vasitələrindən, messencerlərdən çoxmu  istifadə edirsiniz?

-Ən çox Skype-dan istifadə edirəm. Çünki işimlə bağlı xarici konfranslarım çox olur. Whatsapp-dan da istifadə edirəm, amma daha az. Çünki telefonla məşğul olmağa çox vaxtım olmur. Telefonum bütün günü köməkçimdə olur. Yalnız gecələr gələn mesajlara vaxt edib baxa bilirəm.

-Rominq xidmətindən istifadə edirsinizmi?

-Bir həftə ərzində həmin ölkədə qalacağamsa, Rominqdən istifadə edirəm. Çox qaldığım təqdirdə olduğum ölkənin mobil operatorunun xidmətindən istifadə edirəm. Hesab edirəm ki, Azərbaycanda Rominq o qədər də baha deyil.

-Neçə mobil nömrə işlədirsiniz?

-3 nömrə işlədirəm.

-Mobil operatorların fəliyyətindən razısınızmı?

-Bəli, razıyam. Yalnız spamlar, reklam mesajları narahat edir. Onları da zəng edib bağlatdırıram.

-Texnoloji vasitələr alarkən ən çox nəyə fikir verirsiniz?

Texnoloji vasitələr alarkən ən çox keyfiyyətinə fikir verirəm. Kompüter alanda yaddaşına, prosessoruna, sərt diskin həcminə,  dözümlülüyünə baxıram. Telefon mənə təkcə zəng funksiyasına görə lazım deyil, ondan həmçinin planşet kimi istifadə edirəm. Bluetooth, qulaqcıqları var. Bütün ehtiyaclarımı ödəyir.

-Özünüzü və cəmiyyəti texnologiyadan asılı hesab edirsinizmi?

-Özümü yox, amma cəmiyyətin əksəriyyətini, xüsusilə cavanları texnologiyadan asılı hesab edirəm. Ümumiyyətlə, asılılıq yaxşı əlamət deyil.

-Texnologiyadan asılılığı 10 ballıq şkala ilə ölçsək özünüzü neçənci yerdə görərsiniz?

Asılılıq yox, sadəcə ehtiyacdan irəli gələrək istifadə dərəcəsi deyərdim. Özümü 8-ci yerdə görürəm. Gün ərzində maillər, smslər, zənglər gəlir, minumum 4, maksimum 15-20  dəfə Skype bağlantım olur. Artıq məcburam ki, vaxtımı düzgün tənzimləyim. Təbii ki, bu köməkçi vasitələr olmasa, işimi çatdıra bilmərəm.

-Hər hansı bir informasiya əldə etmək üçün ən çox hansı saytlardan istifadə edirsiniz?

-Hər hansı bir elmi məlumat axtaranda Vikipediya-ya müraciət edirəm. Youtube-a baxıram, ümumilikdə isə bunların hamısı Google-da birləşir.

-Soruşmaq istədiyiniz hər hansısa bir sualı yanınızdakı şəxsə mesajla deyərsiniz, yoxsa canlı ünsiyyətlə?

-Yazışmaqla aram yoxdur, ünsiyyətdən daha çox xoşum gəlir. Çünki eyni zamanda bədən dili üzrə ekspertəm. İnsanın doğru və yalan danışdığını onun mimikasından, bədən ifadəsindən bilmək olur.

-Nahar vaxtı sizə zəng və ya mesaj gələrsə naharınızı yarımçıq saxlaya bilərsinizmi?

-Vacib zəng olduğunu görəndə üzr istəyib danışıram.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə